Məhkəmə qərarları › İş №e-2(075)-401/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-401/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-401/2024 20.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5508.06 manat əsas məbləğ üzrə, 622.20 manat faiz və 31.49 manat cərimə olmaqla, cəmi 6161.75 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 82.02 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixinədək illik 25% ödəmək şərtilə 5800 manat məbləğində kredit xətti açmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində xxxxxxx saylı ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi Oferta müqaviləsinin 17.11-ci bəndinə əsasən müştəri kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək, hazırda ödəniş etməyə imkanı olmadığını bildirdi və qanuni qərar qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - 12.09.202-ci il tarixli ərizədən görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (https://unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi ofertası ilə tanış olmuş və onun bütün şərtləri ilə razı olduğunu bildirmişdir. - xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi ofertanın 1-ci bəndində qeyd edilmişdir ki, bu oferta üzrə Müştəri fərqli valyutalarda bir neçə hesablar aça bilər, bir və ya bir neçə ödəniş kartı təqdim edilə bilər. Bankın texniki imkanları nəzərə alınmaqla, gələcəkdə Müştəri tərəfindən internet bankçılıq və ya mobil əlavə vasitəsilə müxtəlif bank hesabları açıla bilər. Müştəri tərəfindən hər bir karta bağlı olan bank hesabları fərqli müəyyən edilə bilər. Həmin Ümumi ofertanın 16.1-ci bəndində qeyd edilir ki, “Bank” “Müştəri”yə sms bildirişdə qeyd olunan məbləğdə, müddətdə, illik faiz dərəcəsində kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür.... Həmin Ümumi ofertanın 17.10-cu bəndində qeyd edilir ki, “Müştəri” kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Həmin Ümumi ofertanın 19.1-ci bəndində qeyd edilir ki, bu müqaviləyə əsasən “Borcverən” SMS və ya mobil əlavə vasitəsilə kreditin razılaşdırılmış verilmə müddəti, faktiki illik faiz dərəcəsi və məbləğdə “Müştəri”yə kredit verir. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 16% - maksimum 40% faiz təşkil edir. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli SMS mətnində qeyd edilir ki, sizə xx.xx.2025 tarixədək, illik 25%-lə 5800 AZN nağd kreditn (komissiya 63 AZN. Aylıq ödəniş 231 AZN) və Ucard kartınıza illik 26 %-lə, 190 AZN-lik kredit xətti açmağı təklif edirik. Cavabdeh tərəfindən qeyd edilən təklifə cavabdeh verilmiş və həmin vəsaitin köçürüldüyü qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 524375******2629 nömrəli kart iddiaçıya təhvil verilmişdir. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı 5508,06 AZN əsas, 146,42 AZN faiz, 4,98 AZN cərimə, cəmi 5659,46 AZN borcun 3 iş günü müdətində geri qaytarılmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. - xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışından görünür ki, cavabdehin 5508,06 AZN əsas, 146,42 AZN faiz, 4,98 AZN cərimə, cəmi 5659,46 AZN borcu vardır. - xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 82,02 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ...öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsi əsasında iddiaçının xx.xx.2021-ci il tarixli Ümumi ofertasının şərtlərinə uyğun olaraq bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən borcun tam şəkildə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişlə cavabdehə müraciət edilmiş, həmin bildirişdə 5508,06 manat əsas, 146,42 manat faiz və 4,98 manat cərimə borcunun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, həmin bildiriş cavabdeh tərəfindən qəbul edilmişdir. Məhkəmə hesab edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 5508,06 manat əsas, 146,42 manat faiz məbləği tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Cərimə borcunun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, 31,49 manat cərimə borcu borc məbləğinə mütənasib olduğundan həmin hissədə də iddia tələbi təmin edilməlidir. Materiallardan da göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 82,02 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 76 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5508,06 (beş min beş yüz səkkiz manat altı qəpik) manat əsas, 146,42 (yüz qırx altı manat qırx iki qəpik) manat faiz, 31,49 (otuz bir manat qırx doqquz qəpik) manat cərimə borcu, cəmi 5685,97 (beş min altı yüz səksən beş manat doxsan yeddi qəpik) manat borc məbləği və 76 (yetmiş altı) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar