Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-363/2024 07.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi ilə bağlı X2 əməli nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 6015 (altı min on beş) manatın, müqavilələr əsasında vəkilə ödənilmiş 550 (beş yüz əlli) manatın və dövlət rüsumu kimi ödənilmiş 85.65 (səksən beş manat altmış beş qəpik) manatın cavabdeh X1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12 oktyabr 2023-cü tarixdə Şəki rayonu Sarıca kəndində yaşayan xx.xx.1963-cü il təvəllüdlü X3 etibarnamə əsasında idarə etdiyi MİTSUBİSHİ L 200 markalı **-GK-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə yol nəqliyyat hadisəsi törədərək ona məxsus olan KİA CEED markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq avtomobilə maddi ziyan vurmuşdur. Bununla bağlı Şəki rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X5 tərəfindən 13 oktyabr 2023cü il tarixli TP6049074 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Şəki rayonu Sarıca kəndində yaşayan Cavabdeh İXP5766470 nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və 80 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Belə ki, Avtoservis 77 tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli ziyan aktına əsasən müəyyən edilmişdir ki, KİA CEED markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 6015 manat təşkil etmişdir. Cavabdeh ona məxsus olan avtomobilə dəymiş 6015 manat maddi ziyanı ödəməkdən qərəzli olaraq yayındığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Vəkil bildirmişdir ki, ekspert rəyinə əsasən hər iki ziyan aktı üzrə avtomobilin təmir-bərpa qiyməti müəyyən edilmişdir. Belə olan halda məhkəmə proseslərinin uzanmaması üçün daha az məbləğ olan 5025 manat həddində iddia tələbinin təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, onlar ilkin olaraq iddia ilə məhkəməyə müraciət etdiklərində “Avtoservis 77” servis müəssisəsi tərəfindən verilmiş rəyi əsas tutaraq iddia qaldırmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh X3 izahat verərək bildirmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi MİTSUBİSHİ L 200 markalı **-GK-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə yol nəqliyyat hadisəsi törədərək iddiaçıya məxsus olan KİA CEED markalı **- SL-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq avtomobilə maddi ziyan vurmuşdur. Vurulmuş maddi ziyanı qəbul etsə də, lakin həmin ziyanı birdəfəyə ödəməyə imkanı yoxdur. Eyni zamanda avtomobilin sığorta müqaviləsinin müddəti bitdiyi üçün dəymiş zərərin əvəzinin sığorta tərəfindən qarşılanması mümkün olmamışdır. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki ŞRPŞ-nin xx.xx.2023-cü il tarixli, TP-6049074 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. - 26 may 2023-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, mülkiyyətçi X4 mülkiyyətində olan MİTSUBİSHİ L 200 markalı **-GK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili etibarnamə əsasında idarə etməsi üçün Cavabdeh vermişdir. - “Avtoservis 77” tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli qüsur aktının surətindən görünür ki, “Kia Ceed” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6015 manat məbləğində maddi ziyan dəymişdir. - "xxxx" MMC tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli, 01/02-503 Fİ nömrəli qüsur aktının surətindən görünür ki, “Kia Ceed” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6095 manat məbləğində maddi ziyan dəymişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2024-cü il tarixli, 9/1919 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtoservis 77” Mərkəzinin 16 oktyabr 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Kia Ceed” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5025 manat, "xxxx" MMC-nin 19 oktyabr 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Kia Ceed” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5805 manat müəyyən edilir. - xx.xx.2023-cü il tarixli 245 və 246 nömrəli arayışlardan görünür ki, iddiaçı tərəfindən vəkilə hüquqi xidmətin göstərilməsi ilə əlaqədar 150 manat və 400 manat ödəniş həyata keçirilmişdir. - 04 dekabr 2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 86 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırkı işdə bu əsaslar müəyyən edilir. Çünki baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəyməsi, həmin hadisə baş verərkən Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilməsi işin mübahisəsiz hallarıdır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda həmin zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuşdur. Bu səbəbdən vurulmuş zərərə görə məsuliyyət Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun müəyyən olunmalıdır. Belə ki, həmin maddəyə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərə görə məsuliyyəti yüksək təhlükə mənbəyinin sahibi olan (etibarnamə əsasında idarə edən) cavabdeh daşıyır. Ona görə də, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməlidir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 may 2024-cü il tarixli 9/1919 saylı ekspert rəyinə əsasən, “Avtoservis 77” Mərkəzinin 16 oktyabr 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Kia Ceed” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5025 manat (dəyişilməli hissələrin qiyməti 3625 manat; təmir-bərpa işlərinin qiyməti 1400 manat), "xxxx" MMC-nin 19 oktyabr 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Kia Ceed” markalı, **-SL- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5805 manat (dəyişilməli hissələrin qiyməti - 4225 manat; təmir-bərpa işlərinin qiyməti – 1580 manat) müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının razılığı, cavabdehin etirazının olmaması, cavabdeh X2 etibarnamə əsasında idarə etdiyi avtomobilin sığorta müqaviləsinin müddəti bitdiyi üçün dəymiş zərərin əvəzinin sığorta tərəfindən qarşılanmasının mümkün olmaması da nəzərə alınmaqla məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq cavabdehdən 5025 (beş min iyirmi beş) manat vurulmuş ziyanın əvəzi alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, işin hallarını və qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 86 manat ödənilmiş dövlət rüsumunun 70.25 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən hüquqi xidmət üçün vəkilə ödənilmiş 550 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olan 5025 (beş min iyirmi beş) manat, vəkilə ödənilmiş 550 (beş yüz əlli) manat və 70.25 (yetmiş manat iyirmi beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-363/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-363/2024
07.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver