Məhkəmə qərarları › İş №e-2(075)-2257/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2257/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2257/2025 18.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.508 (on iki min beş yüz səkkiz) manat məbləğində borcun, ödənilmiş 127.52 (yüz iyirmi yeddi manat əlli iki qəpik) dövlət rüsumunun, cəmi 12,635.52 (on iki min altı yüz otuz beş manat əlli iki qəpik) pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı təxminən on ilə yaxındır ki, sürücülük fəaliyyəti ilə məşğul olur və işilə əlaqədar olaraq hər gün Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində fəaliyyət göstərən tikinti-inşaat materiallarının satışı ilə məşğul olan mağazalardan tikinti-inşaat materiallarını maşınına yükləyərək, həmin malların sifariş verilmiş ünvanlara çatdırılması ilə məşğul olur. İşilə əlaqədar olaraq, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən tikinti-inşaat materiallarının satışı ilə məşğul olan mağazaya sifariş verilmiş inşaat materiallarını təhvil verməyə gedərkən orada satıcı işləyən Cavabdeh ilə tanış olmuş və bu minvalla onunla dostluq münasibəti yaranmışdır. 2020-ci il tarixdə növbəti dəfə Cavabdeh işlədiyi mağazaya sifariş verilmiş tikinti-inşaat materiallarını təhvil verməyə gedərkən, orada Seymurla söhbət əsnasında Seymur ona ailə vəziyyətinin cox ağır olduğunu bildirərək, gördüyü işin müqabilində satıcı kimi işlədiyi mağazada ona çox az məbləğdə əmək haqqı verildiyini, həmin əmək haqqı ilə ailəsinin ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyini bildirərək, ondan onu öz yanına köməkçisi kimi işə götürməyini xahiş etdi və o da onun halına acıdığı üçün yaranmış dostluq münasibətindən keçməyərək, kömək etmək məqsədi ilə hər ay 700 manat məbləğində əmək haqqı verməklə onu öz yanına köməkçisi kimi işə götürdü. Daha sonra Cavabdeh ondan Bakı şəhəri Sabunçu rayonu Savalan qəsəbəsində torpaq sahəsi aldığını və orada ev tikməsi üçün ona pul lazım olduğunu, lakin həmin pulu tapa bilmədiyini deyərək, bunun üçün ondan 15500 manat məbləğində borc pul istədi və bildirdi ki, Şəki rayonu, X3, Böyük Dəhnə kəndində ata yurdu olan ev var və hazırda həmin evi satışa qoyub, ev satılan kimi pulunu qaytaracaqdır. Onunla bir yerdə işlədiyi üçün, həmçinin etibarını qazandığından heç bir tərəddüd etmədən onunla Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 12 saylı Notariat Kontoruna gedərək, aralarında 29 may 2021-ci il tarixdə kredit müqaviləsi bağlayaraq, 15500 manat pulu notariusun depozit hesabı vasitəsi ilə Cavabdeh verdim və Cavabdeh 29 may 2023-cü il tarixinədək həmin məbləği notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürdü. Pulu götürdükdən sonra Seymur ona verdiyim puldan cəmi 2992 manat pulu qaytardı. Cavabdeh 2992 manat pulu qaytardıqdan sonra iş yükünun ağır olmasını bəhanə edərək, özünə başqa iş yeri axtarmağa başladı və bir müddət sonra başqa yerdə iş tapdığını bildirərək işdən çıxdı və həmin vaxtdan sonra pulu ödəməkdən imtina etdi və səbəb olaraq da onu bildirdi ki, ev satılmır verməyə də pulu yoxdur. Hazırda Cavabdeh ona 12.508 manat məbləğində borcu qalmışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərar qəbul edərkən aşağıdakı sənədlərə istinad edir: - X2 tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı arasında xx.xx.2021-ci il tarixli 3M-85 reyestr nömrəli notarial qaydada bağlanmış borc müqaviləsi bağlanmış, həmin müqavilə üzrə icra qeydi aparılmamışdır. Müqaviləyə əsasən notariusun bankda açılan depozit hesabı vasitəsi ilə xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə 15500 manat məbləğində pul borc vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə iclasında müəyyən olunmşdur ki, iddiaçı notarial müqavilə əsasında cavabdehə 15500 (on beş min beş yüz) manat pul vermiş, cavabdeh 2992 (iki min doqquz yüz doxsan iki) manat hissəsini ödəmiş, 12508 (on iki min beş yüz səkkiz) manat borcu geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 12.508 (on iki min beş yüz səkkiz) manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bu səbəbdən iddiaçı tərəfindən ödənilmiş 127.52 (yüz iyirmi yeddi manat əlli iki qəpik) manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 77, 119, 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12.508 (on iki min beş yüz səkkiz) manat məbləğində borc, ödənilmiş 127.52 (yüz iyirmi yeddi manat əlli iki qəpik) manat dövlət rüsumu, cəmi 12,635.52 (on iki min altı yüz otuz beş manat əlli iki qəpik) pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar