Məhkəmə qərarları › İş №e-2(075)-2406/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2406/2023

20.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2406/2023 20.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 2(075)-442/2019 nömrəli qətnaməsi ilə 02 fevral 2010-cu il təvəllüldü X9 və 28 mart 2013-cü il təvəllüdlü X1 üçün təyin edilmiş aliment məbləğini artıraraq hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 442/2019 nömrəli 16 may 2019-cu il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, X8 ilə Cavabdeh arasında 30 sentyabr 2008-ci il tarixdə bağlanmış 347 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları – 02 fevral 2010-cu il təvəllüldü X9 və 28 mart 2013-cü il təvəllüdlü X7 anaları X3 yanında saxlanılması, 02 fevral 2010-cu il təvəllüldü X9 və 28 mart 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanədək saxlanılmaları üçün cavabeh Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla, cəmi 220 manat məbləğində aliment tutularaq X5 verilməsi və alimentin tutulmasının əvvəli 07 yanvar 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Özü heç bir yerdə işləmir və heç bir yerdən yardım və müavinət almır. Uşaqların saxlanılması yükü onun üzərindədir. Təkbaşına uşaqların pal-paltarlarının, sağlamlığının və maddi təminatlarının qeydinə qalmaq heç cür mümkün deyildir. Övladları böyüdükcə tələbatları günü-gündən daha da artır. Lakin buna baxmayaraq cavabdeh uşaqlarının saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Təyin оlunmuş аliment hаzırkı şərаitdə uşaqlarının həyat şəraitinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları ilə təmin olunmasına аzlıq edir və uşaqların nоrmаl yaşayış təminаtını ödəmir. Onun maddi-iqtisadi vəziyyəti ağır olduğundan uşaqların saxlanması üçün təyin edilmiş aliment məbləğinin artırılmasına zərurət yaranmışdır. Bundan əlavə cavabdeh fərdi əməklə məşğul olur və qazanc əldə edir. Odur ki, yuxarıda qeyd edilən səbəblərdən 02 fevral 2010-cu il təvəllüldü X9 və 28 mart 2013-cü il təvəllüdlü X2 üçün təyin edilmiş aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 2 (075)-442/2019 saylı, 16 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh arasında 30 sentyabr 2008-ci il tarixdə bağlanmış 347 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları – 02 fevral 2010-cu il təvəllüldü X9 və 28 mart 2013- cü il təvəllüdlü X7 anaları X3 yanında saxlanılması, 02 fevral 2010-cu il təvəllüldü X9 və 28 mart 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanədək saxlanılmaları üçün cavabeh Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla, cəmi 220 manat məbləğində aliment tutularaq X5 verilməsi və alimentin tutulmasının əvvəli 07 yanvar 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin suərtlərindən görünür ki, 02 fevral 2010-cu il təvəllüdlü X9 və 28 mart 2013-cü il təvəllüdlü X7 ataları Cavabdeh, anaları isə X6r. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 iyun 2019-cu il tarixli, AZ-İ 324785 seriyalı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah 18 iyun 2019-cu il tarixdə pozulmuşdur. 06 oktyabr 2023-cü il tarixli, MŞŞ/MT018/2023-02415 ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2 (075)-442/2019 saylı, 16 may 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 02 fevral 2010-cu il təvəllüdlü X9 və 28 mart 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02 fevral 2010-cu il təvəllüdlü X9 və 28 mart 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 58.40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02 fevral 2010-cu il təvəllüdlü X9 və 28 mart 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 58.40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar