Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-446/2025 11.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (3-cü şəxs LPO "xxxx") qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1824,31 manat pulun, 500 manat mənəvi zərərin və 44.85 manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 120 manat xərcin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" ASC-nin Şəki Filialından xx.xx.2014-cü il tarixdə illik ********* saylı kredit müqaviləsinə əsasən 2500 ABŞ dolları kredit götürmüşdür. Eyni zamanda həmin kreditin təminatı olaraq onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kreditor qarşısında öhdəliklərini icra etmədiyi üçün "xxxx" ASC onlara qarşı 1286,99 ABŞ dolları kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(075)-3014/2016 saylı məhkəmə əmri ilə tələb təmin edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi icraya yönəlmiş və tələbin könüllü icrası tələb olunmuşdur. Tələb könüllü icra olunmadığı üçün icra məmuru məcburi icra tədbirlərini həyata keçirmişdir. xx.xx.2023-cü il tarixli 7860/7 saylı icra sənədinə əsasən 1589,54 manat borcun və 234,77 manat icra ödənişinin onun əmək haqqına yönəldilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Rayonu üzrə Təhsil Sektoruna təklif məktubu göndərmişdir. Həmin təklif əsasında onun aylıq əmək haqqından tutulma başlanmış, ümumilikdə 1824,31 manat vəsait tutularaq Cavabdeh X3 "xxxx" ASC-yə olan kredit borcuna silinmişdir. (Şəki Rayonu üzrə Təhsil sektorunun arayışı əlavə edilir). Onun əmək haqqından tutulan həmin vəsait maddi çətinliklərlə üzləşməyinə, ailəsində söz-söhbətlərin yaranmasına, onun ciddi stress keçirməyinə səbəb olmuşdur. Cavabdehdən ona vurduğu zərəri ödəməsini dəfələrlə xahiş etsə də o, heç bir ödəniş etməmiş, əksinə get nə istəyirsən et demişdir. Bütün bu olanlar sayəsində o, ciddi stresslər və səhhətində problemlər yaşamışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki rayonu üzrə təhsil sektoru tərəfindən verilmiş 24 iyul 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Şəki şəhər 11 nömrəli tam orta məktəbində xx.xx.2001-ci il tarixdən müəllim vəzifəsində işləyir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 7860/7 nömrəli icra sənədinə əsasən İddiaçı əmək haqqından 2023-cü ilin noyabr ayı üzrə 426,17 manat, dekabr ayı üzrə 147,44 manat, 2024-cü ilin yanvar ayı üzrə 147,44 manat, fevral ayı üzrə 147,44 manat, mart ayı üzrə 147,44 manat, aprel ayı üzrə 147,44 manat, may ayı üzrə 147,44 manat, iyun ayı üzrə 278,73 manat kimi tutulma aparılaraq "xxxx" ASC-yə ödənilmişdir. - Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki rayonu üzrə təhsil sektoru tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Şəki şəhər 11 nömrəli tam orta məktəbində xx.xx.2001-ci il tarixdən müəllim vəzifəsində işləyir və onun 2024-cü ilin avqust ayında 33,37 manat, sentyabr ayında 100 manat, noyabr ayında 101,40 manat icra ödənişi əmək haqqından tutularaq Şəki rayon üzrə İcra və Probasiya Şöbəsinin hesabına köçürülmüşdür. - X3 "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-3014/2016 saylı məhkəmə əmri üzrə öhdəliyin xx.xx.2024-cü il tarixdə yerinə yetirildiyini, Cavabdeh və İddiaçı qeyd olunan məhkəmə əmri üzrə bank qarşısında borc öhdəliklərinin mövcud olmadığı qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 44,45 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.36, 57, 60-cı, Əmək Məcəlləsinin 290-cı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 12-ci maddələrində və digər qanunlarda mənəvi ziyanın ödənilməsi barədə müddəalar vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 12-ci maddəsində istehlakçıların bu qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyanın təqsirkar tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur...Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli Qərarında isə göstərilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir... Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər...Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında müəyyən edilir ki, Cavabdeh "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə zaminlərdən biri isə hazırkı iddiaçı olmuşdur. Kredit borcunun ödənilməməsi səbəbindən bankın müraciəti ilə məhkəmə əmri qəbul edilmiş və qanuni qüvvəsini aldıqdan sonra müvafiq icra qurumuna göndərilmişdir. İddiaçı məhkəmə əmri ilə müəyyən edilən məbləği və icra xərcini tam olaraq ödəmişdir. Hazırda iddiaçının tələbi həmin məbləğin reqses qaydasında əsas borcludan, yəni Cavabdeh tutulması barədədir. Göründüyü kimi İddiaçı Cavabdeh "xxxx" ASC qarşısındakı kredit müqaviləsindən irəli gələn öhdəliyinə görə ona zamin durmuş və cavabdehlə birgə məsuliyyət daşımışdır. Cavabdeh bank qarşısındakı öhdəliyini lazımınca yerinə yetirməmiş və bununla bağlı onun banka 1589,54 manat borcu və 234,77 manat ödəməli olduğu icra ödənişi qalmışdır. Cavabdeh bank qarşısındakı öhdəlikləri və həmin öhdəliklərdən doğan icra xərcləri iddiaçının əmək haqqı hesabına ödənilmişdir. İş materialları ilə sübut olundu ki, iddiaçızamin tərəfindən 234,77 manat icra ödənişinin ödənilməsinə səbəb Cavabdeh bank qarşısında öhdəliyinin lazımınca yerinə yetirməməsi olmuşdur. Buna görə də məhkəmə 1824,31 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını ədalətli və qanuni hesab edir. Məhkəmə iddia tələbinin 500 manat mənəvi ziyanla bağlı hissəsinə hüquqi qiymət verərək və yuxarıda adı çəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında səpgilənən hüquqi mövqeyi nəzərə alaraq onu qeyd edir ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki işin hallarına görə iddiaçıya mənəvi zərər dəyməsi (sarsıntı və ya iztirab keçirməsi) və cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulmasına səbəb ola biləcək hər hansı qanunsuz hərəkətlərin edilməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyil. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 38,24 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə hissəsi:
Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1824,31 (bir min səkkiz yüz iyirmi dörd otuz bir qəpik) manat və 38,24 (otuz səkkiz manat iyirmi dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kamran Musayev