Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-216/2023 02.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin cavabdeh Məmmədov Bəhruz Akif oğluna qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədov Bəhruz Akif oğlundan 1231.00 manat əsas, 184.65 manat cərimə borcu və 34,56 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1450.21 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh Məmmədov Bəhruz Akif oğluna qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaya qarşı etiraz məhkəməyə daxil olmamışdır. Buna görə də məhkəmə iddia üzrə məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını və həmin işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab edir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Məmmədov Bəhruz Akif oğluna 12 ay müddətinə qaytarılmaq şərti ilə 1847.00 (bir min səkkiz yüz qırx yeddi) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı BOKT «Embafinans” Qapalı Səhmdаr Cəmiyyəti ilə Məmmədov Bəhruz Akif oğlu arasında 05 oktyabr 2021-ci il tarixli, 344-MEB-0402-21 saylı krеdit müqaviləsi bağlanmışdır. Halhazırda krеdit müqaviləsinin şərtlərinə əsasən, Məmmədov Bəhruz Akif oğlunun BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə 1231.00 AZN əsas, 184.65 AZN cərimə borcu olmaqla, ümumilikdə 1415.65 AZN borcu təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Məmmədov Bəhruz Akif oğlu götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixli, 2441/22 saylı və 2442/22 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. İddiaçı BOKT "xxxx" QSC tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını təmin etmədiyindən bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdə olan iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə cavabdeh Məmmədov Bəhruz Akif oğlu arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli, 344-MEB-0402-21 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən Məmmədov Bəhruz Akif oğluna istehlak məqsədləri üçün 12 ay müddətinə ödənilmək şərti ilə 1847 manat məbləğində kredit verilmişdir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə bilavasitə təqdim edilmiş sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən müqavilə iştirakçılardan bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh Məmmədov Bəhruz Akif oğlu kredit müqaviləsi üzrə kredit borcunun tam şəkildə iddiaçının hesabına ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdeh Məmmədov Bəhruz Akif oğlundan tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdeh Məmmədov Bəhruz Akif oğlundan 1231.00 manat əsas, 184.65 manat cərimə borcu və 34,56 manat ödənilmiş dövlət rüsumunu olmaqla, ümumilikdə 1450.21 manat borc tutularaq iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284- 5 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Məmmədov Bəhruz Akif oğlundan 1231.00 manat əsas, 184.65 manat cərimə borcu və 34,56 manat ödənilmiş dövlət rüsumunu olmaqla, ümumilikdə 1450.21 manat borc tutularaq iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev. MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 02 fevral 2023-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin cavabdeh Məmmədov Bəhruz Akif oğluna qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 09:00-da başlandı. İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədov Bəhruz Akif oğlundan 1231.00 manat əsas, 184.65 manat cərimə borcu və 34,56 manat ödənilmiş dövlət rüsumunu olmaqla, ümumilikdə 1450.21 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx"QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Məmmədov Bəhruz Akif oğluna qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh Məmmədov Bəhruz Akif oğlu tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaya qarşı etiraz məhkəməyə daxil olmamışdır. Buna görə də məhkəmə iddia üzrə məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını və həmin işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab edir. Ona görə də bu barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 09:10-da qurtardı. Hakim: Elşən Vəliyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-216/2023 02 fevral 2023-cü il İddiaçı: Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nə (Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, 73E) Cavabdeh: Məmmədov Bəhruz Akif oğluna, (Şəki rayonu, Aşağı Küngüt kəndi) Şəki Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(075)-216/2023 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Şəki Rayon Məhkəməsinin hakimi: Elşən Vəliyev.
Məhkəmə qərarları › İş №e-2(075)-216/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-216/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver