Məhkəmə qərarları › İş №e-2(075)-2627/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2627/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2627/2025 17.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “vərəsə tərəfindən borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar, izahat və etiraz: İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, BAL1078113/13 saylı müqaviləyə əsasən 695.55 manat əsas 86.95 manat faiz 32.9 manat cərimə cəmi 815.4 manat və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandılır ki, Ağabalayev Niymət Ələkbər oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL1078113/13 saylı müqaviləyə əsasən 700 manat, məbləğlərində kredit verilmişdir. Hazırda mərhum Ağabalayev Niymət Ələkbər oğlu ilə 815.4 manat banka borcu vardır. Ağabalayev Niymət Ələkbər oğlu -xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Şəki regional “Asan Xidmət” notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdehlər Ağabalayev Niymət Ələkbər oğlu vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq müddət keçdikdən sonra iddia qaldırdığını bildirmiş və iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərar qəbul edərkən aşağıdakı sənədlərə istinad edir: xx.xx.2013-cü il tarixdə borclu Ağabalayev Niymət Ələkbər oğlu kredit borcu almaq üçün imza nümunələrini, ərizə-anketi vermişdir. İddiaçı ASC ilə Ağabalayev Niymət Ələkbər oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL1078113/13 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona xx.xx.2016-cı il tarixədək ödənilmək şərti ilə 700 manat məbləğində kredit verilmişdir. Borclu öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsinə əsasən borclunun Banka 695.55 manat əsas 86.95 manat faiz 32.9 manat cərimə cəmi 815.4 manat məbləğində borcu vardır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci ildə vəfat etmiş mərhum Ağabalayev Niymət Ələkbər oğlunun vərəsəsi Cavabdeh mərhuma məxsus qonorardan irs almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki: “....Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır....”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki: “....Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Avropa İnsan Hüquqları Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, AR MM-nin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Həmin Plenum qərarında göstərilir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.

Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, cavabdehin ərizəsini nəzərdən keçirib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən qeyd edir ki, Cavabdeh hazırkı mübahisəyə iddia müddətini tətbiq edərək rədd edilməsini xahiş etmişdir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Bank və borclu (cavabdehin mərhum atası) arasında olan xx.xx.2013-cü il tarixli, BAL1078113/13 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixədək icra olunmaq şərtilə bağlanılmış, kredit müqaviləsinin son icra müddəti xx.xx.2016-cı il tarix olduğu halda iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəmədə iddia qaldırılmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə, hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxılmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi tətbiq edilməklə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilməlidir.

Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar