Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-476/2023 12.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 dekabr 2005-ci il təvəllüdlü X3 və 07 iyul 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı şəhəri Nərimanov Rayon Məhkəmsinin 17 iyul 2017-ci il tarixli, 2(005)- 2253/2017 saylı qətnaməsi ilə tutulan alimetin miqdarı artırılaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(005)-2253/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə onun arasında 01 mart 2005-ci il tarixdə Ağdam rayon VVADQ Şöbəsində 12 №li akt qeydi ilə bağlanmış nikahın pozulması, 11 dekabr 2005-ci il təvəllüdlü X3 və 07 iyul 2008-ci il təvəllüdlü X4 anaları X1 yanında saxlanılmaları, Cavabdeh 11 dekabr 2005-ci il təvəllüdlü X7 və 07 iyul 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi, alimentin tutulma vaxtının 20 fevral 2017-ci il tarixdən hesablanması qət edilmişdir. Göstərmişdir ki, hər uşağa görə 140 manat aliment məbləği indiki zamana görə çox azdır, uşaqlara baxmaq üçün kifayət etmir. Günü gündən uşaqların tələbatları artır. Belə ki, uşaqlar normal qaydada yeməli, müalicə olunmalı, paltarla təmin olunmalı, təhsili və uşaqların dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Göründüyü kimi bu il əvvəlki illərə nisbətən qiymətlərdə artım müşahidə olunmuşdur. Özü də xroniki mieloit beykemiya xəstəliyindən əziyyət çəkir, İİ dərəcəli əlildir. Belə bir vəziyyətdə uşaqlara baxmaq onun üçün maddi cəhətdən çox çətindir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi cavbdehdən yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(005)-1253/2017 saylı qətnaməsinin qəbul edilməsindən 5 il müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Göstərmişdir ki, Şəki 1 saylı Mediasiya Təşkilatında ilkin mediasiya prosesi təyin edilmiş, cavabdeh iclasa gəlmədiyi üçün 17 dekabr 2022-ci il tarixli MŞŞ/1/02035 nömrəli arayış verilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(005)-2253/2017 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 140 manat olmaqla cəmi 280 manat məbləğində aliment hazırki dövr üzrə müəyyən olunmuş qiymətlər üçün yetərli deyil. Bu vaxta kimi uşaqları özü böyütmüş onların bütün zəruri tələbatlarını qarşılamış. Ancaq uşaqlar böyüdükcə onların tələbatları da artır. Uşaqlarının ali təhsil almaları üçün onları oxudur. Lakin məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 280 manat aliment uşaqların saxlanılmaları üçün yetərli deyildir. Bildirmişdir ki, o, qızına məcburi köçkün vəsiqəsi düzəltmək üçün Cavabdeh lazım olan sənədləri istəmiş, lakin cavabdeh ona köməklik göstərməyərək həmin sənədləri verməmişdir. Göstərmişdir ki, onun özü də xəstəlikdən əziyyət çəkməklə ikinci qrup əlildir. Xəstəliyi ilə bağlı aylıq müavinat alsa da, aldığı müavinat özünün müalicəsinə güclə yetir. Hesab edir ki, uşaqların sağlam böyümələri, təhsil almaları üçün təyin olunmuş aliment məbləği artırılmalıdır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(005)-2253/2017 saylı qətnaməsi ilə onunla iddiaçı arasında 01 mart 2005-ci il tarixdə Ağdam rayon VVADQ Şöbəsində 12 №li akt qeydi ilə bağlanmış nikahın pozulması, 11 dekabr 2005-ci il təvəllüdlü X3 və 07 iyul 2008-ci il təvəllüdlü X4 anaları X1 yanında saxlanılmaları, ondan 11 dekabr 2005-ci il təvəllüdlü X7 və 07 iyul 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi, alimentin tutulma vaxtının 20 fevral 2017ci il tarixdən hesablanması qət edilmişdir. Hazırda İddiaçı ona qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aliment miqdarının artırılmasını məhkəmədən xahiş etmişdir. Hesab edir ki, İddiaçı ona qarşı olan “alimentin miqdarının artırılması” tələbinə dair iddia tələbi qanunsuz və əsassızdır. Bildirmişdir ki, o, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Səhhətində ciddi problemlər var. Ehtiyyatda olan hərbiçi zabitdir. Aylıq 895 manat təqaüd alır. Həmin təqaüdün də 280 manatı alimentə görə tutulur. İddiaçı ilə rəsmi nikahları məhkəmə qaydasında pozulduqdan sonra o, X8 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahlarından 24 yanvar 2019-cu il təvəllüdlü X11 adlı övladları anadan olmuşdur. Eyni zamanda himayəsində azyaşlı övladı olmaqla yanaşı, səhhətində ciddi problemləri olan yaşlı, xəstə anası da vardır. Göstərmişdir ki, iddiaçı onunla birgə nikahlarından olmuş övladlarını altı ildir ki, görüşməklərinə maneçilik törədir. Göründüyü kimi iddiaçı ilə nikahlarının ləğvindən sonra onun ailə vəziyyətində və maddi vəziyyətində dəyişiklik olmuşdur. Hesab edir ki, iddia qanunsuz və əsassızdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(005)-2253/2017 saylı qətanaməsindən görünür ki, Cavabdeh ilə X9 arasında 01 mart 2005-ci il tarixdə Ağdam Rayon VVADQ Şöbəsində 12 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahlarından olan uşaqları 11 dekabr 2005-ci il təvəllüdlü X10 və 07 iyul 2008-ci il təvəllüdlü X4 anaları X1 yanında saxlanılmaları, 11 dekabr 2005-ci il təvəllüdlü X10 və 07 iyul 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. Elektron portaldan çıxarılmış 21 noyabr 2022-ci il tarixli məlumatlardan görünür ki, İddiaçı xroniki mieloid leykemiya [CML] BCR/ABL – müsbət, Xroniki mieloid leykemiya – (CML) BCR/ABL müsbət. Xroniki faza. Qliveklə müalicə daima ağırlaşma D 73.2 Xroniki durğunluq splenomeqasiyası, splenomeqaliya Yanaşı xəstəliklər D63.0 Yenitörəmələr zamanı müşahidə olunan anemiya (C00-D48), Anemiya diqanozu qoyulmuş və ikinci dərəcəli əlillik təyin edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17 dekabr 2022-ci il tarixli, MŞŞ/1/02035 nömrəli X6 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 17 dekabr 2022-ci il tarixində 16:00-17:00 saatlarında keçirilməsi nəzərdə tutulan X6 iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh X6 iştirak etməmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 dekabr 2022-ci il tarixli, 177 nömrəli arayışdan görünür ki, İddiaçı Şəki şəhəri “Yaramallı” məhəlləsi, S.Mümtaz küçəsi, 11 saylı evdə yaşayır və onun ailə tərkibi qızı X10, qızı X2 ibarətdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, təyin edilmiş aliment iddiaçı tərəfin mənafeyi və maraqlarına xələl gətirir. Belə olan halda iddiaçıya təyin edilmiş alimentin miqdarının dəyişdirilməli, uşaq üçün aliment sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəmsinin 17 iyul 2017-ci il tarixli, 2(005)-2253/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 11 dekabr 2005-ci il təvəllüdlü X10 və 07 iyul 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 11 dekabr 2005-ci il təvəllüdlü X10 və 07 iyul 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəmsinin 17 iyul 2017-ci il tarixli, 2(005)-2253/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 11 dekabr 2005-ci il təvəllüdlü X10 və 07 iyul 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəmsinin 17 iyul 2017-ci il tarixli, 2(005)-2253/2017 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-476/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-476/2023
12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver