Məhkəmə qərarları › İş №e-2(075)-2091/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2091/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2091/2025 02.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc verdiyi 3050 manatın və dövlət büdcəsinə ödədiyi 51 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2850 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Qayabaşı kəndində fermer təsərrüfatı ilə məşğuldur. İşlədiyi müddətdə həmişə dostlarına, tanışlarına, o cümlədən fəaliyyət göstərdiyi həmin kəndin sakinlərinə imkanı daxilində köməklik göstərməyə çalışmışdır. Belə şəxslərdən biri də tanışlarının təklifi ilə köməklik əlini uzatdığı Cavabdeh və onun atası X2 olmuşlar. Belə ki, o, X1 yanacaq daşıyan “ZİL” markalı avtomobil alaraq onun istifadəsinə vermişdir. X2 xeyli müddət öz oğlu Cavabdehla birlikdə həmin avtomobildən istifadə etmişlər. Bir müddət sonra Əbülfət və Tural həmin avtomobilin qazancının az olduğunu bildirərək ona “KAMAZ” markalı yük avtomobili almağını təklif etmişlər. Həmin vaxt Turalın sürücülük vəsiqəsi olmamışdır. Buna görə də o, Turalı Mingəçevir şəhərinə aparıb orada onu sürücülük məktəbinə yazdırmış və ödənilməli olan rüsumlar daxil bu işə 100 manat pul xərcləmişdir. Tural sürücülük kursunu başa vurduqdan sonra digər sənədlərini hazırlayıb sürücülük vəsiqəsi alması üçün ondan 1000 manat borc almışdır. Bundan sonra o, KAMAZ markalı avtomobil alaraq Turala vermiş və əlavə olaraq işə başlaması məqsədilə maya kimi 550 manat Turala pul vermişdir. Tural həmin maşınla kubik gətirib sataraq pul əldə etməli idi. Tural bir müddət işlədikdən sonra onun yanına gəlmişdir ki, bəs kimlərəsə borcu var, əgər vaxtında ödəyə bilməsə evinə gələcəklər. O da, köməklik məqsədi ilə Turala əlavə olaraq 1400 manat borc vermişdir. Beləliklə Turalın ona 3050 manat borcu yaranmışdır. Əslində, öz aralarındakı danışığa görə Turalın həmin Kamazı sürərək əldə etdiyi qazancı aralarında bölməli idilər. Bir müddət işlədikdən sonra Tural ona Kürdəmirdə işləmək istədiyini bildirmişdir. O da, Turalla razılaşmış və Tural Kürdəmirdə işləməyə başlamışdır. Lakin, Tural işlədiyi müddətdə qazancdan ona çatmalı olan pulu müxtəlif bəhanələrlə verməkdən yayınmışdır. Buna görə də Turala daha reysə çıxmasına imkan verməmişdir. Çünki, Tural həmin kamaz maşınla əldə etdiyi qazancdan ən azı ona 5000 manat pul verməli idi. Halbuki, o, Turaldan nə həmin pulu, nə də ki, borc verdiyi 3050 manatı ala bilmişdir. Hətta, son danışıqlar zamanı Tural ona ödənilməli olan 3050 manatın 1500 manatını 2025-ci ilin yanvar ayında, 1550 manatı isə 2025-ci ilin fevral ayında qaytaracağını öz öhdəsinə götürmüş və bununla bağlı ona söz vermişdir. Lakin, Cavabdeh bu günədək onun borcunu qaytarmamışdır. Beləliklə hüquqları tamamilə kobud surətdə pozulmuş və Cavabdeh göstərilən pulu könüllü olaraq ona qaytarmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 51 manat dövlət rüsumu ödənilmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilən şəxs X4 izahatında bildirmişdir ki, Ələddin onun dostudur. Tural ilə eyni kənddə yaşayırlar. Ələddin ondan 800 manat alıb, Turala vermişdir. Sonra 200 manatını geri qaytarmışlar, lakin qalan 600 manatı Tural qaytarmadığı üçün Ələddin ona qaytarmışdır. Ələddin Turala pulu onun yanında verməmişdir. - Məhkəmə iclasında şahid qismində dindirlən şəxs X3 izahatında bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Cavabdeh ilə eyni kənddə yaşayırlar. Qardaşı 600 manat pulu ondan götürüb Turala vermişdir. Qardaşı Turala demişdir ki, pulu ona qaytarsın. Lakin Tural pulu qaytarmamışdır. O, bir gün kəntdə Turalı görüb pulu istəmişdir. Tural isə cavabında ona bir həftəyə pulu qaytaracağını bildirmiş, lakin pulu yenə də qaytarmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia tələbini belə əsaslandırır ki, onun tərəfindən Cavabdeh borc olaraq 3050 manat pul verilmiş, lakin həmin puldan cəmi 200 manatı geri qaytarılmışdır. Cavabdeh tərəfindən isə iddia tələbinə qarşı hər hansı münasibət bildirilməmişdir. Hazırkı işdə Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə qeyd edir ki, sübutların aidiyyəti dedikdə, sübut mənbəyində olan məlumatın məhkəmə baxışında müəyyən edilməli olan faktlarla və hallarla obyektiv əlaqəsinin olması başa düşülür. Başqa sözlə, sübutun aidliyi onun baxılan iş üzrə sübutetmə predmeti ilə bağlılığının olması deməkdir. Sübutların aid edilməsi isə məhkəmənin həyata keçirdiyi fəaliyyət olub, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasına xidmət edən sübutların qəbul edilməsinə, işə aid olmayan (sübutetmə predmeti ilə heç bir bağlılığı olmayan) sübutların kənar edilməsinə (qəbul edilməməsinə) yönəlmişdir. İddiaçı, iddia tələbinin əsaslığına dair şahidlərin ifadələrini və səs yazısını təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. İddiaçı, həmin səs yazısının məhz cavabdehə aid olmasını sübut edə bilməmiş, məhkəmə iclasında ifadə verən şahidlər isə iddiaçı ilə cavabdeh arasında borc münasibətinin olmasını eşitdiklərini bildirmişlər. Beləliklə məhkəmə, iddiaçı tərəfindən iddia tələbinin təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamasını əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçının vəzifəsi olduğu barədə mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar