Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-279/2024 28.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın” ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı ona vurduğu 8000 manat maddi və 2000 manat mənəvi zərərin, 120 manat dövlət rüsumunun tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh özünə məxsus “Kamaz 55111” markalı, **-CA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nəqliyyat hadisəsi tötrətmişdir. Hadisə zamanı ona məxsus “Mercedes Benz E 220” markalı, **-CX-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq onun maşınını aşırmışdır. Həmin zaman maşını əri Ramin Əsgərov idarə etmiş və maşında azyaşlı qızı da olmuşdur. Bu zaman onlar xəsarət alsalar da cavabdeh onlardan şikayətçi olmamalarını xahiş edərək dəyən bütün zərəri ödəyəcəyini bildirmişdir. Ona görə də əraziyə gələn YPX əməkdaşlarına şikayətləri olmadığını bildirmişlər. Ona məxsus nəqliyyat vasitəsinə isə xeyli miqdarda ziyan dəymişdir. Lakin bütün bunlarla baxmayaraq cavabdeh onun ailə əmlakı ilə yanaşı ailə üzvlərinə yetirdiyi xəsarətə görə bir dəfə də olsun maraqlanmamış, hətta bir dəfə belə zəng edib soruşmamışdır. Beləliklə avtomobilə lazım olan ehtiyat hissələri təmir xərci ilə birlikdə 8310 (səkkiz min üç yüz on) manat olduğu müəyyən edilmişdir. Sığorta şirkəti tərəfindən dəymiş zərərin 4500 manatı ödənilmişdir. Hazırda cavabdehin vurduğu maddi zərər 3810 manat, mənəvi zərər isə 2000 manatdır. Bundan əlavə ona məxsus nəqliyyat vasitəsinin qəzadan əvvəl real bazar dəyəri 25000-26000 manat olduğu halda, hazırda ona 17000-18000 manat təklif edilir. Bu isə o deməkdir ki, cavabdeh ona ümumilikdə 8000 manat maddi, 2000 manat mənəvi zərər vurmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları; Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 izahatında bildirdi ki, iddianı müdafiə edir. Cavabdeh ona məxsus olan “Kamaz 55111” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərdən məhkəməyə qədər dövr ərzində heç bir ödəniş etməmişdir. Hadisə baş verən zaman azyaşlı qızı da həmin avtomobildə olmuş və xəsarət almışdır. Lakkin cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsin deyə qızının aldığı xəsarətini gizlətmişdir. Bundan sonra cavabdeh onların vəziyyəti ilə ümumiyyətlə maraqlanmamışdır. Buna görə də hadisə baş verdikdən 4 ay sonra məhkəməyə müraciət etmişdir. Sığorta hadisəsi kimi ona sığorta şirkəti tərəfindən 5000 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli, 9/4757 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyil. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli, 9/4757 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir İşin halları; Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəki Şəhər Rayon Polis X6 Polisi bölməsinin TP ******* nömrəli, 14 sentyabr 2023cü il tarixli protokoldan görünür ki, “Kamaz 55111” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xəta (xətalar) törətdiyinə görə, 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 25 sentyabr 2023-cü il tarixli, 40 nömrəli akta əsasən “Mercedes Benz E 220” markalı **-CX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyan 8310 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2024-cü il tarixli, 9/2365-8/906 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 40 nömrəli qüsur aktı məlumatlarına əsasən 2006-cı il buraxılışlı, mühərrik həcmi 2149 sm3, "Mercedes Benz E220" markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5940 manat müəyyən edilir. AD N seriyalı, 554430 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1992-ci ildə istehsal olunmuş “Kamaz 55111” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. BA seriyalı, 129580 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2006-cı ildə istehsal olunmuş “Mercedes Benz E 220” markalı **- CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdır. 23 aprel 2022-ci il tarixli, ƏN-VİN 071432 seriya nömrəli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, etibar edən İddiaçı buraxılış ili 2006cı il olan “Mercedes Benz E 220” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili X3 etibarnamə ilə vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının; 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmənin mövqeyi; Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixində Cavabdeh idarə etdiyi “Kamaz 55111” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, İddiaçı məxsus “Mercedes Benz E 220” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və nəticədə İddiaçı məxsus “Mercedes Benz E 220” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Cavabdeh dəymiş ziyanı ödəmədiyi üçün hazırki iddia tələbi ilə iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsinin izahatından da aydın olduğu kimi, İddiaçı ona məxsus olan “Mercedes Benz E 220” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərdən məhkəməyə qədər sığorta hadisəsi kimi sığorta tərəfindən 5000 manat məbləğində ödəniş edilmişdir. Lakin cavabdeh tərəfindən bundan başqa məhkəməyə qədər olan dövr ərzində heç bir ödəniş edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbinin hüquqi əsasını mülki hüquq pozuntusu təşkil etdiyindən bununla bağlı mülki qanunvericiliyin maddi hüquq normaları tətbiq olunmaqla mübahisə həll olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı delikt-mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçının cavabdehə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilmir. Lakin iddianın vurulmuş maddi zərərlə bağlı hissəsi ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı onun avtomobilinə dəymiş maddi zərərlə bağlı 8000 (səkkiz min) manat manat məbləğ tələb etməsinə və "xxxx" ASC tərəfindən verilmiş 25 sentyabr 2023cü il tarixli, 40 nömrəli akta əsasən buraxılış ili 2006-cı il olan, ban nömrəsi WDB2110981B064885 olan, “Mercedes Benz E 220” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8310 manat zərər dəyməsi qeyd olunmasına baxmayaraq, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza zamanı iddiaçının avtomobilinə dəyən ziyan məbləği 5940 manat müəyyən edilmişdir. Sığorta hadisəsi kimi ona sığorta şirkəti tərəfindən 5000 manat ödəniş edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanla bağlı heç bir ödəniş edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vurulan ziyanın məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2024-cü il tarixli, 9/2365-8/906 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində müəyyən olunan həddə qiymətləndirilməli və ekspert rəyində müəyyən olunan həddə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat pul tələb etsə də məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab etmir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçının hüquqlarının pozulması nəticəsində müəyyən mənəvi sarsıntıya məruz qalması məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın təmin edilməsi üçün hər hansı əsas yoxdur. Beləliklə, məhkəmə araşdırmasının nəticəsi olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının vahid kontekstdə mənəvi ziyanın vurulması həm mənəvi sarsıntı keçirməsi, həmdə ki, mənəvi iztirablara məruz qalması sübuta yetirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, hər bir mənəvi stressin, emosional gərginliyin keçirilməsi nəticə etibarı ilə şəxsin daha dərin psixoloji məhrumiyyətlərinə səbəb olan mənəvi iztirablarla nəticələnmədikdə, onun mənəvi zərərlə üzləşməsindən söhbət gedə bilməz. Başqa bir sözlə, şəxsin hər bir emosional stressin və gərginliyin keçirməsi onun mənəvi zərərə məruz qaldığına dəlalət etmir. Mənəvi zərərin vurulması şəxsiyyətin mənəvi komponentinə elə bir ağır və bir cox hallarda bərpaedilməz ziyanın vurulmasını nəzərədə tutur ki, bu halda şəxs nəinki emosional gərginlik halını keçirir və bu halda qalmaqda davam edir, eyni zamanda bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab çəkməsi halları müşahidə edilir. Məhkəmə nəzərə alır ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini (azyaşlı qızının və onun xəsarət almasını, bunun nəticəsində onun maddi ziyana məruz qalmasını, sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini), bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 940 (doqquz yüz qırx) manat əsas borc və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası cavabdehin vəsatətinə əsasən təyin olunduğu üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün ödənilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD-210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 940 (doqquz yüz qırx) manat əsas borc və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı tutularaq İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu –3) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-279/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-279/2024
28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver