Məhkəmə qərarları › İş №e-2(075)-273/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-273/2025

12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-273/2025 12.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumi qaydada 4560 (dörd min beş yüz altmış) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli şifahi müqaviləyə əsasən “HYUNDAİ SANTAFE” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən ona verilmişdir və bunun qarşılığında 18 ay müddətinə aylıq 1140 AZN məbləğində pulu "xxxx" MMC-yə onun tərəfindən pul ödəniləcəkdi. Eyni zamanda o, öz şəxsi avtomobilini ona təhvil verərək razılığa gəlmişdir. Daha sonra ona məlum olmuşdur ki, avtomobilin 18 ayı yox, ödəniləcək 22 ayı var. Bundan sonra Cavabdeh müraciət edərək bildirmişdir ki, axı 4 ay əlavə olunub. O da qarşılığında bildirmişdir ki, qalan 4 ayı o, ödəyəcək. Beləliklə, son 4 ayın ödənişi üçün o, Cavabdeh dəfələrlə müraciət etsə də müraciətinə münasibət bildirilməmişdir. Artıq çarəsiz qalaraq həmin 4 ayı da özü ödəmişdir. Daha sonra o, Cavabdeh ona verməli olduğu 4560 manat məbləğində pul vəsaitinin qaytarılmasını xahiş etsə də hər dəfə müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. O da məcburiyyət qarşısında qalaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh onun pulunu saxlamaqla və borcunu qaytarmamaqla ona maddi zərər vurmuşdur. Cavabdeh qeyd olunan məbləği, yəni 4560 manatı əsassız yerə saxlamaqla, həmin puldan gəlir əldə etmiş, ona maddi zərər vurmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, X2 onun sürücüsüdür. İddiaçı onun sürücüsü ilə maşınlarını dəyişmişdir. O, sadəcə olaraq arada vasitəçilik eləmişdir. İddiaçının qeyd elədiyi həmin o iki ay fərq isə yerində ödənilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 393 nömrəli arayışından görünür ki, X2 ilə "xxxx" MMC arasında xx.xx.2022 tarixində bağlanmış “3579” nömrəli müqaviləyə əsasən 99PK892 dövlət qeydiyyat nişanlı “Hyundai Santafe” markalı avtomobilin ödənişi tam ödənilmişdir və bununla bağlı müqaviləyə "xxxx" MMC tərəfindən xitam verilir. Avtomobilin müştərinin adına rəsmiləşdirilməsinə heç bir etiraz etmirlər. - xx.xx.2024-cü il tarixli, ******* nömrəli kassa mədaxil orderindən görünür ki, 99PK892 qeydiyyat nömrəli avtomobil üçün, müqavilə nömrəsi 3579 olan, 4543 manat aylıq ödəniş X2 adına ödənilmişdir. - xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı 4 aylıq ödəniş olan 4560 manat pulun cavabdeh tərəfindən ona ödənilməsini xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 66 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddiaçı, iddia ərizəsində Cavabdeh ilə bağlanmış şifahi müqaviləyə əsasən əldə edilmiş razılaşma ilə bağlı cavabdehin ona 4560 manat pul ödəməli olduğunu qeyd edir. Lakin, iş materiallarından, həmçinin cavabdehin izahatından da göründüyü kimi, iddiaçı X1 istifadəsində olmuş avtomobili əldə etmək üçün "xxxx" MMC-yə ödənişlər həyata keçirmişdir. Göründüyü kimi iddia tələbi buna cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh iddia ərizəsində irəli sürülmüş tələb üzrə cavabdeh (borclu) hesab edilmədiyinə görə həmin iddia tələbi rədd edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qeyd elədiyi kimi, əgər cavabdeh göstərilən məbləği ödəməyi öhdəsinə götürmüş olsa belə bu hal məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, Cavabdeh isə bu halı inkar etmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Nəticə hissəsi:

Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar