Məhkəmə qərarları › İş №e-2(075)-2301/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2301/2024

27.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2301/2024 27.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 2(075)-598/2021 nömrəli, 29 mart 2021-ci il tarixli qətnaməsi ilə 06 may 2010-cu ildə anadan olmuş X12 və 12 iyun 2011-ci ildə anadan olmuş X2 üçün təyin edilmiş aliment məbləğini artıraraq hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 66/2014 nömrəli 24 yanvar 2014-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı X3 iddiası təmin edilərək onunla Cavabdeh arasında 06 may 2009-cu il tarixdə Şəki şəhər İHB-nın Baş Zəyzid kəndi üzrə nümayəndəliyində bağlanmış 25 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları 06 may 2010-cu ildə anadan olmuş X12 və 12 iyun 2011-ci ildə anadan olmuş X8 anaları (iddiaçı) X4 himayəsində saxlanılmaları, Cavabdeh hər ay hər uşaq üçün 60 manat olmaqla cəmi 120 manat sabit pul məbləğində alimentin alınaraq 06 may 2010-cu ildə anadan olmuş X12 və 12 iyun 2011-ci ildə anadan olmuş X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün iddiaçı X5 verilməsi, alimentin tutulmasının 12 mart 2013-cü il tarixdən hesablanması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)- 66/2014 nömrəli, 24 yanvar 2014-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2014-cü il tarixli 2(107)-494/2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-66/2014 nömrəli, 24 yanvar 2014-cü il tarixli qətnaməsi dəyişdirilmiş, alimentin tutulmasının əvvəli iddiaçının ərizə verdiyi vaxtdan yəni 16 sentyabr 2013-cü il tarixdən hesablanması qət edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sonradan aliment məbləğinin artırılması tələbi ilə bağlı Şəki rayon məhkəməsinə müraciət edilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(075)-598/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 06 may 2010-cu ildə anadan olmuş X12 və 12 iyun 2011-ci ildə anadan olmuş X8 yetklinlik yaşına çatanadək saxlaınılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 120 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. O, heç bir yerdə işləmir və heç bir yerdən yardım və müavinət almır. Az yaşlı uşaqların saxlanılması yükü onun üzərindədir. Təkbaşına uşaqların pal-paltarlarının, sağlamlığının və maddi təminatlarının qeydinə qalmaq heç cür mümkün deyildir. Övladları böyüdükcə tələbatları günü-gündən daha da artır. Lakin buna baxmayaraq cavabdeh uşaqlarının saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Təyin оlunmuş аliment hаzırkı şərаitdə uşaqlarının həyat şəraitinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları ilə təmin olunmasına аzlıq edir və uşaqların nоrmаl yaşayış təminаtını ödəmir. Onun maddi-iqtisadi vəziyyəti ağır olduğundan uşaqların saxlanması üçün təyin edilmiş aliment məbləğinin artırılmasına zərurət yaranmışdır. Bundan əlavə cavabdeh fərdi əməklə məşğul olur və qazanc əldə edir. Odur ki, yuxarıda qeyd edilən səbəblərdən o, 06 may 2010-cu ildə anadan olmuş X12 və 12 iyun 2011-ci ildə anadan olmuş X1 üçün təyin edilmiş aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə bildirmək istəyir ki, 12 iyun 2011-ci ildə anadan olmuş X13 İV dərəcəli skalioz xəstəlyindən əziyyət çəkir. Mütəmadi həkim müayinəsinə və müalicəsinə ehtiyacı vardır. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, övladının biri 4-cu qrup skaliozdan əziyyət çəkir. Ona görə heç yerdə işləmir. Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiasını müdafiə edir və təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, maddi imkanı ağırdır. Özü 3cu qrup əlildir. Uşaqlar ona göstərilmir. İddiaçı ona qarşı “alimentin artırılması” tələbinə dair iddianın təmin olunmamasını xahiş edir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki Rayon Rəhkəməsinin xx.xx.2021-ci il tarixli 2(075)-598/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 06 may 2010-cu ildə anadan olmuş X12 və 12 iyun 2011-ci ildə anadan olmuş X8 yetklinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 120 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Şəki Şəhər İH-nin Baş Zəyzid kəndi nümayəndəliyi tərəfindən verilmiş 03 mart 2011-ci il tarixli, AZ-İİ 633337 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X6 atası Cavabdeh, anası isə İddiaçıdır. - Şəki Şəhər İH-nin Baş Zəyzid kəndi nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2011ci il tarixli, AZ-İİ 688699 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası isə İddiaçıdır. - 28 avqust 2024-cü il tarixli, MŞŞ/MT018/2024-01463 nömrəli nömrəli X7 İştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh X7 iştirak etmişlər və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat, poçt və dəftərxana xərci olaraq 10 manat olmaqla, cəmi 60 manat İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı qərarının 8.7 və 8.13-cü bəndlərində qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğinin uşağın tələbatının çoxalmasına əsaslanmaqla tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-598/2021 saylı qətnaməsi ilə onun xeyrinə hər uşaq üçün 120 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyacının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün 235 manat, 2025-ci il üçün isə 245 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-598/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini, qeyd edilən məhkəmə qətnaməsinin qəbul edilməsindən 3 ildən çox vaxt keçməsini, ailə qanunvericiliyinə əsasən uşağı saxlamağın hər iki valideynin vəzifəsi olmasını, iddiaçının da işləməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 06 may 2010-cu ildə anadan olmuş X12 və 12 iyun 2011-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq 160 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşaqların saxlanılması ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə alimentin məbləğinin 160 manat müəyyən edilməsi zamanı cavabdehin rəsmi gəlirlərini, əlil olmasını, əkavə gəlirləri haqqında hər hansı məlumatın olmamasını da nəzərə almışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-3904/2018 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılmalı, cavabdeh X9 29 sentyabr 2008-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat aliment tutularaq iddiaçı X11 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06 may 2010-cu il təvəllüdlü X12 və 12 iyun 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 06 may 2010-cu il təvəllüdlü X12 və 12 iyun 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddian tələbi qalan hissədə təmin edilməsin. 30 (otuz) manat dövlət rüsumu cavabdeh Camalovİmran Nadir oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar