Məhkəmə qərarları › İş №e-2(075)-2520/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2520/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2520/2025 16.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3686,58 (üç min altı yüz səksən altı manat əlli səkkiz qəpik) manat, faiz borcu üzrə 1445,03 (bir min dörd yüz qırx beş manat üç qəpik) manat olmaqla, cəmi 5131,61 (beş min yüz otuz bir manat altmış bir qəpik) manat məbləğində borcun və ödənilmiş 71,32 (yetmiş bir manat otuz iki qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh1 "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli, S-FK-SHE-321 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 5131,61 manat (əsas borc 3686,58 manat; faiz borcu 1445,03 manat) məbləğində borcu olmuşdur. Belə ki, "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2-xx.xx.2014- YM-26 saylı təminatlı kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26 %-lə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh2 oğlu və X2 arasında xx.xx.2014-cü il tarixli 2-xx.xx.2014-YM-26 saylı zaminlik müqavilələrii bağlanmışdır. Zaminlər Cavabdeh2 və X2 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşdülər. Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin Kredit Təşkilatı qarşısında bu müqavilənin İİİ bəndində göstərilən məbləği Kredit Təşkilatının ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və Kredit Təşkilatının filiallarında və digər banklarda hesablarında olan vəsaitin Kredit Təşkilatı tərəfindən tutulmasına icazə verir. Kredit müqaviləsinin 3.7-ci bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə kredit verən vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 0,1 % həcmində cərimə tətbiq edir. Cavabdeh iddiaçı qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş, belə ki, Cavabdeh1 hazırda olan əsas borc üzrə 3686,58 (üç min altı yüz səksən altı manat, 58 qəpik) manat, faiz borcu üzrə 1445,03 (bir min dörd yüz qırx beş manat, 03 qəpik) manat olmaqla, cəmi 5131,61 (beş min yüz otuz bir manat, 61 qəpik) manat məbləğində təşkil edir. Borcun ödənənilməsi tələbi ilə Cavabdeh1 və onun zaminlərinə dəfələrlə müraciət olunmağına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh1 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, icraatda olan "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia ərizəsi vardır və iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mətnindən göründüyü kimi "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2-xx.xx.2014-YM-26 saylı təminatlı kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% faiz 4500 manat məbləğində kredit verilmişdir. Sonradan Cavabdeh1 "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ xx.xx.2017ci il tarixli, S-FK-SHE-321 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilib. İddia ərizəsindən görünür ki, iddia tələbi üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, kredit müqaviləsi 2014-cü ildə 60 ay (5 il) müddətinə imzalanmışdır. 2017-ci ildən isə problemli borc üzrə tələb hüququ Aqrarkredit QSC-yə keçmişdir. 2014-cü ildən bu tərəfə 60 aylıq, yəni 5 illik müddət 2019-cu ildə tamam olmuşdur. 2019-cu ildən 3 il müddəti əlavə etsək iddia tələbi 2022-ci il tarixdə bitmiş olur. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia tələbinin iddia müddətinin keçməsi səbəbindən rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 20 may 2014-cü il tarixli, 2xx.xx.2014-YM-26 №-li kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 60 ay müddətinə qaytarmaq şərtilə 4500 manat məbləğində kredit verilmişdir. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2xx.xx.2014-YM-26 saylı zaminlik müqaviləsindən görünür ki, 20 may 2014-cü il tarixli, 2xx.xx.2014-YM-26 №-li kredit müqaviləsinə əsasən öhdəliklərin təminatı olaraq Cavabdeh2 zamin qismində borcalanın öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. - Aqrarkredit” QSC tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 20 may 2014-cü il tarixli, 2-xx.xx.2014-YM-26 nömrəli Təminatlı kredit müqaviləsi üzrə 3686,58 manat əsas borcu, 1445,03 manat faiz borcu, cəmi 5131,61 manat borcun ödənilməsini xahiş etmişdir. - Aqrarkredit” QSC tərəfindən Cavabdeh2 göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, 20 may 2014-cü il tarixli, 2-xx.xx.2014-YM-26 nömrəli Təminatlı kredit müqaviləsinin təminatı kimi zaminlərlə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 həmin 20 may 2014-cü il tarixli, 2-xx.xx.2014-YM-26 nömrəli Təminatlı kredit müqaviləsi üzrə "xxxx" QSC-yə 3686,58 manat əsas borcu, 1445,03 manat faiz borcu, cəmi 5131,61 manat borcları mövcuddur, həmin borcun ödənilməsi xahiş edilmişdir. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 71,35 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə əsasən Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında məhkəmə qeyd edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 20 may 2014-cü il tarixli, 2-xx.xx.2014-YM-26 №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə qaytarmaq şərtilə 4500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də Cavabdeh1 tərəfindən lazımi qaydada yerinə yetirilməmişdir. Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia ərizəsi müqavilə üzrə müddət bitdikdən sonra üç il ərzində verilməli olduğu halda, iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və Cavabdeh1 tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilməlidir. İddia tələbinin tələbdə qeyd edilən məbləğin həmçinin müştərək qaydada Cavabdeh2 tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmiş və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Yuxarıda da qeyd edildiyi kimi İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcalan aldığı krediti xx.xx.2019-cu il tarixədək qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı bank zaminə qarşı xx.xx.2020-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı bank tərəfindən zaminə qarşı hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminə aid hissədə də təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş 71,35 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar