Məhkəmə qərarları › İş №e-2(075)-393/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-393/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-393/2023 03.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 7981.14 manat əsas, 106.82 manat faiz olmaqla, cəmi 8087.96 manat pul vəsaitinin və 100.88 manat dövlət rüsumunun tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 170RGTK7003699AC saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasındaxx.xx.2019-cu il tarixli, Z170RGTK7003699AC saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehlərin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 7981.14 manat əsas, 106.82 manat faiz, cəmi 8087.96 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin 12 sentyabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; xx.xx.2019-cu il tarixli 170RGTK7003699AC nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 60 ay müddətinə illik 20 faiz dərəcəsi tətbiq olmaqla 14767.47 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2019-cu il tarixli, 170RGTK7003699AC nömrəli zaminlik müqaviləsindən görünür ki, müqavilənin şərtlərinə əsasən zamin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə kredit müqaviləsinə əsasən 7981.14 manat əsas, 106.82 manat faiz olmaqla, cəmi 8087.96 manat borcu yaranmışdır. Ödəniş cədvəlinə əsasən Cavabdeh1 götürdüyü 14767.47 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 26 iyul 2023-cü il tarixli, 9/2526 saylı rəydən görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 525.86 manat, faiz borcu üzrə 20.91 manat təşkil edir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsin əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Dövlət Rüsumu haqqında qanunun; 8.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri iddianın qiyməti 1000 manatadək olan işlərədə 30 manat dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi; Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə 60 ay müddətinə kredit müqaviləsi bağlanmış və bununla da, tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 "xxxx" ASC qarşısındakı xx.xx.2019cu il tarixli, 170RGTK7003699AC saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış borc müqaviləsində yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 427, 739-cu maddələrinin tələbinə görə, onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Cavabdehlər iddiaçının təqdim etdiyi sənədlərdən əlavə olaraq ödəniş etməsi barədə sübut təqdim etməmişdir. Bununla yanaşı müəyyən edilir ki, ekspert tərəfindən cavabdehin banka olan borcu - əsas borc üzrə 525.86 manat, faiz borcu 20.91 manat təşkil edir. Məhkəmə ekspert rəyini şübhə altına almaq üçün hər hansı əsas görmür. Məhkəmə tədqiq olunmuş sübutlara mülki qanunvericiliyin normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 525,86 (beş yüz iyirmi beş manat səksən altı qəpik) manat əsas borc, 20,91 (iyirmi manat doxsan bir qəpik) manat faiz borcu olmaqla, cəmi 546,77 (beş yüz qırx altı manat yetmiş yeddi qəpik) manat pul tutularaq iddiaçı “Kapital Bank ASC-yə ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və dövlət rüsumu haqqında qanunun tələbləri baxımından iddiaçı tərəfindən ödənilmiş 100.88 manat dövlət rüsumunun 30 (otuz) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə, 145 (bir yüz qırx beş) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün İddiaçı ASC-dən tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 525,86 (beş yüz iyirmi beş manat səksən altı qəpik) manat əsas borc, 20,91 (iyirmi manat doxsan bir qəpik) manat faiz borcu olmaqla, cəmi 546,77 (beş yüz qırx altı manat yetmiş yeddi qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat pul İddiaçı ASCdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar