Məhkəmə qərarları › İş №e-2(075)-608/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-608/2022

30.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-608/2022 30.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyanın 16 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişərək hər uşağın saxlanılması ücün ayda 195 manat sabit pul məbləğində alimentin və uşaqların saxlama xərci, əlavə müalicə xərclərə görə cavabdehdən hər ay 200 manat pul tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 01 noyabr 2013-cü il tarixli qətnaməsi ilə 24 oktyabr 2009-cu il tarixdə anadan olmuş X3 və 21 fevral 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa 50 əlli manat aliment kəsilərək ona verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişdirilərək hər ay hər uşaq ücün 70 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda uşaqların saxlanıması ücün tələb olunan xərclər artmışdır. Belə ki, uşaqlardan Ayxan xəstədir və hər ay onun müayinəsinə 150 manat xərc çəkir. Bundan əlavə də uşaqların qida, geyim və mədəni-məişət xərcləri artmışdır. Müəyyən olunmuş alimentin bu miqdarı onların tələbatının çox cüzi hissəsini ödəyir. Cavabdeh kənddə usta işləməklə kifayət qədər qazanc və gəlirə malikdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddiaçı ilə birgə nikahlarından 24 oktyabr 2009-cu il təvəllüdlü X5 və 21 fevral 2011-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-92/2014 saylı, 16 yanvar 2014-cü il tarixli qətnaməsi ilə onların birgə nikahlarından olan 24 oktyabr 2009-cu il təvəllüdlü X5 və 21 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat məbləğində aliment təyin edilmişdir. Özü yenidən nikaha daxil olmuşdur və himayəsində xəstə uşağı vardır. Uşaqlarının saxlanılmaları üçün aliment ödəməkdən imtina etmir. Lakin maddi vəziyyəti aşağı olduğundan təyin edilmiş alimenti belə ödəməkdə çətinlik çəkir. Bütün bunları nəzərə alaraq məhkəmədən alimentin artırılmamasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili)nin və cavabdehin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 24 oktyabr 2009-cu il təvəllüdlü X5 və 21 fevral 2011-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-92/2014 saylı, 16 yanvar 2014-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan uşaqlaı 24 oktyabr 2009-cu il təvəllüdlü X5 və 21 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 70 manat aliment təyin edilmişdir. İddiaçı həmin aliment məbləği ilə uşaqların tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşaqların tələbatlarının artmasını ilə əsaslandırmışdır. İddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edir. Cavabdeh isə maddi imkanının aşağı olduğunu bildirərək alimentin artırılmamasını xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Apellyasiya Məhkəməsinin 2(107)-92/2014 saylı, 16 yanvar 2014-cü il tarixli qətnaməsindən görünür ki, 24 oktyabr 2009-cu il təvəllüdlü X5 və 21 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 70 manat alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-92/2014 saylı, 16 yanvar 2014-cü il tarixli qətnaməsindən görünür ki, 24 oktyabr 2009-cu il təvəllüdlü X5 və 21 fevral 2011-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. 18 yanvar 2022-ci il tarixli, 20221-008552 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 2(107)-92/2014 saylı, 16 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılmaları üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 24 oktyabr 2009-cu il təvəllüdlü X5 və 21 fevral 2011ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə iddianın uşaqların saxlama xərci, əlavə müalicə xərclərə görə cavabdehdən hər ay 200 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibət bildirərək hesab edir ki, iddiaçı tərəfindən uşağın xəstəliyi ilə bağlı xərc çəkilməsi barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə əsaslı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 24 oktyabr 2009-cu il təvəllüdlü X5 və 21 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Apellyasiya Məhkəməsinin 2(107)-92/2014 saylı, 16 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 51.20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 24 oktyabr 2009-cu il təvəllüdlü X5 və 21 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 51.20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar