Məhkəmə qərarları › İş №e-2(075)-440/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-440/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-440/2023 13.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3339.85 manat kredit bоrcu, 678.58 manat faiz bоrcu və 5425 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9443.43 manat bоrcun və ödənilmiş 114.43 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2010-cu il tarixdə bağladığı 07A000020882 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 3% оlmaqla 15 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə aylıq üçün ödənilməsi planlaşdırılmış kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 660.16 manat ödəniş etmiş və оnun iddiaçıya 3339.84 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Göstərmişdir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 1402 gün üçün hesablanmış faiz borcu 678.58 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 1402 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 5425 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. İddiaçı QSC və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı QSC-nin nümayəndəsi 13 mart 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 avqust 2010-cu il tarixli, 07A000020882 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 aylıq faiz dərəcəsi 3% оlmaqla 15 (on beş) ay müddətinə 4000 (dörd min) manat məbləğində krеdit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 avqust 2010-cu il tarixli, 07G000016749 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Cavabdeh2 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 götürdüyü 4000 manat məbləğində krediti ona hesablanmış faizləri ilə birlikdə 15 ay meddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 11 noyabr 2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, həmin xəbərdarlıqlar əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 02 avqust 2010-cu il tarixli, 07A000020882 saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixinə 3339,85 manat əsas borc, 678,58 manat faiz borcu və 5425 manat cərimə borcu olmaqla, cəmi 9443,43 manat borclarının olması bildirilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 02 avqust 2010-cu il tarixli, 07A000020882 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC-nə xx.xx.2022-ci il tarixinə 3339,85 manat əsas borc, 678,58 manat məbləğində faiz borcu və 5425 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9443,43 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh2 İddiaçı QSC ilə 02 avqust 2010-cu il tarixdə bağladığı 07A000020882 saylı kredit müqaviləsi əsasında Cavabdeh2 aylıq faiz dərəcəsi 3% оlmaqla 15 (on beş) ay müddətinə 4000 (dörd min) manat məbləğində krеdit verilmişdir. O, kredit müqaviləsinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2010-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı QSC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 5425 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin, həmçinin Cavabdeh1 zaminlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 741, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3339.85 manat kredit bоrcu, 678.58 manat faiz bоrcu və 200 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4218,43 manat bоrc və ödənilmiş 114.43 manat dövlət rüsumu müştərək qayadada tutulmalı, iddia qalan hissədə təminn edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3339.85 manat kredit bоrcu, 678.58 manat faiz bоrcu və 200 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4218,43 manat bоrc və ödənilmiş 114.43 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar