Məhkəmə qərarları › İş №e-2(075)-2420/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2420/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2420/2025 08.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 15 aprel 2024-cü il tarixli, 3M-489 reyestr nömrəli borc müqaviləsi üzrə ona ödəməli olduğu 12650 (on iki min altı yüz əlli) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 129 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,40 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 15 aprel 2024-cü il tarixli, 3M-489 reyestr nömrəli borc müqaviləsi ilə Cavabdeh ondan 12650 manat borc pul götürmüşdür. Həmin borc müqaviləsinin 2-ci bəndinə əsasən Cavabdeh xx.xx.2026 tarixinədək borc aldığı 12 650 (on iki min altı yüz əlli) manat məbləğində pulun hissə-hissə, yəni hər altı aydan bir 2530 (iki min beş yüz otuz) manat məbləğ olmaqla qaytarmaq şərti ilə notariusun depozit hesabı vasitəsilə “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin borc müqaviləsinin bağlanmasından 1 il müddət keçməsinə baxmayaraq borclu Cavabdeh tərəfindən borc müqaviləsi üzrə heç bir ödəniş edilməmişdir. O, Cavabdeh dəfələrlə pulunu tələb etsə də, müxtəlif bəhanələr gətirərək pulunu verməmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı, elektron qaydada ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, “Borc alan” xx.xx.2026-cı il tarixinədək borc aldığı 12650 manat məbləğində pulun hissə-hissə, yəni hər altı aydan bir 2530 manat məbləğ olmaqla qaytarmaq şərti ilə notariusun depozit hesabı vasitəsilə “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. - xx.xx.2025-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 130 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan mövcud borc müqaviləsindən göründüyü kimi İddiaçı 12650 manat məbləğində pul vəsaitini xx.xx.2026-cı il tarixədək hissə-hissə olmaqla qaytarmaq şərti ilə X2 vermişdir. İddiaçı tərəfindən cavabdeh X2 borc məbləği verilərək üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh X3 üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bu səbəbdən də iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən 130 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh X1 12650 (on iki min altı yüz əlli) manat pul və 130 (yüz otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar