Məhkəmə qərarları › İş №e-2(075)-693/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-693/2023

11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-693/2023 11.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 birgə nikahlarından dünyaya gəlmiş 08 sentyabr 2017-ci il təvəllüdlü X1 üçün aliment məbləğini artıraraq hər ay 300 manat (üç yüz) manat aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 875/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən Cavabdeh ilə 27 sentyabr 2016-cı il tarixdə Şəki şəhər İHB-nin Şorsu kənd İƏD üzrə nümayəndəliyində bağlanmış 10 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşağı 08 sentyabr 2017-ci il təvəllüdlü X7 onun himayəsində saxlanılmışdır. Sonradan Şəki Rayon Məhkəməsinin 2(075)-876/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 08 sentyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat aliment Cavabdeh tutularaq verilməsi barədə qətnamə çıxarılmışdır. O, Mediasiya prosesində iştirak etmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Bir uşaq üçün 150,00 manat aliment məbləği indiki zamana görə çox azdır, uşaqlara baxmaq üçün kifayət etmir. uşağın qayğısına qalmaqda çətinlik çəkir. Günü-gündən övladının təlabatı artır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, ona pal-paltar alınmalı, təhsili və uşağın dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Özü də heç yerdə işləmir və heç yerdən də qazancı yoxdur. İstəyir ki, uşağı yaxşı oxusun, keyfiyyətli təhsil alsın. Uşağın qayğısına qalmaq, təlim-tərbiyəsi ilə məşğul olmaq, uşağa baxmaq valideynlərin borcudur. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan “aliment məbləğinin artırılması” ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X6 məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(075)-876/2021 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahdan anadan olan uşaqları 08 sentyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay sabit pul məbləğində 150 manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 08 sentyabr 2017-ci il təvəllüdlü X5 atası X6, anası isə İddiaçıdır. 24 fevral 2023-cü il tarixli, 2022-008749 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh X6 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(075)-876/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 08 sentyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 08 sentyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay sabit pul məbləğində 170 (bir yü) manat aliment tutularaq X3 ödənilməli, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən cavabdeh X2 40.40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. X2 08 sentyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. X2 40.40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar