Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-246/2025 24.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK- 0049989-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 8293,79 (səkkiz min iki yüz doxsan üç manat 79 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 3574,62 (üç min beş yüz yetmiş dörd manat 62 qəpik) manat faiz borcu, 68,50 (altmış səkkiz manat 50 qəpik) manat cərimə borcu və 1517,77 (bir min beş yüz on yeddi manat 77 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 13454,68 (on üç min dörd yüz əlli dörd manat 68 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 131 (bir yüz otuz bir) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli, L-BK-0049989- F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “torpaq alışı” məqsədilə borcluya 24 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 8750 (səkkiz min yeddi yüz əlli) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 456,21 (dörd yüz əlli altı manat 21 qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 613,79 (altı yüz on üç manat 79 qəpik) manat olmaqla, cəmi 1.070,00 (bir min yetmiş manat 00 qəpik) manat məbləğində pul ödənilmişdir. Hal-hazırda Cavabdeh təşkilata 8.293,79 (səkkiz min iki yüz doxsan üç manat 79 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 3.574,62 (üç min beş yüz yetmiş dörd manat 62 qəpik) manat faiz borcu, 68,50 (altmış səkkiz manat 50 qəpik) manat məbləğində cərimə borcu var. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049989-F saylı Kredit Müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 1517,77 (bir min beş yüz on yeddi manat 77 qəpik) manat təşkil edir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddia tələbinin tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049989 saylı Kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 36 % olmaqla 8750 manat məbləğində kredit verilmişdir. - L-BK-0049989 saylı Kredit müqaviləsinə Əlavə № 1 ödəniş qrafikindən görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-cı il tarixədək borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixli, L-BK-0049989 saylı kredit müqaviləsi üzrə öhdəliklərin 5 iş günü ərzində yerinə yetirilməsini xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 8293.79 manat əsas, 3574.62 manat faiz, 68.5 manat cərimə və 1517.77 manat əldən çıxmış fayda borcu mövcuddur. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 131 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049989 saylı Kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit sazişi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən hesab edir ki, cavabdehdən tələb edilən cərimə məbləği borc məbləğinə mütənasib olduğundan həmin hissədə də iddia tələbi təmin edilməlidir. Məhkəmə, iddia tələbinin 1517.77 manat dəymiş zərərin (əldən çıxmış faydanın) tutulması hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçı tərəfindən iddia tələbinin bu hissəsinə dair hər hansı sübut təqdim edilməmişdir. İddiaçı, cavabdeh tərəfindən borcun qaytarılacağı halda həmin məbləğin istifadəsi nəticəsində hansı qazancı əldə edəcəyi, bu qazancın nədən ibarət olması əsaslandırılmış və bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin həmin hissəsinə dair hər hansı sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 8293,79 manat əsas, 3574,62 manat faiz, 68,50 manat cəriməborcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 125,81 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə hissəsi:
Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8293,79 (səkkiz min iki yüz doxsan üç manat yetmiş doqquz qəpik) manat əsas, 3574,62 (üç min beş yüz yetmiş dörd manat altmış iki qəpik) manat faiz, 68,50 (altmış səkkiz manat əlli qəpik) manat cərimə, cəmi 11936,91 (on bir min doqquz yüz otuz altı manat doxsan bir qəpik) manat borc məbləği və 125,81 (yüz iyirmi beş manat səksən bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kamran Musayev