Məhkəmə qərarları › İş №e-2(075)-62/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-62/2023

14.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-62/2023 14.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1, onların vəkili, həmçinin İddiaçı4 etibarnaməsi üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğluna qarşı ümumi istifadədə olan yoldan istifadəyə maneələrin aradan qaldırılması və yolun girişinə quraşdırılmış qapıların götürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən, İddiaçı3, Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğlunun fərdi yaşayış evlərinin arxa hissəsindən keçməklə ümumi istifadədə olan yolun (dalanın) ölçülərinin müəyyən edilməsi, həmin yolun girişinə mərhum X2 tərəfindən quraşdırılmış darvaza və piyada giriş qapısının götürülməsi, İddiaçı3, Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğlunun fərdi yaşayış evlərinin arxa hissəsindən keçməklə ümumi istifadədə olan yola (dalana) Cavabdeh2 tərəfindən yığılmış tikinti materiallarının, avtomobil ehtiyyat hissələrinin, karton qutuların,həmçinin yolun daralmasına səbəb olan digər əşyaların cavabdehin hesabına götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən məhkəmə, mülki proses tərəflərinin rəylərini nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən İddiaçı3 əsl İddiaçı4 ilə əvəz edilmişdir. Mülki işə məhkəmədə baxılarkən Şəki şəhər Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, ünvan 1 ünvanlarında yerləşən, iddiaçılara məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadə yolunun (dalanın) ölçülərinin müəyyən edilməsi və həmin yoldan iddiaçıların sərbəst şəkildə istifadə etməsinə cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılması, ünvan 1 ünvanlarında yerləşən, iddiaçılara məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadə yolunun (dalanın) girişinə quraşdırılmış böyük və kiçik qapıların götürülməsi və həmin qapıların götürülməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən maneənin aradan qaldırılması və ünvan 1 ünvanlarında yerləşən, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı4 məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadə yoluna (dalan) Cavabdeh2 tərəfindən yığılmış tikinti materiallarının, avtomobil ehtiyyat hissələrinin, karton qutuların, həmçinin yolun (dalanın) daralmasına səbəb olan digər əşyaların cavabdehin hesabına götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 məhkəməyə ərizə təqdim edərək ümumi istifadədə olan yolun girişinə quraşdırılmış böyük və kiçik qapıların iddiaçıların öz hesabına götürülməsinə etiraz etmədiklərini bildirmişlər. Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(075)-62/2023 saylı qərardadı ilə ünvan 1 ünvanlarında yerləşən, iddiaçılara məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadə yolunun (dalanın) ölçülərinin müəyyən edilməsi hissəsi üzrə icraata xitam verilmişdir Həmçinin Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(075)-62/2023 saylı qərardadı ilə iddia tələbi “yolun (dalanın) daralmasına səbəb olan digər əşyaların cavabdehin hesabına götürülməsi” hissəsində baxılmamış saxlanılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğlu 2021-ci ildə 40 ildən artıq ümumi istifadədə olan, Şəki şəhəri Nəriman Nərimanov küçəsində yerləşən özlərinə məxsus fərdi yaşayış evlərinin arxa hissəsindən keçən yolu (dalanı) zəbt etmək istəmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək İddiaçı3, Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğlunun fərdi yaşayış evlərinin arxa hissəsində yol olub-olmaması haqqında məlumat verilməsini xahiş etmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 24 may 2021-ci il tarixdə verilmiş **********47 saylı cavabda kadastr və daşınmaz əmlakın qeydiyyatı xəritəsinə əsasən İddiaçı3, Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğlunun fərdi yaşayış evlərinin arxa hissəsinin yol olduğu və həmin hissədəki torpaq sahəsinin onların xüsusi mülkiyyətində olmadığı bildirilmişdir. Cavabdeh2 həmin yolun (dalanın) özünə məxsus evin arxa hissəsindən keçən hissəsinə tikinti materialları, avtomobil ehtiyat hissələri, karton qutular, digər əşyalar və tullantılar yığmaqla daraltmışdır. Cavabdeh2 ümumi istifadədə olan həmin yola yığdığı tikinti materialları, avtomobil ehtiyat hissələri, karton qutular, digər əşyalar və tullantıların götürülməsinə köməklik göstərilməsi üçün Şəki şəhər-rayon Polis şöbəsinə müraciət olunmuş, lakin mülki mübahisə olduğu bildirilərək məhkəməyə müraciət etmələr tövsiyə edilmişdir. Cavabdeh1 yolun (dalanın) özünəməxsus həyətyanı torpaq sahəsi ilə sərhəddində divar və ya hər hansı nişan olmadığından həmin hissənin sərhəddinin tanıdılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və həmin xidmətin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət olunmuş, xidmətin 12 saylı Şəki Ərazi idarəsinin əməkdaşları tərəfindən yolun sərhədləri tanıdılmış, Cavabdeh1 həmin vaxt dəvət edilsə də gəlməmişdir. Lakin yolun (dalanın) sərhədlərini əks etdirən hər hansı sxem təqdim edilməmiş, məhkəməyə müraciət etmələr tövsiyyə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********67 saylı məktubunda və xidmətin 12 saylı Şəki Ərazi idarəsinin xx.xx.2021ci ii tarixli, **********09 saylı məktubunda da elektron kadastr məlumat bazasına əsasən İddiaçı3, Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğlunun fərdi yaşayış evlərinin arxa hissəsindəki torpaq sahəsinin ümumi istifadədə olan yol olmaqla bələdiyyə mülkiyyətində olduğu bir daha göstərilmişdir. Cavabdeh1 2022-ci ilin fevral ayının sonlarında həmin yolun(dalanın) özünəməxsus olan həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin arxasından keçən hissəsini zəbt etmək məqsədilə yolun (dalanın) girişinə mişar daşı tökərək yolu (dalanı) bağlamış, Şəki rayon Prokurorluğuna, Şəki şəhər-rayon Polis şöbəsinə, Şəki Bələdiyyəsinə, Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə müraciətlərindən sonra xx.xx.2022-ci il tarixdə Şəki Bələdiyyəsinin və Şəki şəhər-rayon Polis şöbəsinin əməkdaşlarının iştirakı ilə yolun(dalanın) açılması təmin edilmişdir. Bələdiyyə mülkiyyətində olan həmin yolun(dalanın) girişində hazırda darvaza və piyada qapısı da vardır. Həmin darvaza və qapı uzun illər əvvəl mərhum X2 tərəfindən qoyulmuşdur. Həmin darvaza və qapı gündüz vaxtları örtülü, axşamlar isə bağlı saxlanılır. Cavabdeh1 və Cavabdeh2 darvaza və qapının götürülməsinə maneə törədirlər ki, bu da son nəticədə yolun (dalanın) digər istifadəçiləri olan onlara də, maneə yaradır. Evlərinə gələn qonaqlar da normal şəkildə gəlib-gedə bilmirlər. Çingiz və Azər onlara məxsus evlərə gələn insanları “bura yol deyil” deyərək geri qaytarmağa çalışırlar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğluna, həmçinin üçüncü şəxslər Şəki şəhər Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, üçüncü şəxslər nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 Müxrəddin oğlu, onların vəkili, həmçinin İddiaçı4 etibarnaməsi üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X3 göstərmişdir ki, Reyestr Xidməti tərəfindən Cavabdeh2 xx.xx.2018-ci il tarixdə verilmiş "Texniki pasport"a əsasən, iddiaçıların yol hesab etdikləri Azərin evinin arxası solu və sağı qonşu ərazilər, qarşısı isə küçə göstərilmiş və küçəyə çıxış darvazası da, orada qeyd edilmişdir. Google.com/maps saytında açılan xəritədə iddiaçıların evlərinə gedən yolun cavabdehlər Çingizin və Azərin evlərinin arxası yox, əksinə, qarşıdakı dalandan olması göstərilmişdir, bu da Reyestr Xidməti tərəfindən verilən arayışları təkzib edir. Google.com/maps saytında açılan xəritədə istənilən adamın, indiki halda iddiaçıların və Azərin evlərini qeyd edib, onların evlərinə gedən yol sorğusu verilir, sistem özü sorğuya cavab olaraq, evlərə gediş yolunu təqdim edir. Buradan da məlum olur ki, iddiaçıların evlərinə gediş yolu qarşıdakı dalandandır və bu, təkzib olunmaz sübutdur. Reyestr Xidmətinin elektron baza sistemindəki xəritədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evlərinin arxasındakı ərazilərin küçə və ya dalan olması yox, sadəcə, bələdiyyəyə məxsus olması göstərilmiş, bu da Reyestr Xidmətinin məhkəməyə təqdim etdiyi arayışda ümumi istifadədə olan yol olması anlamına gəlmir. Reyestr Xidmətinin məhkəməyə təqdim etdiyi arayışda göstərilən ölçülər, Cavabdeh1 Reyestr Xidməti tərəfindən verilmiş texniki pasportdakı olçülərlə və Reyestr Xidmətinin elektron baza sistemindəki xəritədəki olçülərlə uyğunsuzluq təşkil edir, bu da arayışın hansı əsasda tərtib edilməsi sualını ortaya çıxarır. Cavabdeh1 istifadəsində olan 0.072 ha (720 kv.m) torpaq sahəsi daxilindəhər hansı sərhəd göstərici tikili olmadığı üçün, sənədlə verilmiş 0.06 ha sahənin sərhədləri Reyestr Xidməti tərəfindən özbaşına təyin edilmiş və bu da Cavabdeh1 verilmiş texniki pasportda öz əksini tapmışdır. İddiaçıların evlərinə sukanalizasiya və elektrik xəttləri cavabdehlərin evlərinin arxasındakı ümumi istifadədə olan yoldan yox, qarşıdakı dalandan çəkilmişdir, bu da, o deməkdir ki, iddiaçıların evlərinə gedən əsas yol qarşıdakı dalandır. Qarşıdakı dalana öz həyətindən Cavabdeh2 darvaza, Bəhərçin və İddiaçı1lar isə öz həyətlərindən piyada giriş qapısı qoymuşlar və dalandan maneəsiz istifadə edə bilirlər. Fövqəladə hadisə zamanı iddiaçıların evlərinə yangınsöndürən maşının, həmçinin, təcili yardım maşınının iddia olunan ümumi istifadədə olan yoldan yox, yalnız qarşıdakı dalandan yaxınlaşması mümkündür. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 Müxrəddin oğlu X3 ilə eyni məzmunlu izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, qeyd olunan əraziyə onun tərəfindən tikinti materialları, avtomobil ehtiyyat hissələri, karton qutuları yığılmışdır. İş materiallarına əlavə edilmiş **********57-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş **********57-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0.06 hektar torpaq sahəsində yerləşən 142 kvadratmetr fərdi yaşayış evi İddiaçı1 və İddiaçı2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 09 yanvar 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı3 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini İddiaçı4 bağışlamışdır. İş materiallarına əlavə edilmiş **********90-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda 0.026 hektar torpaq sahəsində yerləşən 152.17 kvadratmetr fərdi yaşayış evi İddiaçı4 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş **********28-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Şəki şəhəri, Nəriman Nərimanov küçəsi, 60 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş **********28-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Nəriman Nərimanov küçəsi, 60 ünvanda 0.034 hektar torpaq sahəsində yerləşən 127.9 kvadratmetr fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş **********82-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş **********82-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda 0.06 hektar torpaq sahəsində yerləşən 137.3 kvadratmetr fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. İş üzrə qanuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(075)-1931/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2023-cü il tarixli, 10/197 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 ümumibirgə mülkiyyətində olan torpaq sahəsindən sxemdə göstərilən 1 və 2 yoluna çıxış mövcuddur, lakin İddiaçı3 1 yoluna çıxışı var. Cavabdehlər Cavabdeh2 1 və 2 yoluna çıxışı var, Cavabdeh1 Muxrəddin oğlunun 1 yoluna və N.Nərimanov küçəsinə çıxışı var (sxem mütəxəssis rəyinə əlavə edilmişdir). İş üzrə qanuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(075)-62/2022 saylı qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2023-cü il tarixli, 10/5528 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 ümumibirgə mülkiyyətində olan torpaq sahəsindən sxemdə göstərilən 1 və 2 yoluna çıxış mövcuddur lakin, İddiaçı4 1 yoluna çıxışı vardır və sözügedən yolların ölçüləri sxemdə öz əksini tapmışdır. (sxem mütəxəssis rəyinə əlavə edilmişdir). İddiaçı4 məxsus olan 60d nömrəli fərdi yaşayış evinin və cavabdehlər Cavabdeh1 Muxrəddin oğlu və Cavabdeh2 evlərinin arxa hissəsindən ümumi istifadədə olan yol olmaqla Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi mövcuddur. Sözügedən yolun başlanğıcında Şəki şəhəri, N.Nərimanov küçəsinə açılan hissəsində bir ədəd darvaza və bir ədəd giriş qapısı mövcuddur və Cavabdeh1 Muxrəddin oğlunun mülkiyyətində olan torpaq sahəsində yerləşmir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri, Nəriman Nərimanov küçəsində tərəflərə məxsus evlər yerləşir. Onlara məxsus evlərin arxa hissəsində bələdiyyənin mülkiyyətində olan ümumi istifadədə olan yol vardır. Həmin yolun başlanğıcına qapı qoyulmuş və cavabdehlər tərəfindən həmin yoldan iddiaçıların istifadəsinə maneələr törətmişlər. Həmçinin həmin yola Cavabdeh2 tərəfindən tikinti materialları, avtomobil ehtiyyat hissələri, karton qutuları yığılmışdır. İddiaçılar da, həmin maneələrin aradan qaldırılması üçün hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Cavabdehlər isə iddianı qəbul etmillər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən açılması tələb edilən yol bələdiyyənin mülkiyyətində olmaqla ümumi istifadədə olan yol olduğu üçün həmin yolun cavabdehlər tərəfindən qanunsuz zəbt edilməsi, həmçinin həmin yoldan istifadəyə maneələr yaradılması iddiaçıların hüquqlarını pozur. Cavabdehlərin həmin ərazinin bələdiyə mülkiyətində olsa da, ümumi istifadə üçün nəzərdə tutulmuş yol olmamasına dair bildirdikləri ekspertizanın rəyi ilə və iş materialları ilə təkzib olunur. Yola qoyulmuş qapı iddiaçıların mülkiyətlərində olan daşınmaz əmlakdan sərbəst istifadəyə maneə yaradır. Bu hal iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri ilə də, təsdiq olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, ümumi istifadədə olan yola yığılmış tikinti materiallarının, avtomobil ehtiyyat hissələrinin, karton qutuların götürülməsini iddiaçılar tələb etməkdə haqlıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə həmin rəylə razılaşır və rəyi sübut növü kimi qəbul edir. “X5rşı” işi üzrə 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia təmin qismən edilməli, ünvan 1 ünvanlarında yerləşən, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı4 məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadədə olan yoldan iddiaçıların sərbəst şəkildə istifadə etmələrinə cavabdehlər tərəfindən edilən maneə aradan qaldırılmalı, həmin yolun (dalanın) girişinə quraşdırılmış böyük və kiçik qapılar iddiaçıların vəsaiti hesabına götürülməli və həmin qapıların götürülməsinə cavabdehlər tərəfindən edilən maneələr aradan qaldırılmalı, həmin yola (dalana) Cavabdeh2 tərəfindən yığılmış tikinti materialları, avtomobil ehtiyyat hissələri və karton qutular Cavabdeh2 öz hesabına götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu tələb etmədiklərindən onların özlərinə aid edilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanlarında yerləşən, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı4 məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadədə olan yoldan iddiaçıların sərbəst şəkildə istifadə etmələrinə cavabdehlər tərəfindən edilən maneə aradan qaldırılsın. Həmin yolun girişinə quraşdırılmış böyük və kiçik qapılar iddiaçıların vəsaiti hesabına götürülsün və həmin qapıların götürülməsinə cavabdehlər tərəfindən edilən maneələr aradan qaldırılsın. Həmin yola Cavabdeh2 tərəfindən yığılmış tikinti materialları, avtomobil ehtiyyat hissələri və karton qutular Cavabdeh2 öz hesabına götürülsün. Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(075)-62/2023 saylı qərardadı ilə iddia tələbinin “ünvan 1 ünvanlarında yerləşən, iddiaçılara məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadə yolunun (dalanın) ölçülərinin müəyyən edilməsi” hissəsində xitam verilməsi nəzərə alınsın. Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(075)-62/2023 saylı qərardadı ilə iddia tələbinin “yolun (dalanın) daralmasına səbəb olan digər əşyaların cavabdehin hesabına götürülməsi” hissəsində baxılmamış saxlanılması nəzərə alınsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar