Məhkəmə qərarları › İş №e-2(075)-2524/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2524/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2524/2025 04.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dаir iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 4522,78 (dörd min beş yüz iyirmi iki manat, 78 qəpik) manat, faiz borcu üzrə 1916,19 (bir min doqquz yüz on altı manat, 19 qəpik) manat olmaqla, cəmi 6438,97 (altı min dörd yüz otuz səkkiz manat, 97 qəpik) manat məbləğində borcun və ödənilmiş 84,39 (səksən dörd manat, 39 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh1 "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli, S-FK-SHE-316 saylı təhviltəslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 6438,97 manat (əsas borc 4522,78 manat; faiz borcu 1916,19 manat) məbləğində borcu olmuşdur. Belə ki, "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 139xx.xx.2014-YM saylı təminatlı kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26 %-lə 4980 (dörd min doqquz yüz səksən) manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli 139-xx.xx.2014-YM saylı zaminlik müqavilələrii bağlanmışdır. Zaminlər Cavabdeh2 və Cavabdeh3 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşdülər. Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin Kredit Təşkilatı qarşısında bu müqavilənin İİİ bəndində göstərilən məbləği Kredit Təşkilatının ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və Kredit Təşkilatının filiallarında və digər banklarda hesablarında olan vəsaitin Kredit Təşkilatı tərəfindən tutulmasına icazə verir. Kredit müqaviləsinin 3.7-ci bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə kredit verən vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 0,1 % həcmində cərimə tətbiq edir. Cavabdeh iddiaçı qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş, belə ki, Cavabdeh1 hazırda olan əsas borc üzrə 4522,78 (dörd min beş yüz iyirmi iki manat, 78 qəpik) manat, faiz borcu üzrə 1916,19 (bir min doqquz yüz on altı manat, 19 qəpik) manat olmaqla, cəmi 6438,97 (altı min dörd yüz otuz səkkiz manat, 97 qəpik) manat məbləğində təşkil edir. Borcun ödənənilməsi tələbi ilə Cavabdeh1, onun zaminləri Cavabdeh2 və Cavabdeh3 dəfələrlə müraciət olunmağına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sənədlərə istinad edir: - "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququnun İddiaçı QSC BOKT-a güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən verilmiş xx.xx.2017-ci il tarixli, S-FK-SHE-316 saylı təhvil-təslim aktından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ilə "xxxx" ASC-yə olan 6438,97 manat (əsas borc 4522,78 manat; faiz borcu 1916,19 manat) məbləğində borcu üzrə tələb hüququ iddiaçıya güzəşt edilmişdir. - Cavabdeh1 ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 139xx.xx.2014.YM saylı “Təminatlı kredit müqaviləsi”nə və ödəniş cədvəlinə əsasən borcluya illik 26 faiz dərəcəsi ilə xx.xx.2019-cu il tarixədək ödəmək şərtilə 4980 manat borc verilmişdir. - Zaminlik müqavilələrindən görünür ki, bu müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası: xx.xx.2014-cü il tarixli, 139-xx.xx.2014.YM saylı kredit müqaviləsidir. "xxxx" ASC və zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında ayrı-ayrılıqda müqavilə imzalanmış, təmin olunmuş müqavilənin predmeti: Borcalana veriləcək 4980 manat kreditdir. Zaminlər borclu borc tələbi üzrə öhdəliklərini tamamilə və ya hissə-hisə icra etmədikdə, öhdəliyi icra etməyi öz öhdələrinə götürmüşlər. - Kredit borcunun xx.xx.2017-ci il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borc 4522,78 manat; faiz borcu 1916,19 manat olmaqla, cəmi 6438,97 manat məbləğində borcu mövcuddur. - İddiaçı tərəfindən cavabdehlərə ünvanlanan bildirişlərdən görünür ki, iddiaçı əsas və faiz borcunun 10 təqvim günü müddətində ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 84,39 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminliyə, həmçinin zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 202-ci maddəsinə əsasən hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi qaydaları qanuna, məhkəmənin və ya digər səlahiyyətli dövlət orqanının qərarına əsasən həyata keçirilən tələbin güzəştinə də müvafiq surətdə tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarı: Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №li Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Cavabdeh1 ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 139-xx.xx.2014.YM saylı “Təminatlı kredit müqaviləsi”nə və ödəniş cədvəlinə əsasən borcluya illik 26 faiz dərəcəsi ilə xx.xx.2019-cu il tarixədək ödəmək şərtilə 4980 manat borc verilmişdir. Zaminlər Cavabdeh2 və Cavabdeh3 borcun ödənilməsinə təminat olaraq borclu borc tələbi üzrə öhdəliklərini tamamilə və ya hissə-hisə icra etmədikdə, öhdəliyi icra etməyi öz öhdələrinə götürmüşlər. Borclunun banka olan borcu 4522,78 manat; faiz borcu 1916,19 manat olmaqla, cəmi 6438,97 manat məbləğindədir. Kredit müqaviləsi 5 illik müddətə bağlanmışdır. Yəni xx.xx.2019-cu il tarixə kreditin qaytarılmasının son müddətidir. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən müqavilənin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminlərə qarşı iddia irəli sürülmədiyi üçün hazırkı iddia ərizəsi üzrə müqavilə üzrə tələb edilən borclar zaminlərdən tutulmamalı, zaminlərə qarşı zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və iş üzrə tədqiq edilən sübutlara qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh1 aid hissədə təmin edilməli, ondan əsas borc üzrə 4522,78 (dörd min beş yüz iyirmi iki manat, 78 qəpik) manat, faiz borcu üzrə 1916,19 (bir min doqquz yüz on altı manat, 19 qəpik) manat olmaqla, cəmi 6438,97 (altı min dörd yüz otuz səkkiz manat, 97 qəpik) manat məbləğində borc və ödənilmiş 84,39 (səksən dörd manat, 39 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Сavabdeh Cavabdeh1 əsas borc üzrə 4522,78 (dörd min beş yüz iyirmi iki manat, yetmiş səkkiz qəpik) manat, faiz borcu üzrə 1916,19 (bir min doqquz yüz on altı manat, on doqquz qəpik) manat olmaqla, cəmi 6438,97 (altı min dörd yüz otuz səkkiz manat, doxsan yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 84,39 (səksən dörd manat, otuz doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi zaminlərə aid olan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar