Məhkəmə qərarları › İş №e-2(075)-646/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-646/2024

16.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-646/2024 16.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh3 və cavabdehlərin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 saylı evə istifadə hüqunun tanınması, ümumi istifadə qaydalarının müəyyən edilərək onun və övladlarının həmin evə köçürülməsi və mülkiyyətlərində olan torpaq sahəsinə giriş çıxışlarına olan maneələr aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum əri X10 ilə 09 aprel 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 12 iyul 2007-ci il tarixdə Tunar və 01 iyul 2009-cu il tarixdə Nəzrin adlı övladları anadan olmuşdur. O hazırda mübahisə predmeti olan evə gəlin düşmüş və ev həmin dövrdə qayınatası Cavabdeh3 məxsus olmuşdur. Onlar həmin evdə yaşamışlar və övladları həmin evdə dünyaya gəlmişdir. Sonralar onlar öz vəsaitləri hesabına həmin evdə özlərinə 1 otaq, 1 mətbəx, 1 hamam və sanitar qovşaq və altıaçıq (naves) tikmişlər. Qeyd olunan ünvanda onlarla ərinin valideynləri, əri, o və övladları yaşamışlar. X20 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hələ onun sağlığında onun valideynləri ailələrinə müdaxilələr etdiyi üçün onlar məcbur olub kirayə ev tutub çıxmışlar. Lakin mütəmadi olaraq həmin evə gedib gəlmişlər. Hətta onlara məxsus əmlaklar da həmin evdədir. Cavabdehlər həmin evdə normal yaşamaqlarına imkan vermədikləri üçün onlar məcbur valideynlərinə məxsus evə köçməli olmuşlar. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən çıxarışa əsasən həmin fərdi yaşayış evinə 1/15 onun, iki hissə 1/15 olmaqla övladlarının mülkiyyət hüquqları qeydə alınmışdır. Cavabdehlər nəvələrinə onların həssas dönəmində diqqət və qayğı göstərməmələri bir yana, maddi yardımsız qoymaları bir yana sözügedən evi qanunsuz sənədləşdirməklə onların tikdidiyi hissəni də öz evləri kimi göstərərək hüquqlarını sonradan tikilən hissəyə də qeydiyyata aldırmaqla onları evə buraxmırlar. Beləliklə, cavabdehlərin qanunsuz və əsassız təzyiqləri nəticəsində məcbur olub uşaqlarını da götürüb valideynlərinin evinə sığınmışdır. Belə ki, artıq əri Turalın vəfatından sonra onlar ona artıq gəlinləri olmadığını və çıxıb getmələrini bildirmişlər. Lakin yas ərəfəsində də həmin evdə yaşamışlar və yas mərasimi məhz onların özlərinin tikdiyi otaqda verilmişdir. Onlar həmin ünvana rəsmi pasport qeydiyyatına alınmış və hazırda da bu ünvanda qeydiyyatdayıq. Onun himayəsində olan uşaqlara baxmaqda maddi çətinlikləri var. Hazırki ev şəraiti onların özləri üçün tikdirdikləri evin şəraiti ilə eyni deyil. Onun kirayə ev tutub yaşamağa da maddi imkanı yoxdur. Bu şərtlərlə onların yaşamaqları hər birinə çətilnlik yaradır. Bunlar isə cavabdehlərin onların hüququ olan evə buraxmaması və evdən qanunsuz qovması nəticəsində baş vermişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahat bildirdi ki, o, X2 ilə 2006-cı ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarınadn iki övladları anadan olmuşdur. Ailə qurduqdan sonra mübahisəli ünvanda yerləşən mənzilə gəlin köçmüş, və bir müddət burada yaşamışlar. Ərinin valideynləri ailələrinə müdaxilə etdiyi üçün kirayə ev tutub çıxmışlar. Mərhum əri 04 aprel 2022-ci il tarixdə vəfat etmişdir. Yas mərasimi həmin evdə keçirilmiş və o, da iştirak etmişdir. Lakin yas mərasimindən sonra mərhum ərinin valideynləri onu uşaqları ilə həmin evdən çıxardıqlarına görə, o atası evinə qayıtmışdır. Hal-hazırda uşaqları ilə birlikdə atası evində yaşayırlar. Birgə nikah dövründə mübahisələndirilən evdə yoldaşı təmir-tikinti işləri aparmışdır. Ailə quran zaman həmin ev qayınatasının adına olmuş, lakin həmin dövrdə qayınatası ilə onun arasında istifadə hüququnun tanınması ilə bağlı hər-hansı notarial qaydada təsdiqlənmiş müqavilə bağlanmamışdır. Bundan başqa cavabdehlər onun və uşaqlarının mülkiyyətlərində olan Şəki rayonu, Qoxmuq kəndində yerləşən torpaq sahəsindən istifadə etmələrinə maneələr yaradırlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 izahat verərək bildirdi ki, iddianı müdafiə edir. İddiaçı mübahisələndirilən evə 2006-cı il tarixdə gəlin köçmüşdür. Birgə nikahlarından olan övladları həmin evdə dünyaya gəlmişlər. Qeyd edilən evin sonradan artırılan hissələri var ki, həmin hissələr birgə nikah dövründə X2nun öz vəsaiti hesabına inşa edilmişdir. Sonradan aralarında münaqişələr yarandığından mərhum əri ilə kirayə ev tutub çıxmışlar. Lakin mütəmadi olaraq gediş-gəliş olmuşdur. Həmçinin iddiaçının ona məxsus əşyalarıda həmin evdə qalmaqdadır. Mərhumun dəfn mərasimi orada keçirilmişdir, iddiaçı da həmin mərasimlərdə iştirak etmişdir. Bundan başqa cavabdehlər onun və uşaqlarının mülkiyyətlərində olan Şəki rayonu, Qoxmuq kəndində yerləşən torpaq sahəsindən istifadə etmələrinə maneələr yaradırlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək bildirdi ki, iddianı qəbul etmir. İddiaçı onun mərhum oğlu X10 ilə ailə həyatı qurmuşdur. O və uşaqları mübahisələndirilən evdə yaşamışlar. Oğlu vəfat etdikdən sonra evi öz adına rəsmiləşdirmiş, 2022-ci ildə isə qızına bağışlamışdır. Mərhum oğlu vəfat etdikdən sonra gəlininə həmin evdə qalmalarını təklif etsə də, o buna etiraz etmişdir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 izahat verərək bildirdi ki, iddianı qəbul etmirlər. İddiaçı ilə X2 ailə quran zaman, mübahisələndirilən fərdi yaşayış evi Cavabdeh3 mülkiyyətində olmuşdur. Lakin həmin dövrdə iddiaçı ilə qayınatasının arasında əmlakdan istifadə hüququnun tanınması ilə bağlı notarial qaydada təsdiq edilmiş hər-hansı bir müqavilə bağlanmamışdır. Eyni zamanda iddiaçı həmin evdə təmir-tikinti işlərinin aparıldığını qeyd etsə də, bunların hamısı həqiqəti əks etdirmir. X2 vəfat etdikdən sonra cavabdehlər iddiaçının həmin evdən çıxarılması fikrində olmamışlar. Hətta münasibətləri yaxşı olmuşdur. İddiaçı valideynlərinə məxsus həyətdə ev inşa etdirmişdir. Həmin evin tikintisinə Cavabdeh3 kifayət qədər maddi yardım göstərmişdir. Hətta mərhum oğlunun mülkiyyətində olan avtomobilin iddiaçının adına qeydiyyat alınması üçün könüllü olaraq cavabdehlər notariat ofisinə ərizə təqdim etmişlər. İddiaçı ilə cavabdehlərin paylı mülkiyyətlərində olan Şəki rayonu, Qoxmuq kəndində yerləşən torpaq sahəsində istifadələrinə cavabdehlər tərəfindən heç bir maneə törədilməmişdir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; Azərbaycan Respublikası Şəki şəhər İHB-nın Qoxmuq kənd icra nümayəndəliyi tərəfindən verilmiş 24 sentyabr 2007-ci il tarixli, AZ-İ 987695 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12 iyul 2007-ci il təvəllüdlü X5 atası X10, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Şəki şəhər İHB-nın Qoxmuq kənd icra nümayəndəliyi tərəfindən verilmiş 10 aprel 2010-cu il tarixli, AZ-İİ 444629 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 iyul 2009-cu il təvəllüdlü X3 atası X10, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 2V-647 nömrəli 18 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəliki hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X4 vərəsələri İddiaçı, X8, X11 miras əmlakdan 1/3 hissədə bərabər irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Şəki RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, BD169158 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2020181A367229, mühərrik nömrəsi **********7460 və burxaılış ili 1996-cı il olan “Daimler Chraysler C180” minik markalı, **-BT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 31 yanvar 2024-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.6 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 tam, və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.1162 ha torpaq sahəsinin 1/15 hissəsi İddiaçı, 3/15 hissəsi X9, 3/15 hissəsi Cavabdeh2, 3/15 hissəsi Cavabdeh4, 3/15 hissəsi Cavabdeh1, 1/15 hissəsi X8 və 1/15 hissəsi X5 paylı mülkiyyətlərindədir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Qoxmuq” kənd İƏD üzrə nümayəndəliyinin 15 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Məmmədova X1 qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin 23 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası ərazisində X4 adına Şəki rayonu, Qoxmuq kəndində torpaq sahəsində ümumi birgə (5 nəfər ailə üzvü) olmaqla fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınmışdır. Ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarına əsasən X4 adına paylı mülkiyyətdə (6 nəfər ailə üzvü olmaqla) Şəki rayonu, Qoxmuq kəndində JN-322 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədinə əsasən 1.29 ha əkin torpaq sahəsinin olduğu aşkar edilmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 03 fevral 2022-ci il tarixdə Şəki şəhərində ölmüşdür. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəki rayonu, Qoxmuq Ərazi Dairəsi, Qoxmuq kəndi, ev 36, ünvan 2 ünvanında qeydiyyatdadır. 21 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Məmmədov X13 rayonu, Qoxmuq kəndində yerləşən ümumi sahəsi 122.6 kv.m fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında 18 avqust 2022-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X4 vərəsələri İddiaçı, X8 və X11 miras əmlakdan 1/3 hissədə bərabər irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Şəki RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BD169158 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2020181A367229, mühərrik nömrəsi **********7460 bə buraxıləş ili 1996-cı il olan Daimler Chraysler C180 minik markalı **-BT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələrinin xx.xx.2023-cü il tarixli, 3-38-31/2-1048/2023 nömrəli məktubuna əsasən mərhum X6 ödənilməmiş 2582 (iki min beş yüz səksən iki) manat pul məbləğindən ibarətdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli evə köçürülməsi ilə bağlı mübahisə həll edilərkən, ilk öncə onun həmin evdən istifadə hüququnun olub-olmadığı müəyyən edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, iddiaçı ilə X2 09 aprel 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahlarından 12 iyul 2007ci il təvəllüdlü X11 və 01 iyul 2009-cu il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. 2006-cı ildə ailə qurduqdan sonra mübahisəli ünvanda yerləşən mənzilə gəlin köçmüş, və bir müddət burada yaşamışdır. Hazırkı mübahisəli ünvan 3 saylı fərdi yaşayış evi Cavabdeh3 Valid oğlunun adına dövlət reyestrində qeydiyyata alınmışdır. 21 sentyabr 2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən Məmmədov X13 rayonu, Qoxmuq kəndində yerləşən ümumi sahəsi 122.6 kv.m fərdi yaşayış evini qızı Cavabdeh2 bağışlamışdır. Yaşayış sahəsinin mülkiyyət forması 2006-cı ildən dəyişdiyindən, iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçı digər ailə üzvü (ərin, arvadın) kateqoriyasına aid olmaqla onun həmin evə köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir və mülkiyyətçinin razılığı isə onunla notariat qaydasında yazılı qaydada bağlanan və təsdiqlənən razılaşmanı özündə ehtiva edir. İddiaçı iddia ərizəsində 2006-cı ildən ünvan 3 saylı mənzilinə köçdüyünü bildirsə də, iddiaçı həmin fərdi yaşayış evinə köçürülən zaman nə əvvəlki mülkiyyətçi, nə də sonrakı mülkiyyətçi ilə aralarında notarial qaydada təsdiqlənmiş razılaşma əldə etməmişdir. İddiaçı mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə cavabdehlərdən istifadə hüququnun tanınmasını tələb etmək hüququna malik olan şəxlər kateqoriyasına daxil deyildir. Belə ki, iddiaçı və onun uşaqları evin məxsus olduğu şəxsin yaxın qohumu və digər qohumları sırasına daxil olmadığından, onlardan özünün və uşaqlarının saxlanmasını tələb etmək hüququna malik deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi mənzildən istifadə hüququnun tanınması, evə köçürülmə hissəsində təmin oluna bilməz. Bundan başqa iddiaçı mülkiyyətərində olan torpaq sahəsinə giriş çıxışlarına olan maneələr aradan qaldırılması barədə iddia qaldırmışdır. Hazırda mübahisə predmeti torpaq sahəsi İddiaçı onun övladlarının, və cavabdehlərin mülkiyyətindədir. Bu torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********77-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış mövcuddur. Lakin, hazırki vəziyyətdə iddiaçı və onun övladları qanuni mülkiyyətlərində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Göründüyü kimi, cavabdehlər iddiaçıya torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. Cavabdehlər tərəfindən iddiaçının və övladlarının mülkiyyətinə müdaxilə edilmiş, bu müdaxilə isə qanuni olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının və övladlarının mülkiyyətində olan torpaq sahəsinə cavabdehlər tərəfindən edilən müdaxiləyə son qoyulmalı və onların mülkiyyət hüquqları bərpa edilməlidir. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı və övladları X11 və X7 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, **********77-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətlərində olan, ünvan 3 ünvanında yerləşən 0,1162 hektar torpaq sahəsindən istifadə hüquqlarını həyata keçirməyə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən edilən maneələr aradan qaldırlmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı və övladları X11 və X7 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, **********77-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətlərində olan, ünvan 3 ünvanında yerləşən 0,1162 hektar torpaq sahəsindən istifadə hüquqlarını həyata keçirməyə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən edilən maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar