Məhkəmə qərarları › İş №e-2(075)-2074/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2074/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2074/2025 14.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5100 AZN əsas və 293,32 AZN faiz olmaqla, cəmi 5393,32 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 74,34 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2021-ci il tarixində 35 ay müddətinə illik 27,6 % ödəmək şərtilə 5100 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixində ərizə-anket imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi Oferta müqaviləsinin 5.9.1.8-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddia tələbini qəbul etdiyini, borcunu hal-hazırda ödəməyə maddi imkanının olmadığını, borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. İddiaçı, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, cavabdeh, xx.xx.2021-ci il tarixli ərizə anket imzalamaqla təsdiq olunmuş xx.xx.2021-ci il tarixli “Ümumi Oferta”nın şərtlərini (Leobank kart məhsulu üzrə) qəbul etməklə ona xx.xx.2022-ci il tarixində 35 ay müddətinə illik faiz dərəcəsi 27,6 % olmaqla 5100 manat məbləğində kredit verilmişdir. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə əsas və faiz borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərmişdir. İş materiallarına əlavə edilmiş 01 avqust 2025-ci il tarixinə olan maliyyə arayışından görünür ki, Cavabdeh ərizə-anket imzalamaqla təsdiq olunmuş “Ümumi Oferta” (Leobank kart məhsulu üzrə) kredit müqaviləsi üzrə "xxxx" X1 Səhmdar Cəmiyyətinə 5100 manat əsas, 293,32 manat faiz borcu mövcuddur. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 739.1, 739.2, 743.1, 746.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5100 manat əsas və 293,32 manat faiz borcu tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən 74,34 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5100 (beş min yüz) manat əsas və 293,32 (iki yüz doxsan üç manat otuz iki qəpik) manat faiz borcu olmaqla, cəmi 5393,32 (beş min üç yüz doxsan üç manat otuz iki qəpik) manat borc və 74,34 (yetmiş dörd manat otuz dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar