Məhkəmə qərarları › İş №e-2(075)-2191/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2191/2023

20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2191/2023 20.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin Hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 avqust 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimetin məbləğinin artırılaraq hər ay üçün 250 manat sabit pul məbləğində müəyyən edilərək həmin məbləğdə alimentin və mediasiya sessiyası ilə bağlı ödədiyi 50 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh birgə nikahdan 01 avqust 2007-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Onlar sonradan ayrılmışlar və uşağı onun himayəsində saxlanılmışdır. Həmçinin, Şəki Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2 (075)-5486/2016 nömrəli qətnaməsi ilə həmin uşağın saxlanılması üçün ona ödənilən aliment məbləği artırılaraq 90 manat məbləğində müəyyən edilmişdir. Bildirmişdir ki, bir uşağa görə 90 manat aliment məbləği indiki zamana görə çox azdır, uşağa baxmaq üçün kifayət etmir. Günü gündən uşağın tələbatları artır. Belə ki, uşağı normal qaydada yeməli, müalicə olunmalı, paltarla təmin olunmalı, təhsili və uşaqların dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Belə bir vəziyyətdə uşağa baxmaq onun üçün maddi cəhətdən çox çətindir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin artırılması tələbi ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və mediasiya prosesində 01 avqust 2023-cü il tarixdə iştirak etmişdir. Lakin, qarşı tərəflə razılaşmadığından mübahisənin mediasiya prosessində həll edilməsi mümkün olmamışdır. Göründüyü kimi cavbdehdən yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə məhkəmə aktının çıxarılmasından xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Qeyd etmişdir ki, Şəki 1 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası təyin edilmiş və xx.xx.2023-cü il tarixli arayış verilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və qanuna müvafiq qətnamə çıxarılmasını çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, iddiaçıdan ayrıldıqdan sonra ikinci dəfə ailə qurmuşdur. İkinci nikahından bir yaş altı aylıq bir övladı vardır. Bildirmişdir ki, o, iddiaçı ilə birgə nikahlarından olan uşaqlarının saxlanılması üçün 80 manat məbləğdə aliment ödəyir. Onun artıq məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Rəsmi olaraq heç yerdə işləmir. Yay sezonunda istirahət mərkəzlərində işləməklə qazanc əldə edir. Hal-hazırda işləri dayanmışdır. O, 100 – 120 manat məbləğində aliment ödəyə bilər. Bundan artıq miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Alimentin 100 – 120 manat məbləğə artırılmasına etirazı yoxdur. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(075)-5486/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh alınaraq 01 avqust 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilən alimentin miqdarının artırılaraq hər ay üçün sabit pul məbləğində 90 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 avqust 2023-cü il tarixli MŞŞ/MT018/2023-01809 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 01 avqust 2023-cü il tarixdə 11:00-13:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Hacı-X1 mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(075)-5486/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 01 avqust 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 115-ci maddəsində isə işə baxılması ilə əlaqədar məhkəmə məsrəflərinə daxil olan hallar dəqiq olaraq göstərilmişdir. Lakin həmin maddədə mediasiya prosesinə çəkilən xərclər məhkəmə xərclərinə aid edilməmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya prosesində iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənildiyi üçün onun iddiası məhkəmənin icraatına qəbul edilərək baxılmışdır. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 01 avqust 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(075)-5486/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay üçün 180 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 01 avqust 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(075)-5486/2016 saylı qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay üçün 180 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 33,20 (otuz üç manat, 20 qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar