Məhkəmə qərarları › İş №e-2(075)-546/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-546/2023

29.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-546/2023 29.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2009-cı il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün aliment məbləğini artıraraq hər ay, hər uşaq üçün 220 manat (iki yüz iyirmi) manat aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia ərizəsini müdafiə edərək bildirdi ki, iddiaçı Cavabdeh ilə xx.xx.2005-ci ildə ailə həyatı qurmuşdur. Onunla birgə nikahlarından xx.xx.2009-cı il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər səmimi yaşasalarda sonradan aralarında bir çox narazılıqlar yaranmış və buna görədə ayrılmışlar. Şəki Rayon Məhkəməsinin xx.xx.2013-ci il tarixli, 2(075)-1436/2013 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş uşaqlar onun himayəsində saxlanılmış və onların saxlanılması üçün hər ay 50 (əlli) manat aliment tutulması qərara alınmışdır. Bundan sonra bir neçə dəfə iddiaçının müraciəti əsasında aliment məbləğləri artılılmışdır. Belə ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-1157/2016 saylı qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş uşaqların saxlanılması üçün hər ay 80 (səksən) manat məbləğində aliment tutulması qərara alınmışdır. Şəki Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-1490/2020 saylı qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş uşaqların saxlanılması üçün hər ay 110 (bir yüz on) manat məbləğində aliment tutulması qərara alınmışdır. Uşaqlar böyüdükcə onların xərcləridə artmaqdadır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, mağazada satıcı kimi işləyir və aylıq əmək haqqısı 345 manatdır. Himayəsində xəstə anası var. Uşaqlarının saxlanılmaları üçün aliment ödəməkdən imtina etmir. Lakin maddi vəziyyəti aşağı olduğundan təyin edilmiş alimenti belə ödəməkdə çətinlik çəkir. Bütün bunları nəzərə alaraq məhkəmədən alimentin artırılmamasını xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkilinin və cavabdehin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 15 dekabr 2009-cu il təvəllüdlü X5 və 19 mart 2011-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(075)-1490/2020 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan uşaqları 15 dekabr 2009-cu il təvəllüdlü X5 və 19 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli, 2(075)-1157/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər bir uşaq üçün 80 manat, iki uşaq üçün cəmi 160 manat aliment məbləği artırılaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 110 manat, iki uşaq üçün 220 manat aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçının vəkili həmin aliment məbləği ilə X2 və X3 tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşağın tələbatlarının artmasını ilə əsaslandırmışdır. İddiaçının vəkili iddianı müdafiə edir. Cavabdeh isə maddi imkanının aşağı olduğunu bildirərək alimentin artırılmamasını xahiş edir. Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli, 2(075)-1436/2013 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahdan anadan olan uşaqları 15 dekabr 2009cu il təvəllüdlü Arzunun və 19 mart 2011-ci il təvəllüdlü Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 50 manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(075)-1490/2020 saylı qətnaməsindən görünür ki, 15 dekabr 2009-cu il tarixdə anadan olmuş X5 və 19 mart 2011-ci il anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli, 2(075)-1157/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər bir uşaq üçün 80 manat, iki uşaq üçün cəmi 160 manat aliment məbləği artırılaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 110 manat, iki uşaq üçün 220 manat aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 15 dekabr 2009-cu il təvəllüdlü X5 və 19 mart 2011-ci il təvəllüdlü X2 ataları Cavabdeh, anaları isə İddiaçıdır. 26 dekabr 2022-ci il tarixli, MŞŞ/1/02181 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(075)-1490/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 15 dekabr 2009-cu il təvəllüdlü X5 və 19 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 15 dekabr 2009-cu il təvəllüdlü X3 və 19 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 53.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15 dekabr 2009-cu il təvəllüdlü X3 və 19 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat olmaqla, 280 (iki yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 53.60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar