Məhkəmə qərarları › İş №e-2(075)-361/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-361/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-361/2024 22.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər İsmayılova (Səttərova) Gülnar Arif qızı və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər İsmayılova (Səttərova) Gülnar Arif qızı və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İsmayılova (Səttərova) Gülnar Arif qızı və Cavabdeh1 müştərək qaydada əsas borc 1512,97 manat, faiz borcu 3,03 manat olmaqla,cəmi borc 1516 manat borc məbləğinin və ödənilmiş 35.16 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə İsmayılova (Səttərova) Gülnar Arif qızı arasında 27 yanvar 2020ci il tarixli RB-026 saylı X2 bağlanmışdır. Həmin müqaviləyə əsasən İsmayılova (Səttərova) Gülnar Arif qızı 2174,61 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. X2 üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Şəki filialı ilə Cavabdeh1 arasında 27 yanvar 2020ci il tarixli Z-1(RB-026) saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh İsmayılova (Səttərova) Gülnar Arif qızı qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da cavabdeh İsmayılova (Səttərova) Gülnar Arif qızı Güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış 27 yanvar 2020-ci il tarixli RB-026 saylı X1 əsasən cavabdeh İsmayılova (Səttərova) Gülnar Arif qızının İddiaçı QSC-yə olan əsas borcu 1512,97 manat, faiz borcu 3,03 manat olmaqla, cəmi borc 1516 (bir min beş yüz on altı) manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdeh İsmayılova (Səttərova) Gülnar Arif qızına və onun zamini Cavabdeh1 dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı (Kreditor) ilə cavabdeh İsmayılova (Səttərova) Gülnar Arif qızı (Borclu) arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli “X2”nə əsasən Kreditor Borclunun aldığı kredit üzrə müqavilə imzalanan tarixə vaxtı keçmiş 2174,61 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmçinin xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 qeyd edilən restruktruzasiya müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh İsmayılova (Səttərova) Gülnar Arif qızı öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 1512,97 manat əsas borc və 3,03 manat faiz borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehlərə bildiriş göndərmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 743.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər İsmayılova (Səttərova) Gülnar Arif qızı və Cavabdeh1 müştərək qaydada 1512,97 manat əsas borc və 3,03 manat faiz borcu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 35,16 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər İsmayılova (Səttərova) Gülnar Arif qızın və Cavabdeh1 müştərək qaydada əsas borc 1512,97 (bir min beş yüz on iki manat doxsan yeddi) manat, faiz borcu 3,03 (üç manat üç qəpik) manat, cəmi borc 1516 (bir min beş yüz on altı) manat borc məbləği və ödənilmiş 35.16 (otuz beş manat on altı qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar