Məhkəmə qərarları › İş №e-2(075)-616/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-616/2024

02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-616/2024 02.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay üçün 250 manat sabit pul məbləğində müəyyən edilərək həmin məbləğdə alimentin və mediasiya sessiyası ilə bağlı ödədiyi 60 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh birgə nikahdan 27 sentyabr 2011-ci il təvəllüdlü X2 adlı bir övladı anadan olmuşdur. Onlar sonradan ayrılmış və uşaq onun himayəsində saxlanılmışdır. Həmçinin, Şəki Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli, 2 (075)-2783/2018 nömrəli qətnaməsinə əsasən onunla Cavabdeh arasında 01 oktyabr 2010-cu il tarixdə Şəki şəhər İHB-nin Baş Küngüt kənd İcra Nümayəndəliyində bağlanmış 14 nömrəli nikah pozulmuş, onların birgə nikahdan olan uşağı - 27 sentyabr 2011-ci il təvəllüdlü X2 onun yanında qalmış, 27 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay üçün sabit pul məbləğində 110 manat alimentin tutularaq ona verilməsi qərara alınmışdır. Bir uşağa görə 110 manat aliment məbləği indiki zamana görə çox azdır, uşağa baxmaq üçün kifayət etmir. Günü gündən uşağın tələbatları artır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, paltarla təmin olunmalı, təhsili və uşaqların dünya görüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Belə bir vəziyyətdə uşağa baxmaq onun üçün maddi cəhətdən çox çətindir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin artırılması tələbi ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir və mediasiya prosesində 27 sentyabr 2023-cü il tarixdə iştirak etmişdir. Lakin, qarşı tərəf mediasiya sessiyasında iştirak etmədiyindən mübahisənin mediasiya prosessində həll edilməsi mümkün olmamışdır. Göründüyü kimi cavbdehdən yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə məhkəmə aktının çıxarılmasından xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. İşdə iştirak edən şəxslərin mövqeyi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinəbaxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçı elektron qaydada müraciət ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın tam edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 dekabr 2018-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında bağlanmış nikah 18 dekabr 2018-ci il tarixdə ləğv olunmuşdur. Nikah pozulduqdan sonra arvada Qurbanova soyadı verilmişdir - Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 iyul 2012-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 sentyabr 2011-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə X3r. - Şəki Rayon Məhkəməsinin xx.xx.2018-cu il tarixli 2(075)-2783/2018 saylı qətnaməsindən görünür ki, 27 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay üçün sabit pul məbləğində 110 manat alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. - 27 sentyabr 2023-cü il tarixli, MŞŞ/MT018/2023-02312 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı qərarının 8.7 və 8.13-cü bəndlərində qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclər daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. Məhkəmənin mövqeyi: İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını, müəyyənləşdirilmiş aliment məbləğinin uşaqların tələbatının çoxalması və onların tələbatını qarşılamaq üçün təyin olunmuş alimentin məbləğinin az olmasına əsaslanmaqla tələb etmişdir Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Şəki Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun xeyrinə 110 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyacının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün isə 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-2783/2018 saylı, 13 noyabr 2018-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini, qeyd edilən məhkəmə qətnaməsinin qəbul edilməsindən 5 ildən çox vaxt keçməsini, ailə qanunvericiliyinə əsasən uşağı saxlamağın hər iki valideynin vəzifəsi olmasını, 27 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq 180 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehlə könüllü olaraq alimentin artırılması barədə razılaşma olmaması cavabdehi uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(075)-2783/2019 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılmalı, Cavabdeh 27 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 13 noyabr 2018-cu il tarixli 2(075)-2783/2019 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılsın. Cavabdeh 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh ödənilmiş 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar