Məhkəmə qərarları › İş №e-2(075)-509/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-509/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-509/2023 27.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASCnin xeyrinə 16215.64 manat əsas borc, 1903.94 manat faiz borcu və 211.57 manat cərimə borcu olmaqla, cəmi 18331.15 manat borcun və 146 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 21% olmaqla 17500 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 27 mart 2023-cü il tarixdə məhkəməyə ünvanladığı elektron ərizəsində məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən bank ona 36 ay müddətinə, illik 21% olmaqla 17500 manat məbləğində nəğd kredit vermişdir. O, həmin kredit müqaviləsinə əsasən krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Maddi imkanı aşağı olduğu üçün borcunu tam olaraq ödəyə bilməmişdir. Bildirmişdir ki, 2022-ci ilin yanvar ayında işdən çıxmışdır. Buna görə də, borcunu ödəyə bilməmişdir. Bankla razılığa gəlsələr, banka olan borcunu ayda 300 manat olmaqla hissə-hissə ödəyə bilər. İşlədiyi vaxtlarda borcunu hər ay ödəmişdir, həmin vaxtlarda gecikməsi olmamışdır. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra borcunu hissə-hissə ödəyəcəkdir. Müvafiq qətnamə çıxarılmasına etiraz etməmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 36 ay müddətinə, illik 21% olmaqla 17500 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 17500 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 36 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "Bank of Baku” ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən "Bank of Baku” ASC-yə 16215,64 manat əsas borc, 1903,94 manat faiz borcu və 211,57 manat cərimə borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh ilə "Bank of Baku” ASC arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 21% olmaqla 17500 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməli və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16215.64 manat əsas borc, 1903.94 manat faiz borcu və 211.57 manat cərimə borcu olmaqla, cəmi 18331.15 manat borc və 146 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli güzəştli kredit müqaviləsi ləğv edilsin və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16215.64 manat əsas borc, 1903.94 manat faiz borcu və 211.57 manat cərimə borcu olmaqla, cəmi 18331.15 manat borc və 146 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar