Məhkəmə qərarları › İş №e-2(075)-784/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-784/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-784/2025 30.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1900 (bir min doqquz yüz) manat məbləğində pulun, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat pulun və ödənilmiş 42 (qırx iki) manat məbləğindəki Dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə aralarında olan razılşamaya əsasən onun tütün sahələrinə günəmuz işləmək üçün 2024-cü ilin may ayından avqust ayının ortalarına kimi fəhlə qadınlar aparmış və həmin sahədə işlətmişdir. İş haqqlarını cavabdeh müxtəlif vaxtlarda hissə-hissə ödəsə də və yekunda 1900 manat ödənilməmiş əmək haqqları qalmışdır. Dəfələrlə pulun ödənilməsini tələb etsə də nəticəsiz qalmış və yekunda sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin ona 1900 manat borcu qalmışdır. Dəfələrlə həmin şəxsə pulun ödənilməsini xahiş etsə də müxtəlif bəhanələrlə yayınmışdır. Bununla bağlı olaraq Prokurorluq və polis orqanlarına müraciət etmişdir. Lakin həmin şəxs yenə də pulu ödəməkdən yayınmış, bir neçə dəfə yalançı şahid gətirərək pulun ödənildiyini sübut etməyə çalışmışdır. O, Şəki ŞRPŞ-nin İstintaq bölməsində izahat verərək sonuncu 1600 manat ödənişin Baş Göynük kənd ərazisində yerləşən Ələfsər Hüseynəliyevə məxsus mağazada işləyən Namiq Hüseynəliyevə verdiyini və onun da həmin mağazadan pulu götürdüyünü və bununla da borcun qalmadığını bildirsə də Namiq ona nə qədər pul verildiyini və pulun ondan kimin gəlib götürdüyünü xatırlamadığını bildirmişdir. Cavabdeh tərəfindən ona 500 manat, 200 manat, 700 manat, 1600 manat və 1150 manat, cəmi 4150 manat pul verilmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 da iddiaçının təqdim etdiyi sübutları və cavabdehin qismən etirafedici ifadəsinin nəzərə alınaraq tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, tütünçülüklə məşğul olur. İşləmək üçün fəhlə qadınların gətirilib-aparılması üçün iddiaçı ilə razılaşmışdır. Onlar işləri daynadıran zaman müəyyən məbləğ borcu qalmış və həmin pulu da hissə-hissə ödəmişdir. Sonuncu 1600 manat ödənişi isə mağazada işləyən Namiq Hüseynəliyevə vermişdir ki, iddiaçı ondan götürsün. İdiaçı da oradan götürmüşdür. Hətta həmin pulu verdikdən sonra yolda iddiaçıdan pulu götürüb-götürmədiyini soruşmuş, iddiaçı da götürdüyünü bildirmişdir. Ümumilikdə 5820 manat pul vermişdir. Ona borcu qalmadığı üçün iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2n iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki ŞRPŞ-nın İB-nin müstəntiqi X1 qəbul etdiyi “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, tərəflər arasında olan mübahisə üzrə cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. - Cavabdeh Şəki ŞRPŞ-nə verdiyi izahatının surətindən görünür ki, 2024-cü ilin avqust ayının sonunda iddiaçıya çatdırılması üçün 1600 manat pulu Səmayıl Mahmudovun mağazasına qoymuş, 2024-cü ilin oktyabr ayının sonlarında mağazada işləyən Namiq Hüseynəliyevə 1600 manat pul vermişdir. Ümumilikdə İddiaçı 5820 manat vermişdir. - Şəki Regionla Vəkil bürosunun xx.xx.2025-ci il tarixli 29 nömrəli arayışdan görünür ki, İddiaçı Vəkil1 ilə bağladığı xx.xx.2025-ci il tarixli EQ-711VK-0925/25 saylı “hüquqi yardım göstərilməsi” ilə bağlı müqavilə üzrə büronun bank hesabına 300 manat ödəniş etmişdir. - ********** saylı qəbzə əsasən iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün 42 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia tələbi üzrə iddiaçı iddia tələbini belə əsaslandırır ki, razılşamaya əsasən cavabdehin tütün sahələrinə günəmuz işləmək üçün 2024-cü ilin may ayından avqust ayının ortalarına kimi fəhlə qadınlar aparmış və həmin sahədə işlətmişdir. İş haqqlarını cavabdeh müxtəlif vaxtalarda hissə-hissə ödəsə də, yekunda 1900 manat ödənilməmiş əmək haqqları qalmışdır. Bununla bağlı iddiaçı tərəf cavabdehlə aralarında olan danışıq səslərini, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı və işlədiyi zamanın haqq-hesab dəftərini təqdim etmişdir. İddiaçı cavabdehdən qəbul etdiyi ödənişlərin cəmi 4150 manat olduğunu bildirir. Cavabdeh tərəf ümumilikdə iddiaçıya 5820 manat pul verdiyini, ona hər hansı borcunun qalmadığını bildirmişdir. İddiaçının istinad etdiyi hallara əsasən tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı gündəlik işləmək üçün adamlar aparmışdır. Bu hallara əsasən iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 777.1 və 783.2-ci maddələri təşkil edir. Həmin maddənin tələblərinə görə Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Müqavilə tələblərinə iddiaçı tərəfindən tam əməl olunması mübahisəsizdir. Cavabdeh tərəf görülmüş işlər üzrə 5820 manat borcunu tam ödədiyini bildirir. Bunu həm müstəntiqə verdiyi yazılı izahatında, həmdə şifahi məhkəmə baxışında etiraf edir. Qeyd edilən məbləğin tam qaytarılması üzrə cavabdeh tərəf sübut təqdim edə bilməmişdir. İddiaçı tərəf isə 4150 manat ödəniş qəbul etdiyini etiraf edir. Belə olan halda iddia tələbi üzrə 1670 manat pul iş üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının əqdim etdiyi səs yazıları cavabdehin nümayəndəsi (vəkili) tərəfindən qəbul edilməmiş, iddiaçı tərəfindən təqdim olunan qeyd təftəri isə birtərəfli qaydada tərtib edildiyindən məhkəmə tərəfindən sübut qismində qəbul edilməmişdir. Eyni zamanda məhkəmə, hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 36,7 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, MPM-in 121.1-ci maddəsinə əsasən iddia tələbi üzrə iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilən 300 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1670 (min altı yüz yetmiş) manat pul, 36,70 (otuz altı manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 300 (üç yüz) manat hüquqi yardım xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar