Məhkəmə qərarları › İş №e-2(075)-241/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-241/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-241/2025 27.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 5584,55 manat məbləğində əsas bоrc və 642,07 manat faiz borcu оlmaqla, cəmi 6226,62 manat borcun və 82,67 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 05 sentyabr 2023 il tariхli, 600804-158036/5 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 18 % dərəcəsi ilə 7000 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 04 noyabr 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5584.55 manat məbləğində əsas bоrc və 642.07 manat faiz borcu оlmaqla, cəmi 6226.62 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 05 sentyabr 2023 il tarixli 600804-158036/5 nömrəli krеdit müqaviləsi üzrə 5584.55 manat məbləğində əsas bоrc, 642.07 manat faiz borcu, həmçinin MM-nin 445.7-ci maddəsinə müvafiq olaraq, xəbərdarlığın verildiyi tarixdən sonra isə, 15 oktyabr 2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5% məbləğində 112.47 manat faiz borcu оlmaqla, ümumilikdə 6339.09 (altı min üç yüz otuz doqquz qəpik) manat borcun, həmçinin 82.67 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək, maddi imkanının aşağı olduğunu, dördüncü övladının yenicə dünyaya gəldiyini, bütün bunların nəzərə alınmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış 05 sentyabr 2023-cü il tarixli, 600804-158036/5 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında cavabdeh X3 36 ay müddətinə, illik 18 % dərəcəsi ilə 7000 manat məbləğində krеdit vеrilmişdir. - Ödəniş cədvəlindən görünür ki, X4 götürdüyü 7000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 36 ay müddətinə qaytarmalı olmuşdur. - 05 sentyabr 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, X4 7000 AZN kredit məbləğini imza edərək götürmüşdür. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalanın banka xx.xx.2024cü il tarixinə 5584,55 manat əsas borc və 529,77 manat faiz borcu, xəbərdarlığın verildiyi tarixdən sonra isə, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədk Mərkəzi Bankın uçot faiz dərəcəsini keçməməklə faiz borcu 112.47 manat hesablanmışdır. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı 5584,55 manat əsas, 529,77 manat faiz, cəmi 6114,32 manat borcun 7 təqvim günü ərzində geri ödənilməsini xahiş etmiş, əks təqdirdə müvafiq tədbirlər görüləcəyi bildirmişdir. - xx.xx.2025-ci il tarixli **********85 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 136,63 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ...öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 05 sentyabr 2023-cü il tarixli 600804-158036/5 saylı kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı əsas, faiz və cərimə borcunun 7 gün müddətindən gec olmayaraq geri qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən cavabdehə bildirişin verildiyi tarixə faiz borcu 529.77 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən (529.77 manat) təmin edilməlidir. Məhkəmə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, təqdim edilmiş maliyyə arayışına əsasən xəbərdarlığın cavabdehə göndərildiyi xx.xx.2024-cü il tarixdən maliyyə arayışının verildiyi xx.xx.2025-ci il tarixədək faiz borcu 112.47 manat təşkil edir. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5584.55 manat əsas, 529.77 manat faiz, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 112.47 manat faiz borcu tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 82,26 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5584,55 (beş min beş yüz səksən dörd manat əlli beş qəpik) manat məbləğində əsas bоrc, 529,77 (beş yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) manat faiz borcu, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 112.47 manat faiz borcu olmaqla, ümumilikdə 6226,79 (altı min iki yüz iyirmi altı manat yetmiş doqquz qəpik) manat borc və ödənilmiş 82,26 (səksən iki manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar