Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-764/2022 05.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 10.02.2020-ci il tarixli İK № Özəl (0.5) 123/f20-10 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 “Bank”a olan 1256,57 AZN (min iki yüz əlli altı) manat 57 qəpik əsas, 355,35 AZN (üç yüz əlli beş) manat 35 qəpik faiz, 674,87 AZN (altı yüz yetmiş dörd) manat 87 qəpik cərimə borcu olmaqla, cəmi 2286,79 AZN (iki min iki yüz səksən altı) manat 79 qəpik məbləğində borcun və ödənilmiş 42,87 AZN məbləğində dövlət rüsumunun cavabdeh borclu Cavabdeh1 və zamin Cavabdeh2 birgə qayda da tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 10.02.2020-ci il tarixli İK № Özəl (0.5) 123/f-20-10 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 23.5% olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 2000 AZN (iki min) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 (borcalan) öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 10.02.2020-ci il tarixli İK № Özəl (0.5) 123/f-20-10 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. 27.01.2022-ci il tarixinə Cavabdeh1 Banka 1256,57 AZN (min iki yüz əlli altı) manat 57 qəpik əsas, 355,35 AZN (üç yüz əlli beş) manat 35 qəpik faiz, 674,87 AZN (altı yüz yetmiş dörd) manat 87 qəpik cərimə borcu olmaqla, cəmi 2286,79 AZN (iki min iki yüz səksən altı) manat 79 qəpik kredit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 10.02.2020-ci il tarixli İK № Özəl (0.5) 123/f-20-10 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 48% olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları vardır. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhtəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4-cü bəndə əsasən borcalanın bank qarşısında öhtəliklərini icra etməməsi və ya lazımınca icta etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 674,87 AZN məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1256,57 AZN (min iki yüz əlli altı) manat 57 qəpik əsas, 355,35 (üç yüz əlli beş) manat 35 qəpik faiz, 100 AZN (bir yüz) manat cərimə borcu və 42,87 AZN məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1256,57 AZN (min iki yüz əlli altı) manat 57 qəpik əsas, 355,35 (üç yüz əlli beş) manat 35 qəpik faiz, 100 (bir yüz) manat cərimə borcu və 42,87 AZN məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-764/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-764/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver