Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2356/2023 15.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladları 16 iyul 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilən 110 (bir yüz on) manat aliment məbləğinin artırılaraq hər ay 220 (iki yüz iyirmi) manata çatdırılması, mediasiya prosesi ilə bağlı ödədiyi 50 (əlli) manatın Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 14 iyun 2014-cü il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Həmin nikahdan onların 16 iyul 2016-cı il tarixdə bir oğlan övladları anadan olmuşdur. Müəyyən səbəblərə görə cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra Şəki Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(075)-555/2018 saylı qətnaməsinə əsasən 100 manat, sonradan aliment məbləği artırılaraq 18 mart 2019cu il tarixli, 2(075)-845/2019 saylı qətnaməsinə əsasən 110 manata çatdırılmışdır. Lakin bugünki bazar qiymətlərinə görə qeyd olunan məbləğ demək olar ki, sıfır dərəcəsindədir. Həmin 110 (bir yüz on) manat aliment məbləği ilə o, bir azyaşlı uşağa baxmaqda və onun bütün tələbatlarını ödəməkdə çox çətinlik çəkir. Halbuki, cavabdeh aylıq əmək haqqından başqa kənd təsərrüfatı ilə məşğul olur, kolxoz bazarlarında və səyyar şəkildə həmin məhsullarını satır və özünün dediyinə görə aylıq qazancı 2000-2500 manat (əmək haqqı xaric) civarında olur. O, təxminən 2023-cü ilin mart ayında cavabdehə alimentin artırılması ilə bağlı mediasiyaya müraciət edəcəyini söyləmiş və Cavabdeh2 onun heç yerə şikayət etməməyini bildirərək, hazırkı aliment məbləğindən başqa hər ay 150 manat əlavə köməklik göstərəcəyini bildirmişdir. Ancaq çox təəssüflər olsun ki, cavabdeh bu günə kimi bir manat da olsa əlavə ödəniş etməmişdir. Bundan sonra o, aralarında olan alimentin artırılması mübahisəsi barədə Mediasiya Şurasına müraciət etmiş, mediasiya prosesi 28 avqust 2023-cü il ltarixdə keçirilmiş, lakin cavabdeh mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. Buna görə də, aralarında olan mübahisənin mediasiya prosesində həll edilməsi mümkün olmamışdır. Ona görə də, indiki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin kifayət qədər yüksək gəlir əldə etməsini nəzərə alaraq, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay üçün 220 manata çatdırılmalı və hər ay üçün sabit pul məbləğində 220 manat aliment tutulmalıdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Kommunal Təsərrüfat İstehsalat Birliyində işləyir və rəsmi maaşı 406 manatdır, lakin faktiki olaraq 304 manat özünə çatır. O, həmçinin yenidən ailə həyatı qurmuşdur və Ağabalayev Simrandan başqa iki azyaşlı övladı var. Onlardan biri 5 aylıqdır, digərinin isə 3 yaşı var. Məhkəmə tərəfindən müəyyən edilən aliment məbləğindən başqa hər hansı köməklik göstərmir. Ödənilən alimentin məbləğinin artırılmasına gücü çatmır. Hər hansı əlavə gəlir yeri yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçı elektron qaydada müraciət ünvanlayaraq onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın tam edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 iyun 2016-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh2 arasında 14 iyun 2014-cü il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 165 nömrə ilə qeyd edilmişdir. - Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 avqust 2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 16 iyul 2016-cı il təcəllüdlü X3 atası Cavabdeh2, anası isə X4r. - Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(075)-555/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 ilə Cavabdeh2 arasında 14 iyun 2014-cü il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində bağlanmış 165 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları – 16 iyul 2016-cı il təvəllüdlü X3 anası iddiaçı X1 yanında qalması, 16 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay üçün sabit pul məbləğində 100 manat məbləğində alimentin tutularaq iddiaçı X5 verilməsi, alimentin tutulmasının əvvəlinin iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 08 yanvar 2018-ci il tarixdən hesablanması qət edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-845/2019 saylı qətnaməsindən görünür ki, 16 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay üçün sabit pul məbləğində 110 manat məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilişdir. - Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli 42 nömrəli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdən Şəki KTBİ-də Birliyin yaşıllıq şöbəsində sürücü işləyir, onun aylıq əmək haqqı 406 manatdır. - 28 avqust 2023-cü il tarixli, MŞŞ/MT018/2023-01983 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı qərarının 8.7 və 8.13-cü bəndlərində qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğinin uşağın tələbatının çoxalması və cavabdehin həm əmək haqqı almasına, həm də təsərrüfatla məşğul olmasına əsaslanmaqla tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Şəki Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun xeyrinə 110 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyacının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü ildə artırılaraq 220 manat, 2024-cü il üçün isə 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-845/2019 saylı, 19 mart 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini, qeyd edilən məhkəmə qətnaməsinin qəbul edilməsindən 4 ildən çox vaxt keçməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 16 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq 150 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə alimentin məbləğinin 150 manat müəyyən edilməsi zamanı cavabdeh yenidən ailə həyatı qurmasını, X2 başqa iki azyaşlı övladının olmasını, aylıq əmək haqqını da nəzərə almışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(075)-845/2019 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılmalı, Cavabdeh2 16 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh2 25 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(075)-845/2019 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılmalı, Cavabdeh2 16 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh2 ödənilmiş mediasiya xərcinin 25 manatı tutularaq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2356/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2356/2023
15.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver