Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-318/2025 10.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10010.4 manat əsas borc və 1912.72 manat faiz borcu olmaqla, cəmi 11923.12 manat borcun və 125.77 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, Cavabdeh 25 iyun 2023-cü il tarixli, 200804- 269546/1 nömrəli kredit müqaviləsi üzrə 9647,83 manat məbləğində əsas borc və 1548,03 manat məbləğində faiz borcu, həmçinin MM-nin 445.7-ci maddəsinə müvafiq olaraq xəbərdarlığın verildiyi tarixdən sonra isə, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% məbləğində 141,76 manat faiz borcu olmaqla, ümumilikdə 11337,62 manat borcun və ödənilmiş 125,77 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 25 iyun 2023 il tariхli, 200804-269546/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 35 ay müddətinə, illik 17% dərəcəsi ilə 13000 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 21 noyabr 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 10010.4 manat əsas borc və 1912.72 manat faiz borcu olmaqla, cəmi 11923.12 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. Borcunu hal-hazırda ödəməyə imkanı yoxdur. Borcunu hissə-hissə ödəyə bilər. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2023-cü il tarixli, 200804-269546/1 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 35 ay müddətinə, illik 17% dərəcəsi ilə 13000 manat məbləğində krеdit vеrilmişdir. - Ödəniş cədvəlindən görünür ki, Cavabdeh götürdüyü 13000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 35 ay müddətinə qaytarmalı olmuşdur. - xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 13000 AZN kredit məbləğini imza edərək götürmüşdür. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Borcalanın Banka 10010,4 manat əsas borc və 1912.72 manat faiz borcu, cəmi 11923,12 manat borcu vardır. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı 10010,4 manat əsas, 1665,46 manat faiz borcun 7 təqvim günü ərzində geri ödənilməsini xahiş etmiş, əks təqdirdə müvafiq tədbirlər görüləcəyi bildirmişdir. - xx.xx.2024-cü il tarixli **********65 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 125,77 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 25 iyun 2023-cü il tarixli, 200804-269546/1 saylı kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissələrində təmin edilməlidir. İddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən borcun tam olaraq ödənilməsi ilə bağlı pretenziya qaydasında cavabdehə müraciət edilmiş və həmin tarixdən sonra Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən faiz borcunun hesablanması dayandırılmışdır. Məhkəmə hesab edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 141,76 manat faiz borcunun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən 124 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 25 iyun 2023-cü il tarixli, 200804-269546/1 nömrəli kredit müqaviləsi üzrə 9647,83 (doqquz min altı yüz qırx yeddi manat səksən üç qəpik) manat məbləğində əsas borc və 1548,03 (bir min beş yüz qırx səkkiz manat üç qəpik) manat məbləğində faiz borcu, həmçinin MM-nin 445.7-ci maddəsinə müvafiq olaraq xəbərdarlığın verildiyi tarixdən sonra isə, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% məbləğində 141,76 (yüz qırx bir manat yetmiş altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 11337,62 (on bir min üç yüz otuz yeddi manat altmış iki qəpik) manat borc və ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-318/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-318/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver