Məhkəmə qərarları › İş №e-2(075)-2272/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2272/2025

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2272/2025 23.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 3700 (üç min yeddi yüz) manat məbləğində pulun, həmçinin ödənilmiş 57 (əlli yeddi) manat məbləğindəki dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hazıki iş üzrə Cavabdeh qızı X6 ilə nikahlarını 2016-cı ildə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 1 övladları dünyaya gəlmişdir. 2023-cü ilin may ayında hazırki iş üzrə cavabeh olan qaynatası Cavabdeh ona müraciət edərək oğlu Aslana toy edəcəyini, ancaq maddi imkanı zəif olduğundan bunu edə bilmədiyini, bu səbəbdən də, ona borc pul verməyini xahiş etmişdir. O, isə ona özündə ümumiyyətlə pul olmadığını, ancaq kimdənsə borc alıb verə biləcəyimi bildirmiş, sonuncu isə onunla razılaşaraq onun üçün kimdənsə borca pul tapmağını istəmiş, aldığı borcu ən geci 2023-cü ilin sentyabr ayında qaytaracağını bildirmişdir. O, da onun xahişi ilə ilk olaraq atasına müraciət edərək onda pul olub-olmadığını soruşmuş, atası isə cavabında 1200 manat pul olduğunu bildirmişdir. O, Cavabdeh bu barədə məlumat verdikdə sonuncu bununla razılaşmış və 1200 manat pulu atası X1 götürərək Cavabdeh vermişdir. Daha sonra isə toy ərəfəsində Cavabdeh yenidən ona müraciət edərək toy zamanı el adətinə uyğun olaraq bəylə gəlinin ayağının altında kəsilməsi üçün qurbanlıq heyvan lazım olduğunu bildirmişdir. Həmin vaxtı onun özündə iri və ya xırdabuynuzlu heyvan olmadığı üçün yenidən atasına müraciət edərək ondan 300 manat dəyərində olan 1 baş xırdabuynuzlu heyvanı (erkək toğlunu) alıb, Cavabdeh vermişdir. Cavabdeh həmin heyvanın pulunu da, daha əvvəl aldığı borcla birlikdə 2023-cü ilin sentyabr ayında qaytaracağını bildirmişdir. İddiaçı hər-hansı ali təhsilinin və ya ali savadının olmadığını çobanlıq edərək ailəsinin dolanışığını təmin etdiyini qeyd etmişdir. Hazıki iş üzrə Cavabdeh qızı X6 ilə ailəli olarkən yaşadıqları kənddə iş yeri olmadığından o, işləmək üçün müxtəlif rayonlarda iş axtarmış, bu barədə ayrı-ayrı şəxslərdən də, xahiş etmiş ki, iş yerləri olsa ona məlumat versinlər. Bir müddət sonra keçmiş qaynatası Cavabdeh ona Bərdə rayonunun, Qasımbəyli kəndində X4 məxsus olan fermada çoban işi olduğunu, ailəsi ilə birlikdə həmin fermada işləyə biləcəyini bildirmiş, o, qaynatasının təklifi ilə razılaşaraq X4 məxsus Bərdə rayonunun, Qasımbəyli kəndində yerləşən fermada işləməyə başlamışdır. Onların razılaşmağına əsasən o, aylıq 250 manat əmək haqqı almalı imiş, bu minvalla o, 1 (bir) il 2 (iki) ay X4 məxsus fermada işləmişdir. Ancaq o, işlədiyi müddətdə İbrahim Aslanov ona hər-hansı bir ödəniş etməmiş, bu və bir neçə başqa səbəbdən onunla aralarında narazılıq yaranmışdır. Bundan sonra o, İbrahim Aslanovdan işlədiyi ayların əmək haqqını tələb etdikdə sonuncu ona çatası 2200 manat əmək haqqını Cavabdeh göndərdiyini, ona hər-hansı bir verəcəyinin olmadığını bildirmişdir. O, X2 hərəkətlərindən müvafiq olaraq Bərdə RPŞ-nə müraciət etmiş, Bərdə RPŞ-də müvafiq araşdırma aparılsa da, hər-hansı bir nəticəsi olmamışdır. Daha sonra o, göstərilən məsələ ilə bağlı Cavabdeh soruşduqda sonuncu ona həmin pulun qızına məxsus olduğunu, bu səbəbdən pulları özünün aldığını bildirmişdir. O, etiraz edərək dəfələrlə pullarını tələb etdikdə sonuncu ona pulları qaytarmayacağını, lazım gələrsə onun ailəsini dağıdacağını bildirmişdir. Yekunda dediyinə də nail olaraq, onun ailəsini dağıtmışdır, belə ki, Cavabdeh əməlləri nəticəsində onun sonuncunun qızı X6 ilə ailə münasibətləri pozulmuş və onlar ayrılmışlar. O, Cavabdeh əməlləri ilə bağlı müvafiq olaraq Şəki RPŞ-nin X14 ərizə ilə müraciət etmiş, bu xüsusatla bağlı orada müvafiq izahatlar da alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, keçmiş qaynatası olan cavabdaeh Cavabdeh onlardan öz oğlunun toyu üçün aldığı 1200 manat məbləğində borcu, həmçinin toyda kəsmək üçün aldığı heyvanın dəyəri olan 300 manat məbləğində pulu toydan sonra qaytaracağını bildirmiş, lakin hər hansı pul geri qaytarmamışdır. Onun ailəsi tərəfindən həmin heyvan cavabdehə hədiyyə olaraq verilməmişdir. İşçi kimi fermada işlədiyi dövrdə ferma sahibi onun pulunu cavabdehə göndərmiş, keçmiş qaynatasından pulunu tələb etdikdə o, öz ailəsi ilə birlikdə olduğuna, arvadı ilə bir yerdə yaşamağına baxmayaraq, cavabdeh ona pulun qızına çatmalı olduğunu demiş, pulu verməkdən imtina etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənni hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək qızının keçmiş həyat yoldaşı İddiaçı borca pul almadığını, əksinə iddiaçının ona borclu olduğunu qeyd etmişdir. Oğlunun toyunda verdikləri xırda buynuzlu heyvan quzu olmuş, çəkisi təxminən 4 kiloqram yarım olmuş, quzunun qarşılığında pul vermək istədikdə isə iddiaçı və onun ailə üzvləri quzunu ona pay olaraq verdiklərini qeyd etmişlər. Cavabdeh izahatına əlavə olaraq qızı Alagözün əri Behbudla birlikdə fermada işlədiklərini, onlar birgə ailə olaraq yaşadıqları zaman 2024-cü ildə qızına çatası olan 1200 manat məbləğində pulu kart vasitəsi ilə fermanın sahibindən aldığını, həmin pulu qızının öz ehtiyacları üçün xərclədiyini, ona görə də iddiaçıya qaytarılmamalı olduğunu etmişdir. İşin halları; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; “Cinayət barədə şifahi şikayətin qəbul edilməsi” haqqında 10 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, şikayətçi İddiaçı 2023-cü ilin sentyabr ayından 2024-cü ilin noyabr ayınadək, olan müddət ərzində Bərdə rayonu Qasımbəyli kəndində yerləşən X5 məxsus fermada çoban işləmiş, lakin hazırda İbrahimdən pulunu tələb etdikdə İbrahim onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmçinin onun əməkhaqqını verməmişdir. Ümumilikdə 4200 manat pulunun alınmasına köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli Bərdə rayon Polis Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, vətəndaş İddiaçı müraciətində göstərdikləri xüsusatlar mülkü xarakterli və etmiş olduğu müraciət barəsində mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququnun olması barədə rəsmi cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X16 Mərkəzi tərəfindən xx.xx.2026-cı il tarixli, 3-22-55/2-7/2026 nömrəli məktubda 12-18 aylıq xırda buynuzlu heyvanların diri çəkidə 1 kiloqramının satış qiymətinin təqribən 7-8 manat təşkil etdiyi qeyd edilmişdir. AZEMİS elektron məhkəmə informasiya sistemindən əldə edilmiş Şəki Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 2(075)-576/2025 saylı qətnaməsinə əsasən iddiaçı X6 ilə cavabdeh İddiaçı arasında 2 sentyabr 2016-cı il tarixdə Şəki şəhər İHB-nin Turan qəsəbə İƏD-si üzrə nümayəndəliyində bağlanmış 20 nömrəli nikahın pozulması qət edilmişdir. 01 ədəd fləş kartda təqdim edilmiş telefon danışıqlarında İddiaçı atası Ələkpər Mahmudovla ferma sahibi X8 arasında danışıq zamanı X8 1200 manat məbləğində pulu Cavabdeh göndərdiyini demişdir. Həmin fləş kartda təqdim edilmiş digər telefon danışığı zamanı cavabdehin oğlu Aslan Babayev toyu üçün aldıqları heyvanın pulunu qaytaracağını iddiaçının atası Ələkpər Mahmudova bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1-ci maddəsinə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclası zamanı cavabdehin verdiyi izahatından və iddiaçının təqdim etdiyi materiallarla cavabdehin iddiaçıdan yuxarıda qeyd edilən 1200 manat məbləğində pulu, fermada işləyən zaman 1 baş xırdabuynuzlu (erkək toğlunu) heyvanı borc olaraq aldığı lakin həmin pulun, eləcə də heyvanın dəyərinin ödənilmədiyi müəyyən olunur. Bununla yanaşı iş üzrə cavabdeh həmin heyvanın ona pay olaraq verildiyini sübut edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə tərəfindən təqdim edilmiş 01 ədəd fləş kartda olan səs yazılarından da görünür ki, cavabdehin oğlu Aslan iddiaçının atası Ələkpərə aldıqları heyvanın pulunu qaytaracağını bildirmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X16 Mərkəzi tərəfindən təqdim edilən məktubda 12-18 aylıq xırda buynuzlu heyvanların diri çəkidə 1 kiloqramının satış qiymətinin təqribən 7-8 manat təşkil etdiyi qeyd edilmişdir. Bunun üçün də məhkəmə 1 baş xırdabuynuzlu (erkək toğlunu) heyvanın qiymətini 300 manat hissəsində iddianın xırda buynuzlu heyvanın dəyərini 245 (35X7=245) manat olduğunu hesab edir. Məhkəmə iddiaçının cavabdehdən fermada işlədiyi dövrdə ona çatmalı olan 2200 manat məbləğində pul vəsaitinin alınaraq oan verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı həmin məbləğdə pulun fermanın sahibi tərəfindən cavabdehə verildiyini sübut edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən fermanın sahibi X9 şahid qismində məhkəmə iclasına dəvət edilsə də, o,məhkəməyə gəlməmişdir. Lakin cavabdehin məhkəmənin hazırlıq iclasında verdiyi izahatında fermanın sahibi tərəfindən ona 1200 manat məbləğində pulun göndərildiyini, həmin pulun qızı X3 çatmalı olduğunu qeyd etmiş, beləliklə də, ona 1200 manat məbləğində pulun verildiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, X6 ilə X7 arasında olan nikah məhkəmə qaydasında 16 iyul 2025-ci il tarixdə pozulduğundan, onlar fermada işlədikləri dövrdə əldə etməli olduqların pulun 1200 manat hissəsinin Cavabdeh verildiyi 2024-cü ildə ailə olaraq birlikdə təsərrüfat apardıqları işin mübahisəsiz halını təşkil etdiyindən, məhkəmə hesab edir ki, cavabdeh həmin pulu heç bir əsas olmadan əldə etmiş, iddiaçıya qaytarmaqdan imtina etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırır ki, həmin məbləği əldə etmək üçün hər hansı hüquqi əsası olmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh borc olaraq aldığı 1200 manat məbləğində pul vəsaiti, xırda buynuzlu heyvanın dəyəri olaraq 245 manat məbləğində pul vəsaiti, fermanın sahibindən əldə etdiyi 1200 manat məbləğində pul olmaqla, 2645 ümumilikdə və dövlət rüsumu olaraq 56 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh borc olaraq aldığı 1200 manat məbləğində pul vəsaiti, xırda buynuzlu heyvanın dəyəri olaraq 245 manat məbləğində pul vəsaiti, fermanın sahibindən əldə etdiyi 1200 manat məbləğində pul olmaqla, ümumilikdə 2645 manat məbləğində pul və dövlət rüsumu olaraq 56 manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar