Məhkəmə qərarları › İş №e-2(075)-2215/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2215/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2215/2023 21.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin Hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulmasına dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 7259.47 manat əsas borc, 762.06 manat faiz borcu və 111.77 manat cərimə borcu olmaqla, cəmi 8133.30 manat borcun və ödənilmiş 101.74 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 300 000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək müddət ərzində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış xx.xx.2022-ci il tarixli Əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 22% ödəmək şərtilə 9200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda Əsas və Əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. Belə ki, əsas kredit müqaviləsin 1.7-ci bəndinə əsasən “Zamin” “Borcalan”ın bu Müqavilə və onun çərçivəsində bağlanmış bütün əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “Borcverən” qarşısında “Borcalan” ilə birgə məsuliyyət daşıyır. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin xx.xx.2023-cü il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 7259.47 manat əsas, 762.06 manat faiz və 111.77 manat cərimə olmaqla, cəmi 8133.30 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Lakin, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin nümayəndəsi 24 oktyabr 2023-cü il tarixdə məhkəməyə göndərdiyi ərizəsində mülki iş üzrə hazırlıq və baxış iclaslarını iştirakları olmadan keçirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, onunla iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 22% ödəmək şərtilə 9200 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə onun yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədi ilə "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmışdır. O, iddia ərizəsində göstərilən borcunu qəbul edir. Özü müəllim işləyir. Bundan əlavə repititor müəllim kimi də fəaliyyət göstərir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alıb, icraya yönəldikdən sonra aylıq 400 manat olmaqla borcunu hissə-hissə ödəyəcəkdir. Borc məbləğlərinin ondan tutulmasını istəyir. Kredit müqaviləsi üzrə əsas borclu odur. Borcun zaminlərə yönəldilməməsini xahiş edir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək bildirdi ki, Cavabdeh1 ilə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 22% ödəmək şərtilə 9200 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədi ilə "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə onun və digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmışdır. Bildirmişdir ki, onun özünün də digər banklara borcları vardır. Onun hazırki tələbdə göstərilən borc məbləğlərini ödəməyə maddi imkanı yoxdur. Borc məbləğləri əsas borcludan tutulsun, ondan tutulmasın. O boşanmışdır, himayəsində 3 uşağı vardır. Uşaqların saxlanılması üçün aliment almır. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1585micSHEK/22 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 24 ay müddətinə illik 22%-dək olmaq şərtilə 9200 AZN məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 noyabr 2023-cü il tarixli, 1585micSHEK/22 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2022-ci il tarixli 1585micSHEK/22 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" X1 Səhmdar Cəmiyyəti qarşısında Cavabdeh1 ilə eyni məsuliyyət daşıyır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli 1585micSHEK/22 nömrəli kredit müqaviləsinə əsasən götürdüyü 9200 manat məbləğdə borcu ona hesablanmış faizlərlə birlikdə 24 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 18 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli 1585micSHEK/22 nömrəli kredit müqaviləsi üzrə "xxxx" X1 Səhmdar Cəmiyyətinə 18 sentyabr 2023-cü il tarixinə 7259,47 manat əsas, 762,06 manat faiz, 111,77 manat cərimə olmaqla, cəmi 8133,30 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 ünvanlanmış 25 avqust 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı bank tərəfindən cavabdeh Nəsifov Qabil Kərim oğluna banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində qatarması bildirilmişdir, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1585micSHEK/22 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 22%-dək olmaq şərtilə 9200 AZN məbləğində kredit verilmişdir. Həmçinin zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Nəsifov Qabil Kərim oğluna kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də "xxxx" KB ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 470, 472.1, 472.2 və 473.3-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 "xxxx" KB ASC-nin xeyrinə 7259.47 manat əsas borc, 762.06 manat faiz borcu və 111.77 manat cərimə borcu olmaqla, cəmi 8133.30 manat borc və ödənilmiş 101.74 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 "xxxx" KB ASC-nin xeyrinə 7259.47 manat əsas borc, 762.06 manat faiz borcu və 111.77 manat cərimə borcu olmaqla, cəmi 8133.30 manat borc və ödənilmiş 101.74 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar