Məhkəmə qərarları › İş №e-2(075)-765/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-765/2024

10.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-765/2024 10.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ə Cavabdeh ondan nağd olaraq, əl-bə-əl götürdüyü 3800 manat puldan, qalıq olaraq geri qaytarmadığı 2000 (iki min) manatın və dövlət rüsumu olaraq ödənilmiş 50 manatın alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq ünvan 1ə Cavabdeh ondan nağd olaraq, əlbə-əl götürdüyü 3800 manat puldan, qalıq olaraq geri qaytarmadığı 2000 (iki min) manatın, dövlət rüsumu olaraq ödənilmiş 50 manatın və vurduğu mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat olmaqla, ümumilikdə 4050 (dörd min əlli) manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, çoxdan tanıdığı, ünvan 1ə cavabdeh, Cavabdeh xahişi ilə, xx.xx.2023-cü il tarixində, Azərbaycan Beynəlxalq Bankının Şəki filialından 3800 manat kredit götürərək ona borc olaraq vermişdir. Belə ki, cavabdeh onun çoxdankı tanışı olmağı və təcili ona pul lazım olması ilə, ona müraciət etmiş və bu işdə yardım etməyini xahiş etmişdir. O da öz növbəsində, əlində nağd pulun olmaması ilə, ancaq bankdan kredit götürmək yolu ilə, ona yardım edə biləcəyini söyləmişdir. Kredit götürüləcəyi təqdirdə hər ay, bankın pulunun faizləri ilə birgə geri qaytarılmalı olması haqqında onu məlumatlandırmışdır. Cavabdeh onunla razılaşmış və hər ay bankın ödəniş cədvəlinə uyğun pulun geri qaytarılmasına söz vermişdir. Beləliklə, o, bankdan 3800 manat krediti götürüb, Cavabdeh verdikdən sonra o, bir müddət bankın aylıq ödənişlərini etmiş, daha sonra isə ödənişləri etməkdən imtina etmişdir. Hesab edir ki, iş üzrə Cavabdeh ondan aldığı 3800 manat borcun qalan 2000 (iki min) manatını qaytarmaq istəmir. Belə ki, son vaxtlar artıq nəinki görüş, heç telefon zənglərinə də, düz-əməlli cavab da vermir və yaxud cavab vermək istəməməklə dialoqdan qaçır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, əvvəllər cavabdehlə münasibətləri yaxın olmuşdur. Cavabdeh pula ehtiyacının olmasını bildirmiş, onun əlində nağd pulu olmadığı üçün bankdan kredit götürərək cavabdehə vermişdir. Cavabdeh öz növbəsində banka olan borcu ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, borcu vaxtlı-vaxtında ödəməmişdir. O, özü bankın pulunu çətinlik çəkməklə ödəmişdir. Cavabdehin hərəkətləri səbəbli maddi çətinlik çəkmişdir. Artıq pulu tam olaraq ödəmişdir. Cavabdehin hərəkətləri nəticəsində həmçinin mənəvi ziyan da çəkmişdir. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Cavabdeh tərəfindən yazılmış əlyazmada qeyd edilmişdir ki, İddiaçı olan 2000 manat borcunu xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Banka olan 2000 manat borcunu həmin vaxta kimi İddiaçı ödəyəcəkdir. - xx.xx.2024-cü il tarixli, 30989 saylı qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan borc pul istəmiş, iddiaçının nağd pulu olmadığı üçün bankdan öz adına kredit götürüb cavabdehə pul vermişdir. Cavabdeh bankın pulu vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürsə də, üzrəinə götürdüyü öhdəlikləri icra etməyərək bankın pulunu qaytarmamışdır. Eyni zamanda cavabdeh ödənilməmiş 2000 manat məbləğdə borcunu xx.xx.2024-cü il tarixədək qaytaracağına dair öz əl yazması ilə qəbz yazsa da, icra etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh 2000 manat məbləğdə pul vəsaitini iddiaçıya ödəməməklə əsassız olaraq varlanmışdır. Məhkəmə iddianın mənəvi zərərə aid hissəsini əsassız hesab edir. Belə ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində fiziki və mənəvi sarsıntılar keçirməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini həmin hissədə əsassız hesab edir. Beləliklə, işin hallarını və qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 40 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat və 40 (qırx manat) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar