Məhkəmə qərarları › İş №e-2(075)-763/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-763/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-763/2022 19.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 oğlunun iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.09.2019-cu il tarixli İK № Özəl (1) 893/f-19-10 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 “Bank”a olan 1 360.28 AZN (min üç yüz altmış manat 28 qəp.) əsas, 315.06 AZN (üç yüz on beş manat altı qəp.) faiz, 604.53 AZN (altı yüz dörd manat 53 qəp.) cərimə borcu olmaqla, cəmi 2279.87 AZN (iki min iki yüz yetmiş doqquz manat 87 qəp.) məbləğində borcun və tərəflərindən ödənilmiş 42.80 AZN məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh1, zaminlər – Cavabdeh2) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli, İK № Özəl (1) 893/f-19-10 saylı kredit müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 23% olmaqla 4000.00 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə həmin tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh2 Cavabdeh1 bank qarşısında 04 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Hazırda cavabdehlər “Ödəniş cədvəli”nə əsasən ödəməli olduqları kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmirlər. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada iş materiallarına əlavə edilmiş: 04 sentyabr 2019-cu il tarixli, İK № Özəl (1) 893/f-19-10 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında İddiaçı ASC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 23% olmaqla 24 ay müddətində qaytarılmaq şərti ilə cəmi 4000.00 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısında 04 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Ödəniş qrafikindən görünür ki, Cavabdeh1 götürdüyü 4000.00 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli, İK № Özəl (1) 893/f-19-10 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 kredit verilmiş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 04 sentyabr 2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq onlar müqavilə öhdəliklərinə əməl etməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı ASC-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 604.53 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1360.28 manat əsas, 315.06 manat faiz və 50.00 manat cərimə borcu olmaqla, ümumilikdə 1725.34 manat məbləğində borc müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 42.80 manat dövlət rüsumunun 10.30 manatı iddiaçının özünə aid edilməklə 32.50 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1360.28 manat əsas, 315.06 manat faiz və 50.00 manat cərimə borcu olmaqla, ümumilikdə 1725.34 manat məbləğində borc müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş 42.80 manat dövlət rüsumunun 10.30 manatı iddiaçının özünə aid edilməklə 32.50 manatı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar