Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-77/2025 14.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Bank ASC-nin Cavabdeh qarşı “əldən çıxmış faydanın geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Bank ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli, **********12 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinə qədər isə illik 21 % (iyirmi bir faiz) dərəcəsi ilə hesablanmış, cəmi 1289,40 (bir min iki yüz səksən doqquz manat 40 qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli **********12 №-li kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 36 ay müddətinə, illik 24 % ödəməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə X2 arasında 14 dekabr 2012-ci il tarixli 192001/0070/12/15 №-li zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı Kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün borc məbləğinin birgə qaydada borc alandan və zamindən tutulması haqqında iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2015-ci il tarixli, 2(075)-1488/2015 №-li qətnaməsi ilə bankın iddiası qismən təmin edilmişdir. Belə ki, qətnamə ilə xx.xx.2012-ci il tarixli, **********12 №-li kredit müqaviləsi üzrə 2804,56 manat məbləğində əsas borcun, 424,08 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2015-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğində illik 15% dərəcəsi ilə hesablanmış 57,24 manat məbləğində cərimə faizləri olmaqla, cəmi 3285,88 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh və X1 müştərək qaydada alınaraq iddiaçı ASC "xxxx" bankına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəki İcra və Probasiya Şöbəsinə göndərilmiş və həyata keçirilmiş icra tədbirləri nəticəsində qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh bank qarşısında kredit öhdəliklərini tam icra etmədiyi üçün kredit müqaviləsi qüvvədə qalmışdır. Belə ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. Qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın tələblərinə müvafiq olaraq hesabladığı və rüblük olaraq Mərkəzi Bankın rəsmi internet saytında dərc etdiyi istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixdək illik faiz dərəcəsi 21% təşkil edir. Borcalan tərəfindən vaxtı keçmiş əsas borc məbləği tam şəkildə xx.xx.2022-ci il tarixdə qaytarıldığı üçün bank Mərkəzi Bankın xx.xx.2022-ci il tarixədək olan istehlak kreditləri üzrə orta faiz dərəcəsinə dair məlumatı əsas götürmüşdür. xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə əldən çıxmış faydanın hesablanmasında isə digər əsaslardan çıxış edərək daha böyük məbləğdə tələb etmədiyinə görə Bank Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək illik 5% (beş faiz) dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Bank xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər əldən çıxmış faydanın hesablanmasında Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faiz dərəcəsini (illik 5 %) və müvafiq arayışlarda göstərilmiş orta faiz dərəcəsini (illik 21 %) əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra xx.xx.2015-ci il tarixdən vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixədək (xx.xx.2022-ci il) olan dövr üçün bu məbləğ 1289,40 (bir min iki yüz səksən doqquz manat 40 qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğuna görə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubunun təqdim edilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı "xxxx" Bank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, **********12 №-li kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 36 ay müddətinə illik 24% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. - Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən götürdüyü 5000 manat məbləğdə krediti ona hesablanmış faizləri ilə birlikdə 36 ay müddətinə qaytarmalı olmuşdur. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı 1835,15 manat cərimə faizi, 3624,61 manat adi faiz borcunun 5 iş günü ərzində geri ödənilməsini xahiş etmiş, əks təqdirdə müvafiq tədbirlər görüləcəyi bildirmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(075)-1488/2015 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 2804,56 manat məbləğində əsas borc, 424,08 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 30 mart 2015-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 57,24 manat məbləğində cərimə faizləri olmaqla, cəmi 3285,88 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Bank ASC-nin xeyrinə verilməsi qət edilmişdir. - "xxxx" Bank ASC-nin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, məhkəməyə təqdim olunan maliyyə arayışından da göründüyü kimi əldən çıxmış fayda (zərər) üzrə qalıq borc məbləği 1289,40 AZN təşkil edir. Bu zaman əldən çıxmış fayda xx.xx.2015-ci il tarixindən xx.xx.2019-cu il tarixinə qədər illik 5% dərəcəsi ilə, xx.xx.2019cu il tarixindən xx.xx.2022-ci il tarixinə qədər isə illik 21% dərəcəsi ilə hesablanmışdır. Əgər əldən çıxmış fayda (zərər) xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər illik 5% dərəcəsi ilə hesablanarsa, bu zaman zərər üzrə qalıq borc məbləği 654,48 AZN təşkil edəcəkdir. - xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün 33 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin bankın cavabdehdən xx.xx.2012-ci il tarixli, **********12 №-li Kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzinin tələb edilməsi hissəsində əsaslı hesab edir. Məhkəmə iddia tələbini xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək illik 21 % (iyirmi bir faiz) dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzinin Cavabdeh tutulması hissəsini qismən əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Həmin Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu həmçinin bu nəticəyə gəlmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən təqdim edilən arayışdan göründüyü kimi əldən çıxmış fayda xx.xx.2015ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər illik 5% dərəcəsi ilə hesablanarsa, bu zaman zərər üzrə qalıq borc məbləği 654,48 AZN təşkil edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, **********12 №-li Kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 654,48 (altı yüz əlli dörd manat, qırx səkkiz qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi tutularaq iddiaçı "xxxx" Bank ASC-yə ödənilməlidir. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il tarixli, **********12 №-li Kredit müqaviləsi üzrə xx.xx.2015ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 654,48 (altı yüz əlli dörd manat, qırx səkkiz qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Bank ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin ediməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-77/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-77/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver