Məhkəmə qərarları › İş №e-2(075)-208/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-208/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-208/2024 16.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1162.10 (bir min yüz altmış iki manat, on qəpik) manat, faiz borcu üzrə 51.86 (əlli bir manat, səksən altı qəpik) manat olmaqla cəmi 1213.96 (bir min iki yüz on üç manat, doxsan altı) manat və ödənilmiş 33 (otuz üç) manatın iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması və 02 avqust 2019-cu il tarixli, 00-xx-xx- 095053 saylı krеdit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Rəşad Həsənov məhkəməyə 16 may 2024-cü il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh 60 ay müddətinə qaytarılmaq şərti illik 1% olmaqla 1162.10 (bir min bir yüz altmış iki manat on qəpik) manat məbləğində kredit verilmiş və 02 avqust 2019-cu il tarixli, 00-xx-xx-095053 saylı krеdit müqaviləsi bağlanmışdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh götürülən bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərmir. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində «Muğanbank” ASC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. (Mülki Məcəllənin 421.2-ci maddəsi) Müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı Əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və Krеdit Müqaviləsinin 4.6-cı bəndinə əsasən tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Kredit müqaviləsinin 4.7-ci bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi lazımınca icra edilmədikdə Borc alan borc verənə verilmiş kreditin gecikdirilmiş qalıq məbləği üzrə illik 0.02 % miqdarında cərimə faiz ödəyir. Kredit müqaviləsinin 4.8-ci və 4.9-cu bəndinə əsasən cavabdeh borc alan müqavilə üzrə öhdəlikləri vaxtında və ya lazımi qaydada icra etməzsə, həyata keçirilən ödənişlər ilk növbədə müqavilə ilə nəzərdə tutulmuş cərimələrin, sonra faizlərin və ən sonda kreditin əsas məbləğinin ödənilməsinə yönəlir.. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 02 avqust 2019-cu il tarixli ərizəsindən görünür ki, o 60 ay müddətinə 1162.10 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2019-cu il tarixli 00-xx-xx-095053 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə illik faiz dərəcəsi 1% olmaqla 1162.10 (bir min bir yüz altmış iki manat on qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 1162.10 (bir min bir yüz altmış iki manat on qəpik) manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan M/03-7060 nömrəli 28 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh "xxxx" ASC-yə cəmi borcu 1213.96 (bir min iki yüz on üç manat doxsan altı qəpik) manat, əsas borcu 1.162.10 (bir min bir yüz altmış iki manat on qəpik) manat, faiz borcu üzrə 51.86 (əlli bir manat səksən altı qəpik) manat təşkil edir. İş materiallarında olan M/03-6193 nömrəli 25 avqust 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən yaranmış borcun vaxtında ödənilməsi barədə rəsmi xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin Cavabdeh göndərdiyi məktubu qəbul etməkdən imtina etdiyi üçün məktub geri qaytarılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 1162.10 manat məbləğində kredit verilmişdir. 02 avqust 2019-cu il tarixli, 00-xx-xx-095053 saylı krеdit müqaviləsinə əsasən Cavabdeh müqavilə ilə üzərinə götürdükləri öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Cavabdeh bankın qarşısında ümumilikdə əsas borc 1162.10 (bir min bir yüz altmış iki manat on qəpik) manat, faiz borcu 51.86 (əlli bir manat, səksən altı qəpik) manat, cəmi 1213.96 (bir min iki yüz on üç manat, doxsan altı) manat məbləğdə ödənilməmiş pul öhdəliyi qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc 1162.10 (bir min bir yüz altmış iki manat, on qəpik) manat, faiz borcu 51.86 (əlli bir manat, səksən altı qəpik) manat, cəmi 1213.96 (bir min iki yüz on üç manat, doxsan altı) manat və ödənilmiş 33 (otuz üç) manatın iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması və 02 avqust 2019-cu il tarixli, 00-xx-xx-095053 saylı krеdit müqaviləsinin ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc 1162.10 (bir min bir yüz altmış iki manat on qəpik) manat, faiz borcu 51.86 (əlli bir manat, səksən altı qəpik) manat, cəmi 1213.96 (bir min iki yüz on üç manat, doxsan altı) manat və ödənilmiş 33 (otuz üç) manatın iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması və 02 avqust 2019-cu il tarixli, 00-xx-xx-095053 saylı krеdit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar