Məhkəmə qərarları › İş №e-2(075)-464/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-464/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-464/2025 23.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4534sSHEK/18 saylı kredit müqaviləsi üzrə 819.33 manat əsas və 7.37 manat faiz olmaqla, cəmi 826.70 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 AZN məbləğində vəsaitin vərəsəsi - Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4534sSHEK/18 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 29% ödəmək şərtilə 10000 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxsin mərhumun hüquqi varisinin olması anlamına gəlir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştitak etməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı "xxxx" KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4534SSHEK/18 №-li kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında X3 84 ay müddətinə illik 29 % ödəmək şərtilə 10 000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.2.8-ci bəndinə əsasən Bank istənilən zaman kredit limitində dəyişiklik etmək səlahiyyətinə malikdir. Həmin müqavilənin 4.2.26-cı bəndinə əsasən “Kart” bankın mülkiyyəti hesab edilir. Bank hesabın təhlükəsizliyi və digər risklər baxımından birtərəfli qaydada borcalanın kartını bloklaşdırmaq və ya karta xidmət göstərilməsini dayandırmaq,birdəfəlik, gündəlik, həftəlik və aylıq əməliyyat limitlərini dəyişmək, kartının risk qrupunu dəyişmək və kartın üzərində digər sərəncam vermək hüququna malikdir. Həmin müqavilənin 4.3.23-cü bəndinə əsasən Bank tərəfindən istənilən zaman “borcalan”ın kartınıbloklaşdırmaq və ya karta xidmət göstərilməsini dayandırmaq, birdəfəlik, gündəlik, həftəlik və aylıq əməliyyat limitlərini dəyişmək, kartın risk qrupunu dəyişmək və kartın üzərində digər sərəncam vermək, kredit limitində dəyişiklik etmək səlahiyyətləinə razılığını bildirir. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı əsas, faiz və cərimə borcunun 3 iş günü müddətində geri qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. - 15 fevral 2023-cü il tarixli, AZ-İİ 335506 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 146 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, DTXK Şəki rayon şöbəsi tərəfindən verilmiş JN: 548, KOD: 40414018 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.3569 ha olan torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ üzrə mərhuma məxsus olan pay hissəsindən Cavabdeh tam hissədə irs almalıdır. - xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, "xxxx" KB ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli 4534SSHEK/18 saylı kredit müqaviləsinə əsasən 84 ay müddətinə illik 29 faiz olmaqla ilkin olaraq 300 manat, daha sonra isə kredit limiti bir neçə dəfə artırılmaqla sonuncu dəfə 1300 manata çatdırılmışdır. X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X1 miras qalmış əmlakı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh qəbul etmişdir. Qanunvericiliyin tələbləri baxımından kredit müqaviləsi üzrə borclu vəfat etdiyindən onun kreditor qarşısındakı öhdəlikləri vərəsəsinə keçmişdir. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə əsas və faiz borcu yaranmışdır. Göründüyü kimi Mülki Məcəllədə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduqları nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, iddiaçı "xxxx" KB ASC kredit müqaviləsi üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. İddia tələbi təmin edildidiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 4534SSHEK/18 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 819,33 (səkkiz yüz on doqquz manat otuz üç qəpik) manat əsas borc və 7,37 (yeddi manat otuz yeddi qəpik) manat faiz borcu olmaqla cəmi 826,70 (səkkiz yüz iyirmi altı manat yetmiş qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar