Məhkəmə qərarları › İş №e-2(075)-2441/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2441/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2441/2023 11.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 325.50 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında 22 yanvar 2015-ci il tarixli Bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yerməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2021-ci il tarixli, e-2(075)- 1183/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək, borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində ödənilən 375 manat, xx.xx.2023-cü il tarixində ödənilən 375 manat, xx.xx.2023-cü il tarixində ödənilən 750 manat, xx.xx.2023-cü il tarixində ödənilən 375 manat, xx.xx.2023-cü il tarixində ödənilən 295.13 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 325.50 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 325.50 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki, “bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsi e-2(075)-1183/2021 saylı xx.xx.2021 tarixli qətnaməsində ondan 1832.06 manat əsas borc,188.82 manat faiz borcu,100 manat cərimə borcu olmaqla 2120.88 manat borcun,14.75 manat müqavilədə nəzərdə tutulmuş xərclərin və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat borcun ödənməsini qət etmişdir. Bundan sonra isə işə Şəki Rayon Üzrə İcra və Probasiya Şöbəsi baxmışdır. İcra şöbəsi öz növbəsində onun işlədiyi "xxxx" MMC-yə məktubla müraciət edərək borcun tutulmasını tövsiyə etmişdir. Əlavə olaraq 151.90 manat icra ödənişi tutulmasını da tövsiyə etmişdir. Bu borcların hamısı ondan tutulmuşur. Yapı kredi bankın iddia etdiyi hansısa bir şirkət borcun geri qaytarılmasında iştirak etməmişdir. Borcu Şəki rayonu üzrə İcra Şöbəsi, onun işlədiyi "xxxx" MMC şirkətinə göndərilmiş məktub əsasında maaşından silinmişdir. Yapı kredi bankın iddiada adlandırdığı şirkətin onun işi ilə bağlı heç bir əlaqəsi yoxdur. Bunu sübut edəcək sənədləri də yoxdur. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehin iddiaçıya yaranmış borcunun tutulması ilə əlaqədar iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(075)-1183/2023 saylı qətnaməsi ilə Cavabdeh 1832,06 manat əsas borc, 188,82 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 2120,88 manat borc, 14,75 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar, 4,5 manat bildirişlərin və pretenziyaların göndərilməsinə görə poçt xərcləri, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manatın tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı borc məbləğinin icrasının "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən təmin edildiyini bildirərək hazırkı iddia tələbini irəli sürmüşdür. İddiaçı iddia tələbinin hüquqi əsası kimi MPM-in 121.1-ci, MM-in 21.1 və 21.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 121.1-ci maddəsi nümayəndənin və vəkilin göstərdiyi yardıma görə xərclərin tutulması ilə bağlıdır ki, bu da işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi çıxarılan zaman xərclərin tutulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsi isə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır ki, hazırkı iddia ərizəsində cavabdeh tərəfindən iddiaçıya zərər burulması barədə hər hansı hal qeyd edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə qətnaməsinin icrası icra haqqında qanunvericiyə əsasən icra məmurları tərəfindən həyata keçirilir. İş materialarından da göründüyü kimi, icra sənədinə əsasən tutulmalı pul məbləği Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən cavabdehin çalışdığı "xxxx" MMC-dəki əmək haqqından tutularaq icra sənədinin icrasına yönəldilmişdir. “İcra haqqında” qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir... Qeyd edilən normadan da göründüyü kimi cavabdeh tərəfindən icra sənədinin icra edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə 151,90 manat məbləğində icra ödənişi də ödənilməlidir. Hazırkı iddianın irəli sürülməsi cavabdehdən bir icra sənədinin icrasına görə iki dəfə pulun tutulması anlamına gəlir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar