Məhkəmə qərarları › İş №e-2(075)-85/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-85/2025

26.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-85/2025 26.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı1, Cavabdeh oğlunun iştirakı ilə İddiaçı1 Qazimahama qızının Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı1 Qazimahama qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, İddiaçı1 Qazimahama qızına oğurladığı 25000 (iyirmi beş min) manatın qaytarılması, iş üzrə İddiaçı2 evinin inşası üçün ödəmədiyi 30000 (otuz min) manat əmək haqqının ödənilməsi, iddiaçılar İddiaçı1 Qazimahama qızı və X2 aid fotoşəkillərin sosial şəbəkələrdə icazəsiz paylaşılmasına, onların barəsində həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə, hər birinə 3000 (üç min) manat olmaqla ümumilikdə 6000 (altı min) manat təzminatın, iş üzrə iddiaçılar İddiaçı1 Qazimahama qızına və X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 Qazimahama qızı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçısı olduğu 2(075)-1739/2024 saylı mülki iş üzrə iddia tələbini dəqiqləşdirərək, iş üzrə Cavabdeh, İddiaçı1 Qazimahama qızından oğurladığı 25000 (iyirmi beş min) manatın qaytarması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Qazimahama qızı ilə Şəki "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixində bağlanmış icarə müqaviləsi əsasında, axırıncıya məxsus Şəki şəhəri, S.Rəhman və M.Müşfiq küçələri-nin kəsişmə nöqtəsində yerləşən 53 kv.m qeyri-yaşayış sahəsi (mağaza) onun icarəsinə verilmiş və İddiaçı1 Qazimahama qızı həmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti (bijuteriya mallarının alışı-satışı, VÖEN: **********) ilə məşğul olmuşdur. Fəaliyyət dövründə İddiaçı1 Qazimahama qızı ilə birgə, iş üzrə cavabdeh, ünvan 1 ünvanında qeydiyyatda olan, Balakən rayonu, Qabaqçöl qəsəbəsi, Xalatala kəndində doğulmuş, 1985-ci il təvəllüdlü Cavabdeh da işçi kimi çalışmışdır. Qeyd edilən qeyri-yaşayış sahəsində İddiaçı1 Qazimahama qızının fiziki fəaliyyəti 2023-cü ilin iyul ayına qədər davam etmiş və o, sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə, daha başqa bir qeyri-yaşayış sahəsini icarəyə götürməklə, adı yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsini, iş üzrə Cavabdeh tapşırmışdır. İş üzrə İddiaçı1 Qazimahama qızı başqa mağazada işə başlayan andan, Cavabdeh oğurluğa başlamış və axırıncı mühasibatlıq yoxlamasında onun mağazada (iddiaçıya) 25000 (iyirmi beş min) manat borcunun olması ortaya çıxmışdır. İş üzrə İddiaçı1 Qazimahama qızı, iş üzrə Cavabdeh işlədiyi mağaza üzrə haqq-hesab tələb etdiyində, Cavabdeh iş üzrə İddiaçı1 Qazimahama qızının və övladı X1 fotoşəkillərini sosial şəbəkələrdə yaymaqla və bu foto şəkillərin altında nalayiq ifadələr işlətməklə onlara böhtan atmış və onları biabır etmək hədəsi ilə təhqir etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərmiş və ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı1 iddia ərizəsində göstərmişdir ki, o, Şəki şəhərində yerləşən "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlamaqla Şəki şəhəri, S.Rəhman və M.Müşviq küçəsinin kəsişmə nöqtəsində yerləşən 53 kv.m qeyri-yaşayış sahəsini (mağaza) icarəyə almış və həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Onun VÖEN-i də ********** olmuşdur. Bildirmək istəyir ki, əgər iddiaçı həmin sahənin həqiqətən de yure olduğu kimi də de facto icarəyə almışdırsa məhkəməyə icarə haqqının ödənilməsini təsdiq edən bank köçürmələrini təqdim etməli idi. Lakin formal fəaliyyət göstərdiyi üçün təqdim edə bilməmişlər. İddiaçı bildirir ki, guya o, X3 onun işçisi olmuşdur. Lakin, bunu təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, əgər iddiaçı iddia edirsə ki, o, onun işçisi olmuş, deməli aralarında əmək müqaviləsi olmalı idi, əmək müqaviləsi olmadan, yəni qeyri-rəsmi işçini işə cəlb etmək isə aşağıda qeyd etdiyi məsuliyyətlərə səbəb olur. Məhkəmənin bir daha diqqətinə çatdırır ki, o, iddiaçının işçisi olmamışdır, o, Şəki şəhərində yerləşən "xxxx" MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi işləmiş və bunu sübut edəcək “Əmək Müqaviləsinə xitam verilməsinə dair Bildiriş”i və həmin Cəmiyyətin arayışını etiraza qoşma edərək məhkəməyə təqdim etmişdir. İddiaçı guya o, onun “işçisi” olduğu dövrdə mağazadan oğurluq etməyini və bunu da mühasibatlıq yoxlamasında aşkar etdiyini bildirmişdir. Əvvəla bildirmək istəyir ki, əgər yoxlama olunubsa onun aktı olmalıdır, əgər fiziki və ya hüquqi şəxs belə bir faktı aşkar edirsə o, dəymiş zərərin müəyyən edilməsi üçün kənar audit dəvət etməli və araşdırma apardıqdan sonra rəyə əsasən dəymiş zərəri tələb edə bilər. Bundan əlavə də bildirmək istəyir ki, əgər işçi və ya işəgötürən arasında əmək münasibətləri zəminində yaranmış mübahisələri həll etməkdən söhbət gedirsə bunun üçün qanunvericiliklə müəyyən edilmiş ziyan aşkar edildiyi gündən bir il müddətinə işəgötürən, yəni iddiaçı ilk əvvəl məcburi mediasiya prosesindən keçməli, barışıq sazişin imzalanması mümkün olmadığı təqdirdə məhkəməyə mürciət edə bilərdi. Digər məsələ də, əgər iddiaçının dediyi kimi işçi ona 25000 manat məbləğində ziyan dəymişdirsə, bu əməl Cinayət Məcəlləsinin 179-cu maddəsinin (mənimsəmə-israf etmə) təsir dairəsinə düşür. Əgər elə bir fakt aşkar edilmiş olsaydı iddiaçı bununla bağlı aidiyyəti üzrə Prokurorluğa şikayət edə bilərdi. Bütün bunlardan sonra bildirmək istəyir ki, iddiaçının iddiasına görə onun işçisi olmağı yalandır, heç bir mötəbər sübut olmadan yalnız fərziyələrə əsaslanaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı bunu heç bir sübutla təsdiq edə bilməz, çünki əksini təsdiq edəcək sübutları etiraza əlavə edir. Yuxarıda qeyd etdiklərinə əsaslanaraq iddiaçının iddiasını əsassız hesab etməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini ondan xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı1 Qazimahama qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi: - 10 iyul 2024-cü il tarixli, 14 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-nin idarə qulluqçusu, surətlərin çıxarılması, ofis qulluqçusu kimi fəaliyyət göstərmişdir. Cavabdeh işlədiyi müddət ərzində hesablanmış aylıq əmək haqqı fondu işə qəbul olanda 250 manat, işdən azad olan vaxtı isə 345 manat təşkil etmişdir. - xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh əmək müqaviləsinə xx.xx.2023cü il tarixdən ƏM-nin 68.2.a bəndinə əsasən işdən azad edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçı cavabdehin ondan oğurladığı 25000 manat pulu tələb etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün iddia ərizəsindən başqa, əlavə heç bir mötəbər mənbədən əldə edilmiş sübut təqdim etməmişdir. Cavabdeh tərəf isə iddiaçının bildirdiklərini təkzib etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbində göstərilən xüsusatlar məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmadığından, iddiaçının tələbi əsaslı sayıla bilməz. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 Qazimahama qızının Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Nəticə hissəsi: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı1 Qazimahama qızının Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar