Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2101/2024 06.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7968,39 manat məbləğində əsas borc, 1266,90 manat məbləğində faiz borcu, 185,86 manat məbləğində cərimə borcu, cəmi 9421,15 manat borcun və 116 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank Borcluya 60 ay müddətinə, illik 18,5% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh borc məbləği ilə razı olduğunu, ödəniş etməyə imkanı olmadığını, maddi imkanının aşağı olduğunu, qətnamə qəbul edilərkən maddi imkanının nəzərə alınmasını xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış 18 may 2022-ci il tarixli CC/21614/86/13 nömrəli kredit sazişindən görünür ki, iddiaçı cavabdehə 60 ay müddətinə, illik 18,5 % olmaqla 10000 manat məbləğində kredit verməyi cavabdeh isə müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi Banka qaytarmağı öhdələrinə götürmüşlər. Həmin sazişə əsasən tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında Müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASC-nin 26 aprel 2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə müəyyən olunur. Şərtlər bu Sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur. - İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli “Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri”nin 1.3-cü bəndinə əsasən Müştəri müqavilə üzrə ödəniş öhdəliklərinin ödəniş cədvəlinə əsasən vaxtında icra edilməməsinə görə 2 (iki) gündən sonra növbəti 88 (səksən səkkiz) gün ərzində ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1 (bir) faizi həddində, kreditin valyutasından asılı olaraq 0,50 manatdan/ABŞ dollarından/Avrodan az olmamaq şərtilə Banka cərimə ödəyir. - 18 may 2022-ci il tarixli CC/21614/86/13 nömrəli kredit sazişinə 1 saylı əlavədən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək borcunu hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. - 18 may 2022-ci il tarixli 3007 saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh 10000 manat məbləği təhvil almışdır. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı 7968,39 manat əsas, 1266,90 manat faiz və 185,86 manat məbləğində cərimə borcunun ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 7968,39 manat əsas, 1266,90 manat faiz və 185,86 manat məbləğində cərimə borcu vardır. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 116 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 18 may 2022-ci il tarixli CC/21614/86/13 nömrəli kredit sazişindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit sazişi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını, həmçinin cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində tam təmin edilməlidir. 185,86 manat cərimə məbləğinin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış 18 may 2022-ci il tarixli CC/21614/86/13 nömrəli sazişin ayrılmaz tərtib hissəsi olan İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli “Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri”nin 1.3-cü bəndinə əsasən cərimə məbləğinin tutulması barədə iddia tələbi əsaslı olsa da Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni tərəflər arasında bağlanmış sazişdə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdehin borc məbləğini, borcun yaranma tarixini, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən tələb edilən dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 100 manat məbləğində müəyyənləşdirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 7968,39 manat əsas, 1266,90 manat faiz, 100 manat cərimə, cəmi 9335,29 manat tutularaq iddiaçıya ödənilməlidr. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 113,35 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7968,39 (yeddi min doqquz yüz altmış səkkiz manat otuz doqquz qəpik) manat əsas, 1266,90 (bir min iki yüz altmış altı manat doxsan qəpik) manat faiz, 100 (yüz) manat cərimə, cəmi 9335,29 (doqquz min üç yüz otuz beş manat iyirmi doqquz qəpik) manat borc məbləği və 113,35 (bir yüz on üç otuz beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2101/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2101/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver