Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-685/2022 12.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir uşağın yetkinlik yaşınadək saxlanması üçün alimentin 110 (bir yüz on) manat məbləğin artırılaraq 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment təyin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək bildirdi ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah məhkəmə qaydasında pozulmuş, Şəki Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(075)-6435/2017 saylı qətnaməsinə əsasən 30 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 110 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamə qəbul olunandan sonra yaşayış minimum məbləği artmışdır. Bundan əlavə bazar qiymətləri də artmış və nəticədə həmin məbləğ uşağın tələbatının ödənilməsi üçün həddindən artıq azdır. Uşaq günü-gündən böyüyür və belə olan halda xərcləri də artır. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, uşağın saxlanılması üçün aliment ödəməkdən imtina etmir. Lakin özü yenidən ailə qurmuşdur. Bu nikahdan da bir övladı var. Rəsmi olaraq heç yerdə işləmir. Sabit gəliri yoxdur. Ona görə də ən çoxu ayda 120 manat aliment ödəyə bilər. Bundan başqa əgər iddiaçı uşağa baxa bilmirsə, uşağı onun himayəsinə versin. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsininvə cavabdehin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 30 sentyabr 2012-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(075)-6435/2017 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan uşaqlaı 30 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 110 manat aliment təyin edilmişdir. İddiaçı həmin aliment məbləği ilə X1 tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşağrın tələbatlarının artmasını ilə əsaslandırmışdır. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə 120 manat aliment ödəyə bilmək imkanı olduğunu bildirir. Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(075)-6435/2017 saylı qətnaməsindən görünür ki, 30 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 110 manat alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(075)-6435/2017 saylı qətnaməsindən görünür ki, 30 sentyabr 2012-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. 03 noyabr 2021-ci il tarixli, 2021-005138 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(075)-6435/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 30 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 30 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(075)-6435/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 39.20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 39.20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-685/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-685/2022
12.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver