Məhkəmə qərarları › İş №e-2(075)-242/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-242/2024

08.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-242/2024 08.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3322 manat əsas borcun, 332,20 manat əldən çıxmış faydanın və 688 manat faiz borcu olmaqla, cəmi 4342.20 manat borcun, 65 manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 140 manat xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, həmkəndliləri Cavabdeh1 və anası Cavabdeh2 ondan müftəlif vaxtlarda, ümumilikdə 3646 manat borc pul almışlar. Həmin borcdan qismən ödənişlər etmiş və hazırda 3322 manat borcları qalmışdır. O, cavabdehlərə verdiyi pulun çox hissəsini başqa şəxslərdən almışdır. Həmin şəxslər ondan pullarını tələb etdikdə iddiaçı onların pulunu qaytarmaq üçün Unibank KB ASC-nin Şəki Filialından 26 ay müddətinə ayda 100 manat ödəmək şərtilə 1900 manat kredit götürmüşdür. Həmin şəxslərin borcunu ödəyərək banka olan borclarını da hər ay müvafiq olaraq icra edir. Cavabdehlərin bu hərəkətlərinə görə dəfələrlə prokurorluq və polis orqanlarına müraciət edərək tədbir görülməsini xahiş etmişdir. Cavabdeh1 polis şöbəsində izahat verərkən borcu etiraf etmiş və borcu hissə-hissə qaytaracağını bildirmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, bu danışıqlar heç bir fayda verməmişdir və ona görə də tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bundan əlavə cavabdehlər ona məxsus vəsaiti qanunsuz olaraq özlərində saxladıqları üçün ona əlavə 332.20 (3322*5%=166.10*2 il=332.20 manat) manat əldə çıxmış fayda, Unibank KB ASC-dən aldığı və 26 ay ərzində ödəyəcəyi 2588 manat vəsaitdən faiz hissəsi olan 688 manat olmaqla, cəmi 1020.20 manatı da ödəməlidirlər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatlarında bildirmişdir ki, cavabdehlər ümumilikdə 3600 manat borc almışlar. Hazırda 3322 manat borcları var. Cavabdehlərə məxsus qızıllar ondadır. Həmin qızılları pulu qaytaranda onlara qaytaracaq. Bank kartlarını Muxtarın atasına geri qaytarmışdır. 332,20 manat illik 5 faizlə hesablanan məbləğdir. 688 manatı ona görə tələb edir ki, cavabdehlər pulu qaytarmadıqlarına görə, o da pulun bir hissəsini başqa şəxslərdən aldığına görə həmin şəxslərə olan borcunu qaytarmaq üçün bankdan kredit götürmüşdür. 65 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, 140 manat vəkilə ödədiyi pulun geri qaytarılmasını xahiş edir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, o, iddiaçıdan 3600 manat pul almışdır. Lakin pulun bir hissəsini geri qaytarmışdır. Geri qaytardığı pulları rəsmiləşdirməmişdir. Hazırda onun iddiaçıya 2600 manat borcu var. Həmin pulu geri qaytarmağa etiraz etmir. Həmçinin iddiaçı onlara məxsus qızılları özündə saxlayır. 332,20 manatın tutulmasını məhkəmənin mülahizəsinə buraxır, 688 manat tələbi qəbul etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, həmkəndlisi İddiaçı bir neçə il bundan öncə min manat borca pul almışdır. Lakin maddi imkanı olmadığından həmin pulu geri qaytara bilməmişdir. 2022-ci ilin əvvəllərindən Telmandan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə borca pul almışdır. Həmin pulların ümumi miqdarı isə 260 manat olmuşdur. Lakin İddiaçı verdiyi pullara görə ondan əlavə faiz tələb etmişdir. Buna görə aralarında narazılıq yaranmışdır. Cavabdeh1 aldığı pulları hissə-hissə ödəyə biləcəyini, tam şəkildə bir dəfəyə ödəmək üçün maddi imkanının olmadığını qeyd etmişdir. - xx.xx.2022-ci tarixli əl yazıdan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2022-ci il tarixdə qaytarmaq şərtilə 3400 manat pul verilmişdir. Həmin əlyazma həm iddiaçı, həm də cavabdehlər tərəfindən imzalanmışdır. - Şəki Regional Vəkil Bürosunun xx.xx.2023-cü il tarixli 216 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Vəkil ilə bağladığı xx.xx.2023-cü il tarixli, 610 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun hesabına 140 manat ödəniş etmişdir. - xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 65 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə qaytarmaq şərtilə 3600 manat məbləğində borc verilmişdir. Cavabdeh1 həmin məbləği aldığını, lakin hazırda 2600 manat borcunun qaldığını bildirir. Lakin iddiaçıya ödəniş etməsinə dair hər hansı sübut təqdim etməmişdir. Digər cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun, yəni 3322 manatın tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdən hesablanmaqla geri qaytarılmayan 3322 manat borcun illik beş faizi hesablanmaqla, xx.xx.2022-ci il tarixdən qətnamə qəbul edilən xx.xx.2024-cü il tarixə qədər 272,62 manat faiz məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 688 manat borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı həmin hissədə iddia tələbini belə əsaslandırır ki, o, cavabdehlərə verdiyi pulun bir hissəsini ayrı-ayrı şəxslərdən götürmüşdür. Həmin şəxslər ondan pulu geri tələb etdikləri üçün bankdan kredit götürmək məcburiyyətində qalmışdır. Lakin iddiaçı götürülən kreditin cavabdehlərə verilən borc məbləği ilə əlaqəsini sübut edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, MPM-in 119.1 və 121.1-ci maddələrinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 40 manatı, həmçinin hüquqi yardım üçün ödədiyi məbləğin 100 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3322 (üç min üç yüz iyirmi iki) manat əsas borc, 299,38 (iki yüz doxsan doqquz manat otuz səkkiz qəpik) manat faiz borcu, 40 (qırx) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 100 (yüz) manat hüquqi xidmət xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar