Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2625/2024 12.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimetin məbləğinin artırılaraq hər ay üçün 250 manat sabit pul məbləğində müəyyən edilərək həmin məbləğdə alimentin və mediasiya sessiyası ilə bağlı ödədiyi 50 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh birgə nikahdan 30 sentyabr 2013-cü il təvəllüdlü X4 adlı uşağı anadan olmuşdur. Onlar sonradan ayrılmış və uşaq onun himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2 (075)-816/2018 nömrəli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş və uşaq onun himayəsində saxlanılmış, həmçinin, Cavabdeh tərəfindən ona uşağının saxlanılması üçün hər ay üçün 130 manat alimentin ödənilməsi qərara alınmışdır. Bir uşağa görə təyin edilmiş aliment məbləği indiki zamana görə çox azdır, uşağa baxmaq üçün kifayət etmir. Günü gündən uşağın tələbatları artır. Belə ki, uşağı normal qaydada yeməli, müalicə olunmalı, paltarla təmin olunmalı, təhsili və uşaqların dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Hər il əvvəlki illərə nisbətən hər şeyin qiyməti, ümumiyyətlə yaşayış paketi artmışdır. Belə bir vəziyyətdə uşağa baxmaq onun üçün maddi cəhətdən çox çətindir. Həmçinin, uşaq böyüdükcə onun tələbatları da artmaqda davam edir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin artırılması tələbi ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və mediasiya prosesində iştirak etmişdir. Lakin, mübahisənin mediasiya prosesində həll edilməsi mümkün olmamışdır. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı elektron qaydada müraciət ünvanlayaraq onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın tam edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, maddi imkanı ağırdır. Özü 3cu qrup əlildir. Uşaqlar ona göstərilmir. İddiaçı ona qarşı “alimentin artırılması” tələbinə dair iddianın təmin olunmamasını xahiş edir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki Rayon Rəhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(075)-816/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 30 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh hər ay sabit pul məbləğində 130 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. - 23 oktyabr 2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 30 sentyabr 2013-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır.qızının atası Cavabdeh, anası isə İddiaçıdır. - 14 oktyabr 2024-cü il tarixli, MŞŞ/MT018/2024-01685 nömrəli nömrəli X1 İştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh X1 iştirak etmişlər və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı qərarının 8.7 və 8.13-cü bəndlərində qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğinin uşağın tələbatının çoxalmasına əsaslanmaqla tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Şəki Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2 (075)-816/2018 nömrəli qətnaməsi ilə onun xeyrinə hər uşaq üçün 130 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyacının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün 235 manat, 2025-ci il üçün isə 246 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(075)-816/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini, qeyd edilən məhkəmə qətnaməsinin qəbul edilməsindən 6 ildən çox vaxt keçməsini, ailə qanunvericiliyinə əsasən uşağı saxlamağın hər iki valideynin vəzifəsi olmasını, iddiaçının da işləməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 30 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq 180 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşaqların saxlanılması ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-3904/2018 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılmalı, Cavabdeh 30 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-3904/2018 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılmalı, Cavabdeh 30 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddian tələbi qalan hissədə təmin edilməsin. 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2625/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2625/2024
12.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver