Məhkəmə qərarları › İş №e-2(075)-653/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-653/2024

15.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-653/2024 15.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 avqust 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində (lakin 235 manatdan az olmamaq şərti ilə) alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 iyul 2009-cu il tarixdə rəsmi qaydada nikah bağlamaqla ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların 17 avqust 2010-cu il tarixdə Qəzənfər adlı uşaqları anadan olmuşdur. Münasibətləri uyğun gəlmədiyindən aralarında bağlanmış nikah 02 sentyabr 2012-ci il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Aralarında bağlanmış nikah pozularkən azyaşlı uşağı onun yanında saxlanılmış, həmçinin həmin uşağın saxlanılması üçün aliment müəyyən edilmişdir. Sonuncu dəfə onun iddiası əsasında Şəki Rayon Məhkəməsinin 27 may 2019cu il tarixli qətnaməsinə əsasən həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh alınıb ona verilməli olan aliment məbləği artırılaraq hər ay üçün sabit pul məbləğində 130 manat məbləğində müəyyən edilmişdir. Lakin bu günkü bazar qiymətlərinə görə həmin məbləğ çox azdır və o, maddi cəhətdən çox çətinlik çəkir. Belə ki, Cavabdeh iki yerdə, "xxxx" QSC-də və "xxxx" MMC-də işləyir. Onun ümumi əmək haqqısı 1300 manatdan daha çoxdur. Elektron Məhkəmə Sistemi vasitəsi ilə Cavabdeh iş yeri və əmək haqqısı barədə daha ətraflı məlumat əldə etmək mümlündür. 130 manat aliment məbləği indiki zamana görə çox azdır, uşağa baxmaq üçün kifayət etmir. Günü gündən uşağın tələbatları artır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, paltarla təmin olunmalı, təhsili və uşağın dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Belə bir vəziyyətdə uşaqlara baxmaq onun üçün maddi cəhətdən çox çətindir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının dəyişdirilməklə artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, aralarında bağlanmış nikahın pozulması, aliment və digər tələblərlə bağlı Mediasiya Şurasına müraciət etmiş və mediasiya prosesində 07 yanvar 2024-cü il tarixdə iştirak etmişdir. Lakin, mübahisənin mediasiya prosesində həll edilməsi mümkün olmamışdır. Göründüyü kimi cavbdehdən yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay uşağa 130 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə məhkəmə aktının çıxarılmasından xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Odur ki, o, 17 avqust 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh alimenti onun əmək haqqısı müqabilində, yəni əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsi məbləğində tələb edir. Həmçinin, bu zaman Cavabdeh əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsi 235 manat məbləğində az olarsa, bu zaman 235 manat məbləğindən az olmamaq şərti ilə aliment tələb edir. Yəni, Cavabdeh ödəyəcəyi aliment məbləği 235 manatdan az olmamalıdır ki, o, həmin məbləğlə uşağına daha yaxşı şəraitdə baxa bilsin. İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı 19 yanvar 2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, iş üzrə bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 19 sentyabr 2010-cu il tarixli, AZ-İİ 535776 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 17 avqust 2010-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası X3r. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 21 avqust 2015-ci il tarixli, 2(075)-3986/2015 saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 02 fevral 2012-ci il tarixli, 2(075)-24/2012 nömrəli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 17 avqust 2010cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 manat aliment alınıb X4 verilməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(075)-1104/2019 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilərək 17 avqust 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 130 manat aliment tutularaq İddiaçı ödənilməai, aliment tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 07 yanvar 2024-cü il tarixli MŞŞ/MT018/2023-03084 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 19 dekabr 2023-cü il tarixdə saat 09:00dan 11:00-dək, 07 yanvar 2024-cü il tarixdə saat 09:00-dan 11:00-dək ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh İlkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan Məhkəmə elektron informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh "xxxx" QSC-də yanğınsöndürən maşın idarə edən sürücü vəzifəsində işləməklə 900 manat məbləğdə əmək haqqı alır. Habelə "xxxx" MMCdə yükdaşıyan maşın idarə edən sürücü vəzifəsində işləməklə 441,14 manat məbləğdə əmək haqqı alır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(075)-1104/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 17 avqust 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Göründüyü kimi cavabdehin qazancı 1341,14 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, alimentin artırılaraq cavabdehin qazancının ¼ hissəsi məbləğdə müəyyən edilməsi məqsədə müvafiqdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli 17 avqust 2010cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(075)-1104/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. 17 avqust 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(075)-1104/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 235 manat məbləğdən az olmamaq şərti ilə, Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar