Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2572/2024 12.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyv İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bir baş xötəyin dəyəri olan 1000 (bir min) manat məbləğində pulun, itmiş heyvanın axtarışı üçün sərf etdiyi nəqliyyat xərci və digər xərclər olaraq 300 (üç yüz) manat məbləğində pulun və ödənilmiş 34 (otuz dörd) manat məbləğindəki dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o uzun müddətdir iri buynuzlu heyvanların otarılması ilə məşğul olur. Cavabdeh məxsus olan 1 baş camış və 1 baş xötək onun sürüsüə qatılmışdır. Onun sürüyə qatdığı xötəyi və camışı ipə-sapa yatmırdı. Yəni onu naxırda saxlamaq olmurdu. Dəfələrlə sahibinə bildirsə də və gəlib mallarını aparılmasını tələb etsə də müxtəlif bəhanələrlə gələcəyini demişdir. Hətta birdəfə naxırdan qaçarkən onun özünə məxsus olan bir baş təmiz əti 110-120 kq, dəyəri təxminən 1000 manat olan xötəyidə özü ilə aparmışdır. Nəticədə uzun müddət həmin xötəyi axtarsa da tapa bilmədi. Cavabdehin malları əksər hallarda qaçanda evə gedirdi. Cavabdehdə gətirib onun xəbəri olmadan yenədə sürüyə qatırdı. Sonuncu dəfə cavabdeh camışın gəlmədiyini bildirmişdir. Sürüdə onun camışı ilə birlikdə ona məxsus olan xötək də yox idi. Uzun müddət şəxsi maşını ilə dağ dərələri axtarsa da həmin malları tapa bilməmişdir. Nəticədə Cavabdeh məhkəməyə müraciət edərək 1 baş camış heyvanının dəyəri olan 1300 manat pulun, həmin heyvanın baxılması üçün əvvəlcədən ödədiyi 150 manat pulu və dövlət rüsumu olaraq 35 manat pulun ondan tutularaq ona ödənilməsi barədə qərar çıxarımasını xahiş etmişdir. İddia tələblərinə Şəki rayon məhkəməsində baxılaraq xx.xx.2024-cü il tarixli, 2(075)-395/2024 saylı qətnamə ilə iddia tələbi təmin edilərək ondan 1 baş camış heyvanının dəyəri olan 1300 manat pulun, həmin heyvanın baxılması üçün əvvəlcədən ödədiyi 150 manat pulu və dövlət rüsumu olaraq 35 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən tərəfindən apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət etmiş, müraciətinə baxılaraq Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-1085/2024 nömrəli qərarı ilə şikayəti qismən təmin edilmiş və ondan 1 baş camış heyvanın pulu olaraq 800 manat pulun tutulması qət edilmişdir. Yuxarıda qeyd edilən məhkəmə qərarı ilə razılaşmasa da ondan şikayət verilə bilmir. Cavabdehə məxsus bir baş camışın və bir baş xötəyin onun sürüsünə sonradan qatılıbqatılmadığı məlum deyil. Cavabdehin əsasən camışı naxırdan hər dəfə qaçırdı. Qaçarkən ona qoşularaq erkək xötəklərdə sürüdən ayrılaraq onun arxasınca gedirdi. O dəfələrlə xəbərdarlıq etmişdir ki, onun mallarına cavabdehlik daşımır, gəlib aparsın. Aparmadığı üçün, biganə yanaşdığı üçün onun xötəyinində itməsinə səbəb olmuşdur. Bundan başqa əvvəldə onun mallarına qoşularaq onun sürüsündə olan başqasına məxsus xötək geri qayıtmamış və dərədə canavarlar dağıtmışdır. Həmin xötəyin sahibinə də pulu o ödəmişdir. Bütün bu problemlərin səbəbkarı cavabdehin sürüsündə olan malları idi. Cavabdeh onun tələbinə riayət edərək öz malını zamanında geri götürsəydi onun xötəyi və başqasına məxsus xötək itməyəcəkdir. Buna görə də onun xötəyinin itməsinin əsas səbəkarı cavabdehdir. Onun öz malını zamanında sürüsündən ayırmamasının nəticəsi olmuşdur. Buna görə də ona dəymiş ziyanı ödəməyə borcludur. Necə ki, məhkəmə onun itmiş heyvanına görə onu təqsirkar hesab edir, onun itmiş heyvanına görə də cavabdehi təqsirkar hesab etməlidir. Xötəyinin dəyəri təxminən 1000 manat və daha baha olardı. Onun axtarışı üçün bir həftədən çox vaxt sərf etmişdir. Hər dəfə maşınına 30-40 manat benzin töküb dağ-dərəni axtarmağa getmişdir. Nəticədə əlavə olaraq onun 300 manatdan çox axtarış üçün xərci də çıxmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri; İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları; Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh bir baş camış və bir baş xötəyi otarmaq üçün ona vermişdir. Tərəflər arasında olan razılığa əsasən bir heyvanın otarılması üçün bir aylıq ödəniş 30 manat müəyyən edilmişdir. Cavabdehin mallarının ucbatından ona məxsus heyvanlar dəfələrlə itmişdir. Heyvanları axtarmaq üçün xərc sərf etmişdir. Bütün bunları nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş X1 ifadə verərək bildirdi ki, iddiaçı ilə günü 20 manat müqabilində heyvanları axtarmağa getmişdir. Həmin heyvanların kimə məxsus olduğunu bilməyib. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəki Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli 2(075)-395/2024 nömrəli qətnamədən görünür ki, Cavabdeh İddiaçı 1 baş heyvanın dəyəri olan 1300 (bir min üç yüz) manat, həmin heyvana baxmaq üçün ödənilmiş 150 (bir yüz əlli) manat və 35 (otuz beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli 2(107)- 1085/2024 nömrəli qətnamədən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2(075)-395/2024 nömrəli qətnaməsi ləğv edilməsi, 1 baş camış heyvanının dəyəri olan 800 manat, həmin heyvana baxmaq üçün əvvəlcədən ödənilmiş 30 manat və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsaən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının; 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmənin mövqeyi; Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərlə, iddiaçının izahatı ilə müəyyən olunur ki, Cavabdeh bir baş camış və bir baş xötəyi otarmaq üçün 2023-cü ilin may ayında İddiaçı vermişdir. Tərəflər arasında olan razılığa əsasən bir heyvan üçün bir aylıq ödəniş 30 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya heyvanların otarılması üçün ümumilikdə ödəniş edilmişdir. İddiaçı bildirir ki, dəfələrlə cavabdehə məxsus bir baş camış və bir baş xötəyə baxmağın mümkün olmadığını bildirməsinə baxmayaraq o, heyvanı gəlib götürməmiş, nəticədə ona maddi ziyan vurmuşdur . Məhkəmə iclasında dindirilmiş iddiaçının izahatından görünür ki, tərəflər arasında yaranmış şifahi tapşırıq müqaviləsinə əsasən iribuynuzlu heyvanların müəyyən pul müqabilində otarılması iş üzrə iddiaçıya həvalə edilmişdir. İddiaçı ona məxsus heyvanların cavabdehin iribuynuzlu heyvanlarının təqsiri ucbatından itməsini iddia etsə də, iş materiallarına ona məxsus heyvanların hansı şəraitdə və hansı səbəbdən itməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir tələb üzrə iddiaçının üzərinə düşür. İddiaçı ona məxsus heyvanların tələf olmasında Cavabdeh səbəbkar olmasını göstərsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh bir baş xötəyin dəyəri olan 1000 (bir min) manat məbləğində pulun, itmiş heyvanın axtarışı üçün sərf etdiyi nəqliyyat xərci və digər xərclər olaraq 300 (üç yüz) manat məbləğində pulun və ödənilmiş 34 (otuz dörd) manat məbləğindəki dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh bir baş xötəyin dəyəri olan 1000 (bir min) manat məbləğində pulun, itmiş heyvanın axtarışı üçün sərf etdiyi nəqliyyat xərci və digər xərclər olaraq 300 (üç yüz) manat məbləğində pulun və ödənilmiş 34 (otuz dörd) manat məbləğindəki dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-2572/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2572/2024
12.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver