Məhkəmə qərarları › İş №e-2(075)-367/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-367/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-367/2023 30.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6536 AZN əsas borc, 1636 AZN faiz borcu, 325.58 AZN cərimə borcu olmaqla, cəmi 8497.58 AZN məbləğində borcun və 104.98 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi məhkəməyə tələbin azaldılması barədə ərizə ünvanlayaraq, məhkəmə baxışı ərəfəsində Cavabdeh2 rəhmətə getməsi halının müəyyən edildiyini bildirmiş, buna görə də, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 6536 AZN əsas borc, 1636 AZN faiz borcu, 325.58 AZN cərimə borcu olmaqla, cəmi 8497.58 AZN məbləğində borcun və 104.98 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı iddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0370 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 7000 (yeddi min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 379 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0370 - ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 və **********0370 - ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Hüseynov Ramiz Əfsər oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən cavabdeh Hüseynov Ramiz Əfsər oğlunun əsas borc üzrə 6536 AZN, faiz borcuna görə 1636 AZN, cərimə borcuna görə 325.58 AZN, cəmi 8497.58 AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı Qeyri-Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə 17 mart 2023cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının iddiçı tərəfin iştirakı olmadan keçirilməsi və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 29 aprel 2022-ci il tarixli, **********0370 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh3 24 ay müddətinə, illik 26% olmaqla 7000 manat məbləğində kredit verilmişdir. Həmçinin 29 aprel 2022-ci il tarixli, **********0370 nömrəli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 götürdüyü 7000 manat məbləğində kreit borcunu ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 29 aprel 2022-ci il tarixli, **********0***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 29 aprel 2022-ci il tarixli, **********0370 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 İddiaçı Qeyri-Bank Kredit Təşkilatına 6536 manat əsas, 1636 manat faiz və 325,58 manat cərimə borcu olmaqla, cəmi 8497,58 manat borcu vardır. İş materiallarında olan məhkəmə elektron portaldan çıxarılmış şəxsin fərdi malumatlarından görünür ki, Cavabdeh2 17 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh3 ilə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı arasında bağlanmış 29 aprel 2022-ci il tarixli, **********0370 nömrəli “Kredit” müqaviləsinə əsasən bank cavabdehlərə 24 ay müddətinə, illik 26% olmaqla 7000 manat məbləğində kredit vermişdir. Həmçinin zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. Lakin Cavabdeh2 17 dekabr 2022-ci il tarixdə vəfat etdiyi üçün və zaminlikdə hüquq varisliyinə yol verilmədiyi üçün o, üzərinə götürdüyü zaminlik öhdəliyindən azad edilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehlərə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh3 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin və Cavabdeh1 zaminlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı Qeyri-Bank Kredit Təşkilatı qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh3 və Cavabdeh1 İddiaçı Qeyri-Bank Kredit Təşkilatının xeyrinə 6536 AZN əsas borc, 1636 AZN faiz borcu, 325.58 AZN cərimə borcu olmaqla, cəmi 8497.58 AZN məbləğində borc və 104.98 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək (birgə) qaydada İddiaçı Qeyri- Bank Kredit Təşkilatının xeyrinə 6536 AZN əsas borc, 1636 AZN faiz borcu, 325.58 AZN cərimə borcu olmaqla, cəmi 8497.58 AZN məbləğində borc və 104.98 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar