Məhkəmə qərarları › İş №e-2(075)-49/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-49/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-49/2023 18.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi Mehdiyeva Vətən İsgəndər qızının iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli **********26013 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 589,07 manat məbləğində xx.xx.2016-cı il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 21 faiz dərəcəsi ilə hesablanmış 739,54 manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanmış 947,29 manat məbləğində penya olmaqla, cəmi 2275,90 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 43 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********26013 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 36 ay müddətinə, illik 24 faiz olmaqla, 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə X4 arasında xx.xx.2013-cü il tarixli **********26013/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Borc alan tərəfindən kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyinə görə iddiaçı ASC "Xalq” Bankı tərəfindən "Kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zamindən tutulması haqqında” iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 2(075)-8823/2016 nömrəli qətnaməsi ilə kredit müqaviləsi üzrə 3208,37 manat məbləğində əsas borcun, 864,24 manat məbləğində adi faiz borcunun, 193,52 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4266,12 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və X2 müştərək qaydada iddiaçı ASC "Xalq” Bankının xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəki rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra icraatı qaydasında tam şəkildə icra olunmuşdur. Lakin buna baxmayaraq, Cavabdeh bank qarşısında kredit öhdəliklərini tam icra etmədiyi üçün kredit müqaviləsi qüvvədə qalmışdır. Belə ki, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinədək hesablanmış və ödənilməmiş 589,07 manat (beş yüz səksən doqquz manat 07 qəpik) məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə penya ödəməlidir. Lakin bankın daxili qərarına əsasən kredit müqaviləsi üzrə penyanın hesablanması xx.xx.2020-ci il tarixdən etibarən borc alanın xeyrinə dayandırılmışdır. Beləliklə, xx.xx.2020-ci il tarixinə bu məbləğ 947,29 manat təşkil edir. Kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. Kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə əldən çıxmış faydanın hesablanmasında isə digər əsaslardan çıxış edərək daha böyük məbləğdə tələb etmədiyinə görə Bank Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək illik 5% (beş faiz) dərəcəsini əldə rəhbər tutumağı əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yuxarıda qeyd olunanlara əsasən bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə qədər əldən çıxmış faydanın hesablanmasında Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faiz dərəcəsini (illik 5 %) və müvafiq arayışlarda göstərilmiş orta faiz dərəcəsini (illik 21 %) əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2016-cı il) vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixədək (xx.xx.2021 -ci il) olan dövr üçün bu məbləğ 739,54 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğuna görə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun təqdim edilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 bildirmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən iddiaçıya olan borc məbləği tam şəkildə ödənilmişdir. Yenidən hazırkı tələblə məhkəməyə müraciət edilməsi yolverilməzdir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********26013 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən borc alana 36 ay müddətinə, illik 24 faiz olmaqla, 5000 manat məbləğində kredit verilmişdir İş materiallarına əlavə edilmiş 16 may 2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, ASC “Xalq” Bankı tərəfindən Cavabdeh kredit borcu üzrə yaranmış faiz və cərimə məbləğinin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qanuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(075)-1691/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/7837 nömrəli ekspert rəyində qeyd edilmişdir ki: - Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2013-cü il tarixli **********26013 №-li Kredit Müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh həmin müqavilə üzrə xx.xx.2016-cı il tarixinə qədər 589,07 manat məbləğində faiz borcu (24 faizlə) müəyyən edilir. - Cavabdeh Kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə İllik 5% (beş faiz) dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 21 % (iyirmi bir faiz) dərəcəsi ilə hesablanmış 739,54 manat (yeddi yüz otuz doqquz manat 54 qəpik) məbləğində əldən çıxmış faydanın (zərər) məbləği hesablanmışdır. - Cavabdeh Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixədək ödənilməsi gecikdirilmiş məbləğə görə illik 39 faiz olmaqla cərimə borcu 947,29 manat təşkil edir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 445.2.1-ci mаddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sаyılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil otan öhdəliklərin icra edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsаitini qаnunsuz sаxlаmаqlа, оnu qаytаrmаqdаn bоyun qаçırmаqlа, оnun ödənilməsini digər şəkildə gecikdirməklə və yа tоplаmаqlа оndаn fаydаlаnmаğа görə həmin vəsаitin məbləğindən fаizlər ödənilməlidir. Fаizlərin miqdаrı pul öhdəliyinin və yа оnun müvаfiq hissəsinin icra edildiyi gün üçün bаnk fаizinin uçоt dərəcəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda,o, kredit müqaviləsi adlanır. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2013-cü il tarixli **********26013 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı ASC "Xalq” Bankı tərəfindən Cavabdeh ilə 36 ay müddətinə, illik 24 faiz ödənilməsi şərti ilə, 5000 manat məbləğində kredit verilmişdir. Şəki Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli, 2(075)-8823/2016 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, 3208,37 manat məbləğində əsas borcun, 864,24 manat məbləğində adi faiz borcunun, 193,52 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4266,12 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və X2 müştərək qaydada iddiaçı ASC "Xalq” Bankının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, tələb qismən əsaslıdır. Belə ki, iddia tələbi əsasından Şəki Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(075)-1691/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/7837 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2013cü il tarixli **********26013 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə qədər 589,07 manat məbləğində faiz borcu (24 faizlə), xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə İllik 5% (beş faiz) dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 21 % (iyirmi bir faiz) dərəcəsi ilə hesablanmış 739,54 manat məbləğində əldən çıxmış fayda (zərər) və xx.xx.2020-ci il tarixədək ödənilməsi gecikdirilmiş məbləğə görə illik 39 faiz olmaqla 947,29 manat cərimə borcu vardır. Məhkəmə bu qənaətə gəlir ki, borc məbləğləri müəyyən edilərəkən əldən çıxmış faydaya görə illik 18% zərər məbləği də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında müəyyən edilmişdir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə Mülki Məcəllənin 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Bundan başqa cərimənin ödənilməsi tələbinin hüquqi əsаslаrını müəyyən edən Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 460.1-ci mаddəsində göstərilmişdir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci mаddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci mаddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci mаddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 467-ci mаddəsinə əsasən məhkəmə işin hаllаrını nəzərə аlаrаq tənаsübsüz surətdə yüksək dəbbə pulunu аzаldа bilər. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. İş mаteriаllаrındаn göründüyü kimi, kreditоrun bоcluyа hesаblаdığı cərimələr tənаsübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab edir ki, xx.xx.2013-cü il tarixli **********26013 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 947,29 manat manat cərimə borcu azaldılaraq 50 manat məbləğində müəyyən edilməli və bununla da cavabdehin mülkiyyət maraqları qorunmuş və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmış olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2013-cü il tarixli **********26013 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə 589,07 manat borc məbləği, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 21 faiz dərəcəsi ilə hesablanmış 739,54 manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 50 manat cərimə olmaqla, cəmi 1378.61 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 43 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il tarixli **********26013 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə 589,07 manat borc məbləği, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 21 faiz dərəcəsi ilə hesablanmış 739,54 manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 50 manat cərimə olmaqla, cəmi 1378.61 manat məbləğində pul vəsaiti və ödənilmiş 43 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar